
"İstənilən sözü demək və yazmaq, hər şeyi həll etmir. KİV-lərin informasiya əldə etməsi, qanunvericiliklə tənzimlənməsinə və senzuranın aradan götürülməsinə baxmayaraq, hələ də müəyyən problemlər qalıb". Bu fikirləri "KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji istiqamətləri" mövzusunda keçirilən dəyirmi masada Söz Azadlığının Müdafiə Fondunun (SAMF) sədri, şair Musa Yaqub səsləndirib.
Musa Yaquba görə, zərurətdən yaranan mətbuat xidmətləri yalnız telefon zənginə cavab verməklə işlərini bitmiş hesab edirlər: "Amma onların işi yalnız telefona cavab vermək deyil, həmçinin KİV-ləri lazımi adamlarla görüşdürməkdir", - deyən Fondun sədri bildirib ki, bəzi mətbuat xidmətləri jurnalistlərin zənginə belə cavab vermirlər.
SAMF-ın icraçı direktoru Vüqar Tofiqli mətbuat xidmətləri və KİV münasibətlərinin hamını maraqlandıran məsələ olduğunu deyərək, bu gün formalaşan media və mətbuat xidmətlərinin, 10 il bundan öncəki mətbuat xidmətlərindən fərqləndiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət strukturlarında çalışan mətbuat xidmətləri rəhbərlərinin 60-70 faizi media sahəsində çalışmış, medianı dərindən bilən şəxslərdir. O, eyni zamanda bəzi mətbuat xidmətlərinin KİV-lər arasında yol verdiyi ayrı-seçkilik hallarından da danışıb: "Bəzən müəyyən ayrı-seçkilik halları da olur ki, hansısa mətbuat xidməti bir neçə qəzet və agentliyə məlumat ötürməklə öz işini bitmiş hesab edir. Bu səbəbdən də yazılı mətbuat informasiyanı almaqda müəyyən çətinliklərlə üzləşir".
Uzun müddət KİV-lərdə çalışdığını deyən SAMF-ın layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyevin sözlərinə görə, jurnalistlərlə mətbuat xidmətləri arasındakı problemlər informasiya əldə etmək zamanı meydana çıxır. "KİV və mətbuat xidmətləri arasında problemlər bəzi mətbuat xidmətlərində çalışanların KİV-lərdə çalışmamış şəxslər olduğundan yaranır. İstər-istəməz burada peşəkarlıq problemi yaranacaq. Mətbuat xidməti əgər jurnalistikadan bixəbərdirsə, o heç vaxt mətbuatla əlaqə qurmaqda maraqlı olmayacaq. Yalnız öz rəhbərinin sərəncamlarını, tapşırıqlarını yerinə yetirməklə məşğul olacaq".
Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli də KİV və mətbuat xidmətləri arasındakı problemlərin mövcud olduğunu deyərək bu problemləri jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olmasıyla əlaqələndirir. Onun fikrincə, sənaye və enerjetika kompleksinə dair araşdırmanın aparılmasını, məlumatın alınmasını redaktorlar bu sahədə anlayışı olmayan adamlara tapşırır ki, bu da müəyyən problemlər doğurur.
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bu vəzifəyə mətbuatdan gəldiyini deyərək bildirib ki, mediada çalışdığından həmkarlarının istəklərindən xəbərdardır.
"Akkord" şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva da mətbuat xidməti rəhbəri vəzifəsinə mətbuatdan gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mətbuat xidmətinində çalışan mətbuatdan, jurnalistikadan bixəbər adam olmamalıdır: "Mətbuat xidmətinə təsadüfi adamların cəlb edilməsi düzgün deyil. Jurnalistikanı bilməyən, mətbuatda çalışmayan bir insan mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmamalıdır. Çünki təsadüfi vəzifəyə təyin olunan şəxs jurnalistlərin nə istədiklərini, hansı çətinliklərlə üzləşdiklərindən xəbərsizdir".