Ermənistan növbəti dəfə beynəlxalq öhdəlikləri pozub
12:28 01-09-10
Ermənistanın növbəti dəfə beynəlxalq öhdəlikləri pozduğu məlum olub. Belə ki, BMT-nin rəsmi saytında 2009-cu ildə Ermənistanın Rusiyadan atıcı silahlar aldığı göstərilsə də, rəsmi Moskvanın hesabatlarında bu silah alış-verişi öz əksini tapmayıb. Bu isə Ermənistanın real olaraq aldığı və hesabatda göstərdiyi silahlar arasında böyük fərqin olduğunu, bununla da rəsmi İrəvanın onun üçün ayrılmış silah kvotasından kənara çıxmasından xəbər verir.
BMT-nin adı silahlar registrinin məlumatına görə, 2009-cu ildə Azərbaycan və Gürcüstan əsasən Ukrayna, Rumıniya və Slovakiyadan atıcı silahlar alıb. Ötən il Ukrayna Azərbaycana 3000 avtomat satıb. Bundan başqa Azərbaycan İtaliyadan 140 karabin, Rumıniyadan bir 12,7 millimetrlik pulemyot, 639 qumbaraatan alıb.
Ermənistanın BMT-nin adi silahlar registrinə təqdim etdiyi silah alışına dair hesabatda isə göstərilir ki, bu ölkə 2009-cu ildə Rusiyadan atıcı silahlar alıb. Bunların sırasında 300 ədəd PM və PMM avtomatları, 400 ədəd "AK-105" markalı avtomat və 36 ədəd 2 "RPK-74m" pulemyotu var. Maraqlıdır ki, Rusiyanın təşkilata verdiyi siyahıda Ermənistana belə bir silahların satılması əks olunmayıb. Eyni vəziyyət 2008-ci ildə də qeydə alınıb - Ermənistan Rusiyadan silah aldığını göstərsə də, rəsmi Moskvanın hesabatında bunu əks etdirən bənd yoxdur.
Ekspertlər isə hesab edirlər ki, Ermənistanın real olaraq aldığı və hesabatda göstərdiyi silahlar arasında böyük fərq var. Misal üçün 2008-ci ildə Rusiya ilə Ermənistan arasında bağlanmış müqavilə əsasında rəsmi Moskva bu ölkəyə 800 milyon dəyərində silah-sursat göndərib və bu BMT-nin adı silahlar registrinə dair hesabatında əks olunmayıb.
Hərbi ekspert Cəsur Sümərinli Ermənistanın birinci Qarabağ müharibəsi dövründə də qeyri-qanuni şəkildə silahlandığını deyib: "2005-ci ildən sonra nizamlı olaraq bir sıra ölkələrdən, xüsusilə də Rusiya və Belarusdan silah-sursat və hərbi texnika almağa başlayıb. Alqı-satqı isə əsasən KTMT çərçivəsində həyata keçirilir. Bu təşkilat çərçivəsində isə silah bu təşkilata üzv ölkələrə güzəştli şərtlərlə verdiyindən Ermənistan bu fürsətdən yaralanır. Son ildə Ermənistan xeyli sayda ağır texnika, tank, BMP, BTR, raket qurğu kompleksləri, "S-300", "S-125" sistemləri və s. alıb. 2009-cu ildə Ermənistan Rusiyadan "T-72" tankları, BTR-lər, "S-125" sisteminin almasına dair məlumatlar var".
Digər ölkələr kimi Ermənistan və Azərbaycanın Avropada ali silahlar haqqında müqaviləyə qoşulduğunu xatırladan ekspertin sözlərinə görə, bu ölkələr cinah sazişinin üzvü olduğundan onlar üçün kvotalar müəyyənləşib.
"Tank 220 ədəd, təyyarələrin sayı 120 ədəd olmalıdır. Ermənistan isə bu kvotanı pozduğundan və sazişin tələblərinə riayət etmədiyindən də aldığı silahların dəqiq sayını təşkilata təqdim etmir. Əgər Rusiya bura yeni silah-sursat gətirirsə, bu, regionda nəzərdə tutulan kvotaya ziddir. Ermənistan gələn yeni silahlardan sonra köhnə silahların hara getməsi barədə məlumat yoxdur. 220 tank varsa, son araşdırmalar göstərir ki, Ermənistanın nəzarətində olan və işğal altındakı ərazilərdə və Gümrüdəki hərbi texnikanı sayanda, 600-dən çox olur", - deyə Cəsur Sümərinli bildirib.
Ekspertin fikrincə, Ermənistan silahlara qoyulmuş kvotaları pozduğundan Azərbaycan bu məsələ ilə bağlı ATƏT və BMT-yə müraciət etməlidir. Bundan əlavə, Ermənistanla-Rusiya arasında qeyri-qanuni silah alış-verişinin olması barədə faktlar da beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalıdır.
EKSPRESS.AZ