Edvard Nalbandyan da İrəvandakı BMT qətnaməsi qorxusundan danışdı
11:45 02-09-10
Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqlar Madrid təklifləri əsasında aparılmaqda davam edir. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib. Onun sözlərinə görə, hələ iki il əvvəl bu universitetdəki çıxışı zamanı deyibmiş ki, danışıqlar Madrid təklifləri əsasında aparılmalı və beynəlxalq hüququn üç prinsipinə əsaslanmalıdır-güc tətbiq olunmaması, xalqların öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü: "Həmin dövrdə Azərbaycan Madrid prinsiplərinin mövcudluğunu inkar edirdi".
Erməni nazir bildirib ki, ötən iki il ərzində beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri oxşar bəyanatlarla çıxış ediblər: "Almatıda verilən bəyanatda həmsədrlər təsdiqləyiblər ki, təklif olunan prinsiplər bir bütövdür. Prinsiplərdən hər hansı birinə üstünlük verilə bilməz".
Edvard Nalbandyan onu da deyib ki, Azərbaycanın BMT Baş Assambleyasına Dağlıq Qarabağla bağlı təqdim etdiyi qətnamə layihəsi danışıqlar prosesinə ciddi ziyan vura bilər. Onun sözlərinə görə, erməni tərəfi də müvafiq addımlar atır.
ekspress.az