Azərbaycanda taxtanın qiyməti 270 manatadək arta bilər
12:25 02-09-10
İlin sonuna kimi Rusiyadan Azərbaycana idxal olunan taxtanın qiymətində ciddi artım olmayacaq. Daşınmaz əmlak bazarını araşdıran ekspert Nüsrət İbrahimovun sözlərinə görə, Rusiya meşələrində baş verən yanğınlar ilkin mərəhələdə taxtanın 6-7 faiz bahalaşmasına səbəb olub. Nüsrət İbrahimov həmçinin əlavə edib ki, taxta və ondan hazırlanan materiallarda qiymət artımı yanğınlardan əvvəl başlayıb: "İyun-iyul aylarında taxtanın bir kubunun qiyməti 210-220 manat arasında dəyişib. Son günlər isə 220-225 manata qalxıb".
Bundan başqa, ekspertlərin qənaətincə, Rusiyadan taxta ixracına məhdudiyyətlər qoyulsa, qiymətlər 260-270 manata qədər qalxa bilər. Amma bahalaşma bundan artıq olmayacaq: "Bu gün taxta materiallarına olan təlabat əsasən yerinə yetirilir və bazarda toplanmış taxta və taxta məhsulları yaxın 2-3 aya kifayət edər".
Nüsrət İbrahimov hesab edir ki, Rusiyadan ixrac olunan taxtaya məhdudiyyətlər tətbiq edilsə belə, bu müddət 5-6 aydan artıq olmayacaq. Bu səbəbdən də ölkənin tikinti bazarında taxta qıtlığı gözkənilmir. Ekspertlərin fikirincə, taxtada müşahidə olunan qiymət artımı digər idxal məhsullarında müşhidə edilməyəcək.
Qeyd edək ki, hazırda ölkəmizə Rusiyadan dəmir də idxal olunur. Nüsrət İbrahimovun sözlərinə görə, enerji daşıyıcılarının qiyməti sabit olduğundan dəmir və dəmir məmulatlarının qiyməti qalxmayacaq.
EKSPRESS.AZ