Amerikanın baş hərbçisi Türkiyəyə gəlir
11:30 03-09-10
Bu gün Amerika Birləşmiş Ştatlarının Baş qərargah rəyisi Maykl Mullenin Türkiyəyə səfərə başlayır.
Türkiyə mətbuatının yazdığına görə, iki gün davam edəcək səfər zamanı əsas müzakirə mövzularından biri İraqdan çəkilən Amerika hərbçilərinin Türkiyə ərazisindən istifadə etməsi olacaq.
Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinin Baş qərargah rəyisi Maykl Mullen bu gün Ankarada Türkiyəli həmkarı İşık Koşanerlə görüşəcək.
Mullenin, Türkiyənin müdafiə naziri Vecdi Könül ilə də görüşəcəyi gözlənilir.
Türkiyənin kütləvi informasiya vasitələri yazırlar ki, danışıqlar zamanı Amerika qüvvələrinin İraqdan çəkilməsi planı diqqət mərkəzində olacaq.
Belə ki, Vaşinqton, İraqdan çıxarılan əsgər, ağır zirehli texnika və silah-sürsatın Birləşmiş Ştatlara çatdırılması üçün Türkiyə marşrutundan istifadə etmək istəyir.
Həmçinin bildirilir ki, səfər zamanı Maykl Mullenin başqa bir mühüm məsələni də gündəmə gətirməsi gözlənilir.
Vaşinqton Türkiyəyə kütləvi qırğın silahları ilə mübarizə çərçivəsində erkən xəbərdarlıq sistemi yerləşdirmək istəyir.
Birləşmiş Ştatlar bununla bağlı istəklrini daha əvvəl Türkiyəyə çatdırsalar da, Ankaranın məsələyə hələ heç bir münasibət birdirmədiyi qeyd edilir.
Ankaradakı müşahidəçilərin fikrincə, Amerika Birləşmiş Ştatlarının Baş qərargah rəyisi Türk silahlı qüvvələrinin məsələyə münasibətini öyrənməyə çalışacaq, hökümətin bu məsələ ilə bağlı hərbiyyəyə tövsiyələr verməsini istəyəcək.
Türkiyə hökümətinin isə bu çətin məsələ ilə bağlı qərarını Konstitusiyaya dəyişikliklərə dair sentyabrın 12-də keçiriləcək referendumdan sonra açıqlamaq istədiyi bildirilir.
Danışıqlar zamanı Əfqanıstan kimi qaynar bölgələrdəki vəziyyətin müzakirə edilə biləcəyi gözlənilir.
EKSPRESS.AZ