
Görmüşük, bayram günlərində camaat bir-birini təbrik edər, bir-birinə şirin sözlər deyər. Bizim qələm əhlisə elə bil bütün umu-küsülərini mətbuat gününə saxlayıblar. Durub-durub medianın bayramında bir-birini ittiham edirlər...
Mətbuatın bayramı başa çatdı, amma bayram əhval-ruhiyyəsi hələ davam edəcək. Hələ daha bir neçə gün jurnalistlər yubiley təəssüratlarını bölüşəcəklər. Di gəl, bu əziz günümüzü da dava-şavasız, kimisə nədəsə ittiham etmədən ötüşdürə bilmədik.
Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuat günündə ölkə mediasının dərd-sərindən danışdığı vaxtda, jurnalistlərdən biri ondan həbsdə olan blogerlərə münasibətini öyrənib. Gözünə döndüyüm MŞ sədri də qayıdıb ki, bəs blogerlərin jurnalist hesab olunması bəzi ölkələrdə sual doğurur. Əflatun Amaşovun söylədiklərinə heç yel dəyməmiş "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev MŞ sədrinə cavab verib. Özü də elə sərt şəkildə ki, gəl görəsən. M.Əliyev hamının blogerləri jurnalist kimi qəbul etdiyi bir vaxtda Ə.Amaşovun onlara belə münasibət bildirməsini heç anlaya bilmir. "Axı, cəmiyyət blogerləri jurnalist kimi qəbul edir. Onlar fikirlərini yaymaqla məşğuldurlar".
Daha sonra "Turan"ın direktoru MŞ haqqında indiyədək ürəyində saxladığı fikirləri açıqlayıb. Deyib ki, "Mətbuat Şurası jurnalistikanın yox, hakimiyyətin yanındadır". Üstəlik o, ölkə jurnalistlərinin bəzilərinin satıldığını da deyərək, elə MŞ-ni "satılmış mətbuatın sifəti" adlandırıb.
Bəlkə də Amaşov Əliyevin söylədiklərinə elə mətbuat günündə cavab verə bilərdi, amma o, bayram-ahval ruhiyyəsini korlamamaq üçün cavabı bir gün ləngidib. Bir az incik, bir az küskün tonda M.Əliyevə cavab verib. Təbii ki, heç kəs öz ayranına turş deməz, necə ki, Ə.Amaşov rəhbərlik etdiyi qurumun aydan arı, sudan duru olduğunu deyərək, M.Əliyevin MŞ-ni satılmışların qurumu kimi xarakterizə etməsini absurd sayıb. "Nə həmkarlıq hissidir, nə də yoldaşlıq".
Başqa vaxt olsaydı, MŞ sədri bəlkə də bu fikirlərə heç reaksiya verməzdi, amma Milli Mətbuat günündə, MŞ-nin təzə binaya köçdüyü (lap yadımdan çıxmışdı, Mətbuat Şurasının təzə binası mübarəkdir), jurnalistikanın inkişafında əzab-əziyyət çəkdiyinə görə "Əməkdar jurnalist" fəxri adı aldığı bir gündə (xeyrini görəsiniz, Amaşov) bu cür sözlərə cavab verməməyi Ə.Amaşov özünə sığışdıra bilməyib. Odur ki, o da "Turan"ın direktoruna elə onun ittihamına uyğun bir ittiham irəli sürüb: "Bu minvalla elə Mehman Əliyevin özünü də xarici qurumlara satılmaqda günahlandırmaq çətin deyil".
Nəsə, mətbuatda qarşılıqlı satqınlıq iddiasının elə mətbuat günündə səslənməsi heç yaxşı olmadı...