24 Iyul 2010-cı il N 132(3021)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Satqınlıq iddiası (269)
Dünən şeş, bu gün beş?! (261)
Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır (236)
Axundun bazlığı (230)
Məsciddə eşq macərası... (225)
Nostalji (221)
Petrik fenomeni (173)
Ulduzu barışmayacaq partiyalar (161)
Son sözü əvvəldə deyənlər (158)
Kimdir qeyri-ciddi siyasətçi? (155)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Nostalji

Rejissor Viktor Fleminqin 1939-cu ildə çəkdiyi doqquz oskarlı "Rüzgarla sovrulanlar" filminin kompakt-diskini marketdə görəndə qəribə hisslər keçirdim. Aktyor Klark Heybl və aktrisa Vivien Linin yaratdıqları obrazları xatırladım. Düşündüm ki, bu gün qonorar alsam, əlimə pul düşsə, bu filmin DVD-sini alıb baxaram. Həmən gün qonorar almadım. Haçansa, ötən əsrin səksəninci illərinin əvvəllərində bu filmə yay kinoteatrında baxmışam. Bəli, o vaxtlar yay kinoteatrları mövcud idi. Sonralar Marqaret Mitçellin qələmə aldığı romanı da oxudum.

   Ax, Marqaret Mitçell - ax, rüzgarda sovrulan qadın!

   Gəlin Marqaret Mitçelli xatırlayaq. Gələcək yazıçı 1890-cı ildə doğulub. Doğulduğu şəhər Atlanta onun sayəsində bütün dünyada tanınır. Marqaret Mitçellin bioqrafiyası romanın qəhrəmanı Skarlettin həyatına bənzəyir. Yazıçının ata tərəfi irland, ana tərəfi isə fransızdır. Babaları Amerikada vətəndaş müharibəsində iştirak ediblər. Romanda təsvir olunan hadisələr də elə Vətəndaş müharibəsi fonunda cərəyan edir. Gələcək yazıçı varlı aristokrat ailədə böyüyüb tərbiyə alıb. Uşaqlıq illərində o, anasının təkidi ilə dünya ədəbiyyatının qızıl fonduna daxil olmuş əsərləri mütaliə edərdi, amma zamanında çox dəbdə olan ucuz, bayağı məhəbbət romanlarını da acgözlüklə oxuyardı. On doqquz yaşlı gənc qız Northemptonun kollecində təhsil alırdı. Anasının ölümündən sonra təhsilini yarımçıq qoyub doğma Atlanta şəhərinə, Şaftalı küçəsindəki böyük malikanəyə - ata ocağına dönür. Gözəl, ağıllı və zəngin aristokrat qızın pərəstişkarları günü-gündən çoxalırdı. O, qəhrəmanı Skarlett Oxara kimi saysız-hesabsız pərəstişkarlarının, heyranlarının əhatəsində kübar həyatı yaşayırdı. Deyilənlərə, yazılanlara inansaq, Marqaret qırxa yaxın gənc atlantalıdan evlənmək təklifi alıbmış, O, ucaboylu, yaraşıqlı sarışın saçlı gənci - Red Apşounu seçir. Amma bu nikah xoşbəxt ailə sonluğu ilə bitmir. Qəfil başlayan odlu-alovlu, ehtiraslı məhəbbət macərasının ömrü az olur. Bu ehtiraslı məhəbbət macərası qəfil başladığı kimi qəfil də sönür. İctimai rəyə məhəl qoymayan Mar-qaret yaraşıqlı və ərköyün Red Apşoudan ayrılır. Ərindən boşanandan sonra özünü mətbuat aləmində jurnalist kimi sınamaq istəyir. O dövrdə qadın jurnalistlərtin barmaqla sayıla biləcək qədər az olduğunu nəzərə alsaq, bu sevdanın asanlıqla başa gəlmədiyini təxmin edə bilərik.

   Marqaret Mitçell "Atlanla cornel" jurnalında reportyor kimi işə başlayır. Doğrudur, jurnalın redaktoru gənc qadını işə götürməkdən məmnun deyildi - yəni reportyor peşəsi qadın işi deyil. Sonralar Mitçell bu dərginin ən yaxşı jurnalistlərindən biri olacaq.

   İyirmi dörd yaşlı jurnalist qadın ikinci dəfə ərə gedir, ailə qurur və jurnaldan ayrılıb evdar qadın olur. Ötən əsrin əvvəllərində hətta Amerikada belə ailəli qadınlar işləməzdilər, evdə oturub biş-düşlə, gündəlik ailə qayğılarıyla yaşayardılar. Con Marş Red Apşou kimi yaraşıqlı kişi deyildi, amma mehriban, qayğıkeş və ciddi adam idi.

   Jurnaldakı işindən çıxıb ikinci dəfə ailə qurandan sonra Marqaretin boş vaxtı çox olurdu, o, boş vaxtın cilovunu əlinə alır - roman yazmağa başlayır.

   "O, sevdiyi iki kişidən heç birini anlaya bilməmişdi, indi onların hər ikisini itirib" - bu cümlə ilə yazmağa başlayıb xanım Marqaret. Bu fraza romanın son bölümündə yer alıb. Son abzasdan başlayaraq yazmaq səriştəsi ona jurnalistikadan yadigar qalmışdı. Marqaret Mitçell oçerklərini bu üslubda yazardı.

   "Rüzgarla sovrulanlar" on il müddətində yazılıb, zira belə bir epik roman əlbəttə bir neçə aya ərsəyə gələ bilməzdi.

   1935-ci ilin dekabrında yazıçı romanın son variantını tamamladı. Romanın əlyazmasını nəşriyyata təqdim etdi. Bu məqamda bir faktı da qeyd etmək yerinə düşər, əlyazmada romanın adı "Sabah başqa gün olacaq" yazılmışdı. Son anda yazıçı nəşriyyatdaca romanın adını dəyişdirib, Horatsinin bir misrasından götürüb. Qəhrəmanın da adını son anda düşünüb tapıb.

   Bir ildən sonra roman işıq üzü gördü, işıq üzü görər-görməz bestseller siyahısına düşdü və uzun illər boyu bu siyahıda qaldı. Romanın satışa çıxarıldığı birinci gün əlli min nüsxə satıldı. İl ərzində roman otuz bir dəfə çap olundu, bir ildə müəllifinə üç milyon dollar gəlir gətirdi - sağ əli bizim yazıçıların başına. Az qala unutmuşdum, roman Amerikanın nüfuzlu Pulutser mükafatına layiq görülüb.

   Professional tənqidçilər isə narazılıqlarını dilə gətirdilər, onların fikrincə, roman bu böyük ödülə layiq deyil. Tənqidçilər yazırdılar ki, romanın dəyəri oxucularının sayı ilə ölçülə bilməz, oxucu kütləsinin sayı romanın bədii dəyəri kimi qələmə verilməməlidir. Məşhur fantast Herbert Uellsin "Rüzgarla sovrulanlar" romanı haqqındakı fikirləri cığal, iddialı, özlərindən müştəbeh tənqidçilərin mübahisələrinə son qoydu. H.Uells yazır: "Bu kitab bir sıra möhtərəm klassiklərdən daha yaxşı yazılıb".

   Professional tənqidçilərin, ədəbiyyatşünas alimlərin fikirlərinə nə qədər sayğı ilə yanaşsam da, yazıçının rəyi mənimçün daha önəmlidir.

   1939-cu ildə rejissor Viktor Fleminq romanı ekranlaşdıranda Red Batler obrazını tərəddüd etmədən Klark Heyblə verdi. Heybl əvvəlcə bu obrazın böyük məsuliyyət tələb etdiyini bəhanə gətirərək filmdə oynamaqdan boyun qaçırmaq istəmişdi. Amma Heybl bu rolda çəkildi və peşman olmadı, bu rol ona böyük şöhrət gətirdi.

   Skarlettin rolunda oynayacaq aktrisa isə tapılmırdı. Rejissor düz iki il belə bir aktrisa axtardı, min dörd yüz namizəd arasından Vivyen Li seçildi - Li yazıçının gəncliyinə çox bənzəyirdi. Skarlettin anasını olynayan aktrisa isə Vivyen Lidən cəmi bir yaş böyük idi.

   Yazıçının doğma şəhəri Atlantada filmin premyerası böyük uğur qazandı, bu film Oskar almış ilk rəngli film kimi də tarixə düşüb. Filmdən sonra Marqaret Mitçell daha da məşhurlaşdı. Naşirlər ondan yeni roman istəyirdilər. O isə yalnız gülümsəyirdi. Onun təbəssümündə sarkazm vardı. Bütün şirnikdirici şərtlərə rəğmən Mitçell "Rüzgarla sovrulanlar" romanının, necə deyərlər, ardını yazmadı.

   1949-cu ilin avqust axşamlarından birində, daha dəqiq tarix istəyirsinizsə, avqustun on birində Marqaret Mitçell əri Con Marş ilə evdən çıxıb kinoteatra gedirlər. Yolda bədbəxt hadisə baş verir - sərxoş taksi sürücüsü şan-şöhrəti bütün dünyaya yayılmış qırx doqquz yaşlı qadını vurur. Avqustun on altısında rüzgar Marqaret Mitçelli sovurub aparır...

   ***

   Rüzgarın sovurduğu başqa bir məşhur qadını da xatırlamaq istəyirəm. Bir zamanlar bu qadın Sovet ekranının ən parlaq ulduzu idi. Deyəsən, söhbətin kimdən gedəcəyini anladınız. Bəli, aktrisa Lyubov Orlova! Bir zamanlar bu qadın SSRİ-nin simvolu olub.

   "Sirk", "Volqa-Volqa", "Peterburq gecəsi", "Şən uşaqlar", "Elbada görüş" və başqa Sovet filmlərini yada salmağa çalışın. Bu filmlərin qəhrəmanı, baş rolların mahir ifaçısı Lyubov Orlovadır.

   Orlova qədim dvoryan nəslindəndir, onun nəsil şəcərəsi Ryurikoviçlərə qədər gedib çıxır. Amma Oktyabr inqilabından sonra o, bioqrafiyasında düzəlişlər etməyə məcbur idi. Orlovlar ailəsi Moskva ətrafında böyük malikanədə yaşayırdılar. Balaca Lyubov vokal və fortepiano dərsləri alırdı. Rəvayətə görə, balaca qızın ifasını dinləyən böyük Şalyapin özü ona xeyir-dua verib - bu qız tanınmış aktrisa olacaq, deyib. Bəlkə də doğrudan da Şalyapin belə deyib, - imanımızı yandırmayaq.

   Moskva konservatoriyasına daxil olmağa hazırlaşan Lyubov Orlova, amma sən saydığını say, gör fələk nə sayır. Bolşevik qarmaşası zamanı musiqimi yada düşərdi, hərə öz canının hayındaydı. Müflis olmuş dvoryan ailəsi acından ölməmək üçün inək saxlayır, Lyuba hər səhər ağır süd bidonlarını bazara daşıyır. Elə o zamanlarda gənc qızın musiqiçi əlləri, barmaqları kobudlaşır. Sonralar Lyuba bundan xəcalət çəkərdi.

   1919-cu ildə Orlova konservatoriyaya daxil olur, üç il konservatoriyada təhsil alandan sonra teatr məktəbinin xoreoqrafiya fakültəsinə keçir. Təhsilini başa vuran gənc aktrisa MXAT teatrında işə düzəlir və elə həmən il, yəni 1926-cı ildə yüksəkvəzifəli partiya məmuru Andrey Berezinlə evlənir. Ərə gedəndən sonra Orlova teatrdan getmədi, əksinə daha böyük bir əzmlə çalışmağa başladı, amma nədənsə aktrisanın bəxtinə həmişə epizodik rollar düşürdü. Dörd ildən sonra, artıq narkom müavini vəzifəsinə qədər yüksələn Berezin həbs edilir. Orlova həbsdə olan ərindən boşanır, bu, aktrisanı xilas edir, yoxsa o özü də həbs olunacaqdı.

   Aradan uzun illər ötüb keçəcək, artıq məşhur aktrisa olan Lyubov Orlova bir qrup sənət adamı ilə birlikdə Kremlə dəvət olunacaq. Dəvət zamanı rəhbər, yəni Stalin özü ona yaxınlaşacaq və bütün məsələlərdə şəxsən mənə müraciət edə bilərsiniz deyəcək. Orlova başqa sənət adamları kimi rəhbərdən ev, bağ, maşın istəmədi. O, ərinin sağ olub-olmadığıyla maraqlandı. Aktrisaya bildirdilər ki, Berezin sağdır, Qazaxıstanda yaşayır. Və nəzakətlə başa saldılar ki, bütün xalqların ulu rəhbərinə artıq-əskik bir söz desə, özü də keçmiş ərinin yanına göndərilə bilər... Deməli, aktrisa uzun illər boyu hər gün həbs olunmaq qorxusu ilə yaşayıb - səhnəyə çıxıb.

   Lyubov Orlova "Alyonanın məhəbbəti" və "Peterburq gecəsi" filmlərinə çəkildi. Təəssüf ki, bu filmlərdəki rolları ona uğur gətirmədi.

   Rejissor Qriqori Aleksandrov çəkəcəyi yeni musiqili komediya üçün baş rolda oynayacaq aktrisa axtarırdı, sınaq çəkilişlərinə qatılan aktrisaların heç biri rejissorun ürəyinə yatmırdı. Teatrda hansısa bir rolda Lyubov Orlovanı seyr edən Aleksandrov Anyutanın, baş rolun ifaçısını beləcə tapdı. Anyuta obrazı doğrudan da aktrisanın məşhurlaşdırdı, ona ümumxalq məhəbbəti qazandırdı, bu filmdən sonra Orlova əsl ulduz oldu, milyonlarla sovet qadınının kumirinə çevrildi.

   Lyubov Orlova ilə rejissor Qriqori Aleksandrovun ulduzları barışdı, onlar ailə həyatı qurdular. Bundan sonra Orlova ərinin bütün filmlərində baş rolda çəkildi. Müharibədən sonra çəkilmiş "Elbada görüş" filmindəki roluna görə aktrisa Stalin mükafatına təqdim olundu və o, bu mükafatı aldı.

   İndi o, xoşbəxt idi - şan-şöhrət, karyera, pul-para və ailə... Bir aktrisanın xoşbəxt olması üçün daha nə lazımmış. Amma yox, milyonlarla insanın sevimlisi uzun illər yuxusuzluqdan əzab çəkirdi. Qəfil güclü baş gicəllənmələri tuturdu. Amma onun əsas dərdi göz görə-görə qocalması idi, aktrisa qocalıqdan qorxurdu. İlk dəfə Moskvada plastik cərrahiyə əməliyyatı keçirən üç-dörd məşhur adamdan biri Lyubov Orlova olub.

   Böyrəyindəki ağrılar ucbatından xəstəxanaya yatırılan Lyubov Orlovadan xəstəliyinin diaqnozunu gizlətdilər. Aktrisaya böyrəyinizdə daş vardı, onu da çıxartdıq dedilər. Bu, müqəddəs yalan sayılmalıdır, həkimlər onda xərçəng xəstəliyi tapmışdılar.

   Aktrisanın ölümündən bir neçə il sonra rejissor Aleksandrov dünyasını dəyişdi.

   Bir zamanlar böyük bir ölkənin siması kimi məşhur olan aktrisanı qara rüzgar çəkib apardı. O, rüzgarla sovruldu. Onun gəncliyi çəkildiyi filmlərdə əbədiləşib. Bu qadın bir zamanlar SSRİ-nin simvolu olub desəm, indi gənc dostlarımız bizə inanmayacaqlar. Müğənni Alsunun "Qış yuxusu" adlı bir mahnısı var. Bu nəğmənin klipi Lyubov Orlovanın bağ evində çəkilib.

   ...Alman faşistləri Moskvaya hücum etdikləri zaman şəhər sakinlərində və əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün paytaxtın küçələrinə Lyubov Orlovanın afişaları yapışdırılmışdı. Məşhur aktrisanın Moskvanı tərk edib getməməsi sovet adamları üçün böyük mənəvi dəstək idi. Bu, kino deyil, bu, həqiqətdi.
Adil Mirseyid
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws