Keşiş Quranlardan tonqal qalayacaq
11:00 08-09-10
Amerikanın Əfqanıstandakı qüvvələrinin komandanı general Devid Petreus xəbərdarlıq edib ki, əgər Amerikadakı kilsə Quranın nüsxələrini yandırmaq planından əl çəkməsə, bu əsgərlərin həyatı üçün təhlükə yaradacaq.
General deyib ki, belə bir hərəkət "təkcə Kabulda deyil, dünyanın hər yerində problemlərə səbəb olacaq."
Amerikada Dove World Autriç Mərkəzinin keşişi pastır Terri Conz deyib ki, 2001-ci il 11 sentyabr hücumlarının ildönümünü qeyd etmək üçün Quranlardan tonqal qalayacaq.
Yüzlərlə əfqan buna qarşı Kabulda etiraz aksiyaları keçiriblər.
Amerikanın Kabuldəki səfirliyi bəyanatında Floridada yerləşən kilsənin planını pisləyib.
"Bu bizim əsgərlərimizin həyatına təhlükəni xeyli artıracaq, bizim işlərimiz üçün də problemlər yaradacaq," deyib general Petreus." Taliban məhz belə hərəkətlərdən istifadə edir və bu bizə böyük çətinliklər yarada bilər."
"Təkcə Əfqanıstanda yox, islam icması ilə amerikalıların təmasda olduğu hər bir yerdə" - deyib cənab Petraus.
Əfqanıstanda NATO təlim missiyasının rəhbəri leytenant-general Uilyam Kadvell CNN-ə deyib: "Bu onların müqəddəs kitabıdır. Kimsə deyəndə ki onu məhv edəcək və ya murdarlayacaq, bu adamlar arasında vəlvələyə və narahatığa səbəb olur. Biz hesab edirik ki, bu baş versə, burada xidmət edən kişi və qadınlarımızın həyatına təhlükə yaranacaq."
EKSPRESS.AZ