
Dünya görmüş siyasətçilərdən kimi dindirirsən, AXCP ilə Müsavatın birliyinin baş tutmayacağını deyirlər. Bu barədə o qədər danışıldı ki, deyilənlərə görə, artıq Əli Kərimli və İsa Qəmbər arasında bu məsələdə fikir ayrılıqları yaranıb. Belə yerdə deyirlər də, dünən şeş, bu gün beş?!...
İsa Qəmbər rəhbərlik etdiyi təşkilatla AXCP-nin birləşməsi ideyasını ortaya atmaqla, qarşı tərəfin də buna ikiəlli "hə" deməsiylə Azərbaycan müxalifətində seçki məsələləri ikinci plana keçdi, indi hamı bu prosesdən danışır. Əksəriyyəti də bu birliyin baş tutmayacağını əminliklə bildirir. Siyasətçilərdən bəziləri nəinki bu partiyaların birliyinin, heç seçki blokunun alınmayacağını deyirlər. Nəsə bilirlər ki, belə danışırlar.
Birləşməyə hazır olan tərəflərin rəhbərlərisə ara-sıra görüşlər keçirərək bu məsələni müzakirə edirlər. Deyilənlərə görə, belə görüşlərin sonuncusunda AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında fikir ayrılığı yaranıb. Belə ki, Qəmbər birinci növbədə dairələr üzrə vahid namizədlərin müəyyənləşdirilməsini, sonrasa seçki blokunun yaradılmasını təklif etsə də, Kərimli bununla razılaşmayıb. AXCP sədrinin təklifisə o olub ki, gəl, birinci seçki blokunu yaradaq, ondan sonra vahid namizəd məsələsində razılıq əldə etmək olar. O deyib, bu etiraz edib, bu təklif verib, o imtina edib.
Birlikdən söz düşmüşkən, bir ara xəbər yayıldı ki, bəs Müsavat AXCP-ylə yaxınlaşandan sonra bu partiyanın DUİ ilə münasibətləri soyuyub. İttifaq təmsilçisi olan Azadlıq Partiyasının sədri Əhməd Orucsa deyir ki, Müsavatla münasibətlər indiyə qədər olandan da yaxşıdır. Hətta ayın axırında aksiya keçirilməsi ilə bağlı DUİ və Müsavat paytaxt meriyasına birgə müraciət ediblər. Azadlıq sədri birlik məsələsində AXCP-nin yenə də maraqlı görünmədiyini fikirləşir. "AXCP rəhbərliyi yalnız müxalifət adından özlərinin çıxış etmək haqqının olduğunu iddia edərək, müxalifət cameəsinin bir araya gəlməsini, Rəsulzadə-Elçibəy platformasında olan bütün qüvvələrin toparlanmasını istəmirlər".
Ə.Oruc ümumiyyətlə, birlik məsələsində Müsavat Partiyası ilə AXCP-nin yanaşmasında fərqlərin olduğunu bildirir. Məsələ yenə də hərlənib-fırlanıb fikir ayrılığına gəlib dirənir. Belə çıxır ki, elə deyilənlər doğrudur? Noldu, dünən şeş, bu gün beş?!
Seçki məsələsində ortaq məxrəcə gələ bilməyən liderlərin superpartiyada necə birləşəcəkləri maraqlıdır...