
Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən ümumi yığıncağı və orada qəbul edilən qərarlar geniş müzakirə predmetinə çevrilib.
Xatırladaq ki, yığıncaqda səhmlərin 80%-nə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil olmaqla dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi və növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul ediblər. Qeyd edək ki, yayılan məlumatlara görə, ABB tarixində ilk dəfə olaraq artıq dalbadal 3 rübdür səhmdarlarına dividend vermir.
Beynəlxalq Bankın maliyyə çətinlikləri ilə üzləşməsi beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapıb. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi hələ ötən ilin sonlarında ABB-nin bütün kreditlərinin təqribən üçdə birinin - 27,8%-ni problemli, "pis borc" sayıldığı barədə məlumat açıqlamışdı. Beynəlxalq normalara əsasən, bu göstəricinin 5%-i keçməsi "həyəcan təbili" çalmaq üçün kifayətdir.
Beynəlxalq Bank Azərbaycanın ən kapitallaşdırılmış bankıdır, bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır. Bankın nizamnamə fondunun 50,20%-i dövlət müəssisələrinin, 3,27%-i qeyri-dövlət müəssisələrinin, 38,63%-i fiziki şəxslərin, 7,90%-i xarici təsisçilərin payına düşür. Maliyyə qurumunun nizamnamə kapitalı 240 milyon manat təşkil edir. 2010-cu il iyulun 1-nə olan məlumata görə, bankın balans kapitalı 627,7 milyon manat səviyyəsindədir.
İqitisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hesab edir ki, kapitalının həcminə görə ölkədə aparıcı bank olduğu üçün Beynəlxalq Bankda baş verən proseslər bank sektoruna münasibətin formalaşması baxımından əhəmiyyətlidir: "Nəzərə alsaq ki, bank sektoru həssas sektordur, o baxımdan Beynəlxalq Bankda müşahidə edilən problemlər adi vətəndaşlar, müəssisələr arasında "əgər ölkənin birinci bankında problem yaşanırsa, o zaman kapitalının həcminə görə ölkəninin 15 və 20-ci bankında problemlərin yaşanmayacağına kim zəmanət verə bilər" kimi narahatçılıqlar doğurur. Beynəlxalq Bankda müşahidə edliən problemlər yalnız bu bankın problemi deyil. bütövlükdə bank sisteminin problemidir".
Azərbaycan bankları arasında xaricdə ilk dəfə Beynəlxalq Bankın AAA+ reytinq alıdğını xatırladan Bayramov hesab edir ki, ABB-də müəyyən maliyyə problemlərinin mövcudluğu, eləcə də səhmdarlara dividendlərin ödənilməsindəki problemlər maliyyə qurumunun xarici reytinqinə təsir göstərir: "Əvvəla beynəlxalq maliyyə qurumları bank sistemini qiymətləndirən zaman xüsusilə qlobal maliyyə böhranından sonra Azərbaycanda problemli banklar sırasında Beynəlxalq Bankın adını da qeyd edirdilər. Bunun nəticəsidir ki, Beynəlxalq Bankın reytinqi böhran başladıqdan sonra AAA+ reytinqindən BB reytinqinə qədər aşağı düşüb".
Ekspertə görə, müşahidə edilən problemlər bankın tətbiq etdiyi kooperativ idarəetmənin iflasa uğramasından xəbər verir: "Beynəlxalq Bankın idarəetmə sistemi uzun müddət digər banklar üçün nümunəvi xarakter daşısa da, son illər idarəetmə sistemində islahatların aparılmaması, təmərküzləşmə meyllərinin, qərarların qəbulunun mərkəzləşdirilməsi sözügedən problemlərin yaranmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarından başlayaraq bank öz səhmdarlarına dividend ödəyə bilmir. Bankda problemlərin yaranmasının digər səbəbi problemli kreditlərin həcminin artmasıdır. Nəzərə alsaq ki, Beynəlxalq Bankın uzun müddət reytinqi AAA+ reytinqi olub, o baxımdan bankın ABŞ-da, Avropada ucuz maliyyə mənbələrinə birbaşa çıxış imkanları olub. Deməli, Beynəlxalq Bankın cəlb etdiyi vəsaitlərin faiz dərəcələri digər bankların cəlb etdikləri vəsaitlər üzrə faiz dərəcəsindən aşağı təşkil edib. Praktiki bu Beynəlxalq Banka kifayət qədər manevir imkanları versə də, kredit bazarında rəqabət aparmaq üçün üstünlük qazandırsa da, ötən müddətdə bankın kredit bazarında mövqeləri ciddi şəkildə möhkəmlənməyib, əksinə problemli kreditlərin - verilən və geri qaytarılmayan kreditlərin sayının artımına gətirib çıxarıb".
Ekspert bankın gəlirlərinin 70%-nin kreditlərin verilməsi və kreditlər üzrə dividendlərin ödənilməsinə görə əldə edilən gəlirlər olduğunu deyir. Problemli kreditlər məsələsinin böyüməsi Beynəlxalq Bankın likvidliyinə çox ciddi mənfi təsir göstərib, ən əsası isə bankın gəlirlərinin azalmasına gətirib çıxarıb.
Səhmdarlara dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi məsələsi də bankda vəziyyətin ürəkaçan olmamasından xəbər verir. "Rəsmi məlumatlara əsasən, səhmdarların 80%-i qərarın lehinə səs verib. Belə bir qərarın qəbulu likvid dividendlərin ödənilməsi ilə bağlı problemin qalmaqda olduğunu göstərir. Eyni zamanda, Beynəlxalq Bank növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, 2010-cu il ərzində bank öz səhmdarlarına dividend ödəmək imkanına malik olmayacaq",-deyə Bayramov bildirib.
İSİM rəhbəri qeyd edir ki, Beynəlxalq Bank səhmdarlara ödəniləcək dividendi bankdakı problemlərin həllinə yönəltmək istəyir":Beynəlxalq Bank ölkənin bir nömrəli bankı olmaqla yanaşı Azərbaycan bankları arasında ən çox dövlət payına malikdir. "Kapitalbank"ın səhmlərinin satışından sonra praktiki Beynəlxalq Bank dövlət nəzarətində qalan yeganə bankdır. Bunu nəzərə alsaq Beynəlxalq Bankda verilən qərarlar heç də bankın rəhbərliyinin qəbul etdiyi qərarlar kimi qəbul olunmamalıdır".
Bayramov bildirir ki, bankın idarəedilməsi təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır: "Bankın əldə etdiyi məfəətin necə yerləşdirilməsi, dividendlər ödənildikdən sonra məfəətin hansı ölkədə və hansı istiqamətdə yerləşdirilməsi barədə qərarın verilməsi nəzəri olaraq səhmdarların ixtiyarında olsa da, bütün bu məsələlər təkcə Beynəlxalq Bank səviyyəsində həll edilmir. Hətta bankda son problemlərin yaşanması vəsaitlərin bir hissəsinin yerləşdirilməsi ilə bağlı verilən qərarın razılaşdırılmamasından irəli gəlib".
Ekspert hesab edir ki, dövlət Beynəlxalq Bankda yaşanan problemlərin böyüməsinə imkan verməməlidir. Belə ki, problemlər qısa zamanda həllini tapmazsa, digər banklara da inamın azalması qaçılmaz olacaq. "Dövlət Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində addımlar atmalıdır. ABŞ-da olduğu kimi Beynəlxalq Bankın səhmlərinin bir hissəsi müəyyən müddətə dövlət tərəfindən alınması həyata keçirilə bilər. Belə ki, Mərkəzi Bank və ya Maliyyə Nazirliyi Beynəlxalq Bankın xarici və özəl şirkətlərdə olan səhmlərinin bir hissəsinin alışının həyata keçirə bilər ki, bunun da nəticəsində banka yeni investisiyalar cəlb olunar. Digər üsul Beynəlxalq Bankda dövlətin səhmlərinin bir hissəsinin satılmasıdır. Bununla da bankın özəlləşdirilməsi yolu ilə cəlb edilən vəsaitlərin həcmini artırmaq mümkündür. Bu, böhranın aradan qaldırılması, likvidliyin təminatı baxımından əlavə maliyyə resurslarının formalaşmasına imkan verər. Amma son proseslər dövlətin Beynəlxalq Bankın səhmlərinin özəlləşdirilməsi və ya satılması ideyası üzərində işləmədiyini göstərir".
İSİM rəhbərinin sözlərinə görə, problemin həlli üçün yaxın vaxtlarda Beynəlxalq Banka dövlətin müdaxiləsinin kəskin artacağı gözlənilir.