Ekstrasens
neft axtaracaq...
Zirəddin Rzayev: Mənə müraciət edən
bəzi vəzifə sahibləri düşmənlərinin
kimliyini öyrənmək istəyir

Sergey Nikifiroviç Puzin
tibb elmləri doktoru, professor, akademik:
"Zirəddin Rzayev böyük potensiala, böyük gücə malik fenomendir. Onun qabiliyyətini araşdırmaq vacibdir və bu potensialdan cəmiyyətin xeyrinə istifadə etmək lazımdır"
Rusiya Federasiyasının paytaxtında yaşayan məşhur soydaşımız, kliniki-psixoloq, ekstrasens Zirəddin Rzayevlə sonuncu dəfə ötən ilin sentyabrında Moskvada görüşmüşdük. Onunla növbəti görüşümüz yenə də Moskvada baş tutdu. Bu dəfə zaman fərqli olsa da, məkan dəyişməmişdi: Moskva çayının sahilindəki "Skazka Vostoka" restoranı. Zirəddinlə Azərbaycan mətbəxinə məxsus yeməklərin düzüldüyü süfrə arxasında söhbətləşirik.
- Söhbətimizə ənənəvi sualla başlayaq: işləriniz necə gedir, həyatınızda hansısa yeni dəyişikliklər baş veribmi?
- Elə bir ciddi dəyişikliklər baş verməyib. Ancaq burada tibbi-psixologiya üzrə təhsilimi başa vurandan sonra sənədlərimi Lomonosov adına Moskva Dövlət Universitetin Fəlsəfə fakültəsinə vermişdim. Bu yaxınlarda oranı da bitirib filosof ixtisası üzrə diplom aldım.
Əvvəllər olduğu kimi, yenə də "Liniya jizni" mərkəzində həftənin iki gününü işləyirəm. Eyni zamanda "Dobramed" klinikasına işə düzəlmişəm. Bu yaxınlarda isə Fyodorov adına Göz İnstitutundan işlə bağlı dəvət almışam. Yəqin ki, bir ay müddətində orada da həkim-psixoloq kimi işləyəcəyəm.
İndi vaxt sarıdan da çox gileyli deyiləm. Dostlarıma bir qədər artıq vaxt ayıra bilirəm, ayda bir-iki gün istirahət etmək imkanım olur. Bundan əlavə Rusiyada böyük vəzifə sahibi, məşhur iş adamlarından birindən yaxşı bir dəvət almışam. Həmin adam neft axtarışı ilə bağlı hazırda almanlarla danışıqlar aparır. Mən Almaniyada çıxarılacaq neftin yerini müəyyən etməkdə həmin adama kömək edəcəyəm. Çalışacağam ki, proqnozum düz çıxsın, Azərbaycanın adını yüksəklərə qaldırım.
- Həmin adamın adını deyə bilərsinizmi?
- Rusiyanın güc strukturlarında işləyən çox böyük məmurlardan biridir. Məncə, bu qədər kifayətdir.
- Çox məsuliyyətli bir işə razılıq vermisiniz. Uğur qazanacağınıza əminsiniz?
- Bəli, əminəm, uğurlu alınacağına inanıram. Doğrudur, neft axtarışına çıxmaq çox ağır, məsuliyyətli bir işdir. Ona görə də, gərək iki həftə ərzində bütün işlərimi yekunlaşdırıb, səylərimi ancaq neft axtarışına yönəldəm.
- İndiki işlərinizdən imtina edəcəksiniz?
- Əgər neft işi alınsa, danışıqlarımız, müqavilə baş tutsa, müvəqqəti olaraq bu işlərimdən imtina edəcəyəm. Fəaliyyətimi biraylıq dayandırıb özümü neftə həsr edəcəyəm. Ancaq yenə deyirəm: sonradan öz fəaliyyətimə mütləq qayıdacağam. Məşğul olduğum sahədən ömrüm boyu imtina eləmərəm.
- Gələcəklə bağlı daha hansı planlarınız var?
- Gələcəklə bağlı çox böyük planlarım var. Hələ ki, onları açıqlamaq istəmirəm. İnşallah, vaxtı çatanda deyəcəyəm, özü də söz verirəm ki, birinci sizə deyəcəyəm.
- Dünyanı çox ciddi bir narahatçılıq bürüyüb. Təbii fəlakətlərin coğrafiyası və miqyası olduqca geniş və böyükdür. Deyə bilərsinizmi, dünyanı gələcəkdə nə gözləyir?
- Təəssüf ki, proqnoz verə bilməyəcəyəm. Çünki sizinlə hələ ötənilki söhbətimizdə özümə söz vermişdim ki, Azərbaycan kütləvi informasiya vasitələrinə hər hansı proqnoz verməyim. İnciməyin, bu barədə Rusiya mətbuatından götürüb yazarsınız. Əgər siz belə təkid edirsinizsə, verdiyim proqnozlarla mənim şəxsi saytımda tanış ola bilərsiniz: www.phainomenon.org.
- Siz həmin söhbətimizdə bizim mətbuata Azərbaycanla bağlı proqnoz verməyəcəyinizi demişdiniz. Mən isə dünyadakı dəyişikliklər barədə soruşuram. Məsələn, siz ötən ilin sonunda bütün Avropada tüstü gördüyünüzü demişdiniz və bu proqnozunuz məlum hadisələrin baş verməsi ilə öz təsdiqini də tapdı...
- Bilirsiniz, 2009-cu ildə rusiyalı jurnalistlər məndən müsahibə götürəndə 2010-cu ildə dünyada nələrin baş verəcəyi barədə soruşdular. Dedim ki, 2010-cu ildə Avropada böyük tüstü görürəm. Etiraz edib dedilər ki Avropa nə şəhər, nə də respublikadır. Avropa faktiki bir materikdir. Bütün Avropanın tüstü içində olması reallığa uyğun gəlmir. Ancaq İslandiyada baş verən vulkan nəticəsində bütün Avropa tüstüyə bürünəndə, bütün hava limanları iflic olanda həmin jurnalistlər mənə zəng etdilər ki, "sən bu barədə qabaqcadan demişdin, ancaq təsəvvür edə bilməzdik ki, belə bir hadisə baş versin". Mən onu da demək istəyirəm ki, baş verən fəlakətlər insanların günahlarına görədir.
Daha bir nümunəni deyim: hər həftənin birinci günü mənim iştirakımla Moskvanın "Karnaval" radiosunda "Sprosi Ziraddina" adlı canlı veriliş yayımlanır. İyulun 5-dəki verilişdə aparıcı birdən soruşdu ki, "sabah Almaniya ilə İspaniya oynayır, deyə bilərsinizmi, hansı komanda udacaq?" Bu oyunda hamı Almaniyanın qalib gələcəyini iddia etsə də, mən əksini dedim və ancaq mənim verdiyim proqnoz düz çıxdı, İspaniyanın komandası qələbə qazandı.
- Ötən il "Yağ kimi" verilişində həmin verilişin aparıcısı Zaurun dörd ay müddətində avtomobil qəzasına uğrayacağını demişdiniz. Proqnozunuz özünü doğrultsa da, vaxt müddətində yanıldınız, Zaur dörd ay deyil, düz bir ildən sonra qəzaya uğradı. Bu barədə nə deyə bilərsiniz?
- Mənim öncəgörmələrimin hamısı doğrudur, sadəcə, onların düzgün yozumunu etmək lazımdır. Bəli, mən Zaurun avtomobil qəzasına uğrayacağı barədə proqnoz vermişdim. Ancaq gördüyüm 4 rəqəminin 4 ay, 4 il və yaxud 4-cü gün olduğunu dəqiqləşdirməmişdim. Burada ayın tarixini, gününü, hətta saatı belə nəzərə almaq lazımdır.
- Ötən söhbətimizdə sizdə Vətənə və həmvətənlərinizə qarşı bir küskünlük vardı. Hətta o zaman belə bir ifadə də işlətmişdiniz: "Məni Vətənimdə qürbətdə yaşayan məşhur azərbaycanlı kimi qəbul eləsinlər, ancaq görücü kimi tanımasınlar, ekstrasens kimi unutsunlar"...
- Əvvəla, sizə qətiyyətlə deyirəm ki, mən azərbaycanlıyam, Vətənimdən heç vaxt küsmərəm. Azərbaycanımı, vətənimi çox sevirəm. Orada doğmalarım, çoxlu dostlarım, sevdiyim insanlar yaşayır.
Digər tərəfdən, inciməyin, mənə elə gəlir ki, sizin sualınız birtərəfli oldu. Əgər siz təxminən bir il əvvəlki söhbəti yada salırsınızsa, başqa fikirlərimi niyə demirsiniz? Axı mən orada həm də demişdim ki, Tanrı bu gücü mənə Azərbaycanda verib. Rusiyada yaşasam da, Rusiyada dünyamı dəyişsəm də Azərbaycan torpağında kəfənlə torpağa basdırılacağam. Sadəcə olaraq, bu gün Azərbaycanda fəaliyyət göstərmək fikrində deyiləm və gələcəklə də bağlı belə bir niyyətim yoxdur.
Üçüncüsü, mən əvvəlki illərdəki Zirəddini xatırlayanda bugünkü Zirəddinə görə çox təəccüblənirəm. Haqqımda səsləndirilən səviyyəsiz fikirlərə münasibət bildirdiyimə görə çox təəssüflənirəm. Gərək onlara cavab verməyi özümə rəva görməzdim, görün mən kimlərə vaxtımı sərf etmişəm. Bax, buna görə çox təəssüflənirəm. Mətbuatda bu gün də haqqımda həqiqət yükü olmayan yalanlar yazırlar: "deyilənlərə görə", "gəzən şayiələrə görə" və s. Artıq onların haqqımda nə yazdıqları məni narahat etmir və maraqlandırmır.
- Yeri gəlmişkən, bu yaxınlarda da qəzetlərin birində belə bir informasiya getmişdi ki, siz hansısa dövlət məmurunun dəvətilə Bakıya gəlib onun evindəki şər ruhları qovmusunuz. Bu doğrudurmu?
- O xəbəri mən də adını çəkmək istəmədiyim qəzetdən oxudum. Çünki adını çəksəm, bu, onların reklamı olar. Yazı müəllifi "əldə etdyimiz məlumatlara görə" istinadından savayı heç bir fakta söykənmədən özündən uydurma yazıb. Həmin məntiqlə mən də iddia edə bilərəm ki, məsələn, əldə etdiyim məlumatlara görə, filankəsin şizofreniya xəstəliyi var və s. Dediyim odur ki, onlar hamısı boş şeylərdir, uydurmalardır.
Ancaq onu da etiraf etməliyəm ki, bəli, məni Azərbaycana məmurlar çağırıblar, onlarla dəfələrlə görüşmüşük, aralarında dostlarım da var. Eləcə də, Rusiyanın özündə və başqa ölkələrdə də müəyyən vəzifəli şəxslərlə çox yaxın, yaxşı münasibətlərimiz var.
- Özünüz də etiraf edirsiniz ki, müəyyən vəzifə sahibləri və məmurlarla görüşürsünüz, onlara məsləhətlər, köməkliklər edirsinis. Sirr deyilsə, onlara məsləhət və köməklikləriniz nədən ibarətdir?
- Müraciətlər müxtəlif formalarda olur. Bziləri şəxsi sağlamlıqları, bəziləri vəzifə ilə bağlı mənə müraciət edirlər. Elələri də olur ki, öz düşmənlərini tanımaq istəyir. Onalara qarşı qərəzli mövqe tutan insanların kimliyini bilmək istəyirlər ki, ehtiyatlı olsunlar. Ancaq mən onlara düşmənlərinin kim olduğunu deyil, sadəcə, kimlərə inanıb-inanmaları, kimlərdən ehtiyatlı olmaları barədə nəsə deyə bilərəm.
- Sonuncu dəfə ananızla nə vaxt görüşmüşsünüz?
- Üç gün bundan əvvəl. Anamı gətirmişdim Moskvaya. Mənimlə birlikdə idi, qızım Aydanın beş yaşını qeyd elədik.
- Qızınızın ad gününü evdə qeyd etdiniz, yoxsa...
- Xeyr, burada əslən Qubadan olan bir dostumun "Şahdağ" adlı restoranı var. Bütün yaxınlarımla birlikdə qızımın ad günündə həmin restorana toplaşmışdıq.
- Ad gününə müğənni Aygünlə Namiqi nə əcəb dəvət etməmişdiniz. Axı siz onların bütün tədbirlərində iştirak edirsiniz?
- Oğluma toy edəsi olsam, yaxud böyük bir məclisim olsa, mütləq dəvət edərəm. Uzaq yoldur, bu dəfə narahat etmək, əziyyət vermək istəmədim.
- Məşhur olmağınızın hansı üstün və xoşunuza gəlməyən tərəfləri var?
- İkincidən başlayım: Xoşuma gəlməyəni odur ki, ailəmə, dostlarıma, öz istirahətimə çox vaxt ayıra bilmirəm. Vaxtımın olmaması səbəbindən dostlarımın haqlı olaraq küsmələri, geleylənmələri mənə təsir edir.
Ancaq bütün bunlara baxmayaraq, bu gün mənim nəinki Azərbaycan və Rusiyada, dünyanın bir çox ölkələrində müxtəlif təbəqələrdən olan xeyli tanışlarım, dostlarım var. Dostlarımın, tanışlarımın çox olmağı, insanların böyük əksəriyyətinin mənə ehtiram sərgiləməkləri mənim üçün çox xoşdur. Məncə, sualınıza qismən də olsa, cavab verə bildim.
- Əgər sıralamaq lazım gəlsəydi, dostlarınızı necə sıralayardınız?
- Mən heç vaxt istəmərəm ki, dostlarım arasında belə bir sıralama aparım. Dostlarımın hamısı mənim üçün əvəzedilməzdir, doğmadır. Ancaq bununla belə Azərbaycanda həddən artıq hörmə elədiyim bir adam var, onu ən yaxın dostum hesab edirəm. Böyük vəzifə sahibi olsa da, daxili böyüklüyü, mənəviyyatı vəzifəsindən çox-çox böyükdür. Dost deyəndə məhz birinci olaraq o insan gəlir gözümün qarşısına. Ona çox etibar edirəm, güvəndiyim, mərd bir adamdır.
- Onunla dostluğunuz necə baş tutdu?
- Birinci dəfə mən onunla görüşəndə dedim ki, ürəyinizdə problem var. Mənim sözümə inanmayıb sonradan müayinə üçün Almaniyaya getmişdi. Orada ona ürəyinin sağlam olduğunu demişdilər. Amma Almaniyadan qayıdandan bir həftə sonra infarkt keçirdi. Bu hadisədən sonra da dostluğumuz başladı.
- Pedaqoq, psixoloq, filosof və ekstrasens Zirəddin Rzayev üçün bu elmlərin vəhdəti nə deyir?
- Mən bir şeyi deyə bilərəm ki, pedaqoq, psioxloq və filosof ekstrasens ola bilməz. Ancaq ekstrasens pedaqoq da, psixoloq da, filosof da ola bilər. Ekstrasenslər həm savadlı, həm də savadsız ola bilərlər. Mən isə Tanrının verdiyi gücü öz elmimlə birləşdirmişəm. Necə ki, bütün sözləri xəzinə, daş-qaş sayan Nizami Gəncəvi deyirdi:
"Nizami hər şeyi
demiş birinci,
Qoymamış cılasız
qala bir inci".
Yəni Nizami hesab edirdi ki, daş-qaşı cilalayanda o daha da parıldayır. Mən də hesab edirəm ki, mənim belə bir gücüm var Tanrıdan. Allah mənə bu gücü verib və öz təhsilimlə bu gücü cilalamışam.
- Hazırda müalicə etdiyiniz xəstələriniz varmı?
- Xeyr, mən hazırda müalicə ilə məşğul olmuram. Səbəbi də odur ki, çox yoruluram, pasientlərimin çoxluğu məni yorur. Ancaq "Dobramed" klinikasında elmlər doktorları, professorlarla birgə çalışıram. Onlar xəstələrə diaqnozun qoyulmasında mənim potensialımdan istifadə edirlər, xəstələr məhz mənim qoyduğum diaqnoz üzrə müalicə olunurlar.
Erik Narimanoviç Prazdnikov
Rusiya Dövlət Tibb Universitetinin professoru, onkoloq:
"Zirəddin Rzayevin potensialından tibb elmi sahəsində daha geniş istifadə etmək gərəkdir. Biz hazırda onkoloji xəstəliklərin diaqnostikası, səbəbinin araşdırılması və müalicəsində Zirəddin Rzayevin gücünün faydalı olacağına inanırıq"
Xanoğlan ƏHMƏDOV |