
Allaha and olsun ki, mən hələ də bizim müxalifətdən baş aça bilmirəm. Bir ittifaqda təmsil olunan partiyaların başbilənlərindən birinin dediyi söz digərinin söylədiyi ilə üst-üstə düşmür. Elə bil, bu qurumdakılar hansısa məsələni birlikdə yox, ayrı-ayrılıqda müzakirə edirlər...
Demokratiya Uğrunda İttifaqın üzvü olan partiyaların hərəsinin ağzından bir avaz eşidilir. Biri deyir ki, bəs DUİ AXCP-Müsavat birliyinə qoşulmaq niyyətində deyil, heç bu barədə fikirləşmir də. O birisi bu birliyə uğurlar arzulayaraq, "təklif olarsa, bunu müzakirə etməyə hazırıq" deyərək, əslində AXCP ilə Müsavatdan birliyə qoşulmaq təklifini gözlədiklərini büruzə verir. Üçüncüsü isə DUİ-siz AXCP-Müsavat birliyinin olmayacağını əminliklə söyləyir. Bununla da ittifaqın yeni formatda olacağına işarə vurur.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin DUİ-ni AXCP-Müsavat birliyində görmədikləri barədə açıqlaması ittifaqda heç də birmənalı qarşılanmayıb. DUİ-də əsas söz yiyəsi olan, KXCP sədri Mirmahmud Mirəlioğlu bu açıqlamanın cavabını çox gözlətmədi. Dedi ki, bəs müxalifətin birliyi Demokratiya Uğrunda İttifaq Müsavat-AXCP birliyində təmsil olunmadan mümkün deyil. "Əks halda, AXCP-Müsavat birliyi də olmayacaq", vəssalam-şüttamam.
Mirəlioğlu Məmmədliyə böyük hörmətinin olduğunu, ondan da həmişə bunun qarşılığını gördüyünü deyərək, onu öz işi ilə məşğul olmağa çağırır. KXCP sədrinin dediklərindən belə anlaşılır ki, birlik məsələsi barədə açıqlama vermək AXCP sədrinin müavininin işi deyil.
Mirmahmud bəy birliyin AXCP-Müsavat-DUİ formatında olmasını havadan demir. Bunu mövcud vəziyyətə, hazırladıqları layihəyə, müzakirələrə, insanlarla görüşlərdə dedikləri fikirlərə və hazırkı real şəraitə əsaslanıb söyləyir. Düzdür, indi çoxları dünən dediyi sözə bu gün sahib çıxmır, bu səbəbdən də KXCP sədri qarşı tərəfin də mövqeyinin dəyişib-dəyişməyəcəyi barədə bir söz deyə bilmir. Adəti üzrə bu məsələni də zamanın ixtiyarına buraxır.
Belə çıxır ki, Mirəlioğlunun haqqında danışdığı format barədə AXCP, Müsavat, eləcə də DUİ-də söhbət aparılıb və razılıq əldə olunub. Amma DUİ təmsilçisi, Azadlıq Partiyasının sədri Əhməd Orucun "AXCP-Müsavat birliyinə qoşulmaq istəmirik", Pənah Hüseynin "təklif olarsa, müzakirəyə hazırıq", eləcə də Mirmahmud Mirəlioğlunun "DUİ-siz AXCP-Müsavat birliyi olmayacaq" fikirləri vallah, bir-biriylə uzlaşmır.
Qalırsan çaş-baş, deyilən sözlərdən hansına inanasan? Axır ki, DUİ-dən bir nəfər çıxıb hansı fikirdə olduqlarını açıqlayacaqlarmı?!...