
Əhməd Oruc deyəndə ki, AXCP birlik tərəfdarı deyil, cəbhəçilər onu hoydu-hoyduya götürürlər. Axır ki, xoruzun quyruğu göründü və AXCP təmsilçiləri Müsavatla yaradacaqları birlikdə DUİ-ni görmək istəmədiklərini bəyan etdilər. Guya ki, ittifaqdakıların elə bu birlikdə olmaları üçün ürəkləri gedirdi...
AXCP ilə Müsavatın seçkiyə bir blokda gedəcəyi ilə bağlı xəbər yayılandan Demokratiya Uğrunda İttifaqın da bu birliyə qoşulacağı söylənilir. Bəlkə də Müsavat buna ikiəlli razıdır, amma AXCP-nin qırımından hiss olunurdu ki, partiya bu işə əvvəlcədən "hə" deməyəcək. Elə DUİ-dəkilər də bunu görüb, AXCP-nin birlik tərəfdarı olmadığını deyirdilər. Axır ki, "mus-musun Mustafası" bəlli oldu və AXCP rəsmiləri "örtülü bazar dostluğu pozar" deyib, DUİ-ni yeni birlikdə görmək istəmədiklərini açıqca söylədilər.
AXCP sədrinin müavini Nurəddin Məmmədli indiki məqamda DUİ-nin AXCP-Müsavat birliyində olmasını əlverişli saymır. Əsaslandırması da var: "Partiyaların birliyində daha çox siyasi qurum təmsil olunanda diferensiallaşma çətinləşir və mübahisələr artır".
N.Məmmədli görə-görə gəlir, bilir ki, müxalifətdə yaranan birliklərdəki çoxluğun axırı həmişə pislik olub. Ona görə də "az olsun, saz olsun" prinsipiylə hərəkət edərək, yeni birlikdə də ancaq və ancaq iki partiyanın olmasını məqbul sayır.
Müsavatdasa AXCP-dən fərqli düşünürlər. Məsələn, bu partiya seçki blokunun yaranmasına və maksimum dərəcədə seçki dairələrindən müxalifət qüvvələrinin vahid namizədlərinin müdafiə olunmasına çalışır və bunu da gizlətmir. Müsavat DUİ ilə bir sıra dairələri razılaşdırıb və bu razılaşmaya da sadiq qalacağını açıqca deyir. Bu isə dolayısıyla Müsavatın DUİ-ni də yeni birlikdə görmək anlamına gəlir.
Açığı, DUİ-nin AXCP-Müsavat birliyinə qoşulması məsələsinin hardan qaynaqlandığını bilmirəm. Amma bildiyim odur ki, heç ittifaqdakı partiyalar da bu birlikdə olmaq üçün dəridən-qabıqdan çıxmırlar. Düzdür, DUİ birliyi müsbət dəyərləndirir, hesab edir ki, bu, müxalifətin maraqları naminə gərəklidir. Üstəlik qarşı tərəfdən onlara birliyə qoşulmaq təklifi olarsa, bunu müzakirəyə çıxarmağa hazırdırlar. Amma ittifaqın başbilənlərinin bu birlikdə təmsil olunması üçün AXCP ilə Müsavata müraciət edəcəyini heç kəs gözləməsin.
Nəsə, bir yana baxanda AXCP sözünü bəribaşdan deməklə düz addım atır. Nədən ki, kiminsə, nəyinsə xətrinə birlik yaradıb, sonradan söz-söhbətə rəvac verib pis olmaqdansa, sözünü indidən deyib pis olmaq hamısından yaxşıdır...