30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Satqınlıq iddiası (269)
Dünən şeş, bu gün beş?! (261)
Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır (236)
Axundun bazlığı (230)
Məsciddə eşq macərası... (225)
Nostalji (222)
Petrik fenomeni (173)
Ulduzu barışmayacaq partiyalar (161)
Son sözü əvvəldə deyənlər (159)
Kimdir qeyri-ciddi siyasətçi? (155)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Petrik fenomeni

Haqqında danışacağım insanı zəmanəmizin Leonardo da Vinçisi adlandırırlar. Onun patentlərinin dəyəri iki yüz milyard dollara yaxın bir rəqəmlə ölçülür. Dünyanın ən məşhur adamları, prezidentlər, krallar, ərəb şeyxləri, sənət dünyasının duayenləri onunla dostluqdan qürur duyurlar - Buş, Şirak, Berluskoni, Lujkov, Sonya Qandi, Cuna, Abramoviç...

   Bu insan həqiqətən də universal şəxsiyyətdi. O, dünya masştablı üç böyük kəşfin, altmışdan artıq ixtiranın müəllifidir. O, texnika elmləri doktoru, REA-nın akademikidir. Amerika alimləri onu elmin iki sahəsində Nobel mükafatına namizəd göstəriblər.

   Mən müasir "da Vinçi"nin bədii yaradıcılığından, onun miniatür portretlərindən - unikal sənət əsərlərindən söz açmaq fikrindəyəm.

   O, İtaliyada deyil, Sankt Peterburqda yaşayır. Akademik Viktor İvanoviç Petrik - peterburqlu sehirbaz.

   Petrik sənət aləmində yeni cığır, yeni yol açıb, o, zümrüd, rubin, sapfir və almaz üzərində miniatür həcmli bədii portretlər işləyir. Müasir texnologiya bu sahədə hələ ki, acizdir, Petrikə qədər dünyada heç bir sənətkar bu qiymətli daşlar üzərində sənət inciləri yaratmağa nail olmayıb - o, öz unikal metodunu yaradıb.

   Leninqrad universitetinin psixologiya fakültəsinin 20 yaşlı tələbəsi Viktor Petrik bütün Leninqradda rəngkarlıq sənətinin bilicisi kimi nüfuz qazanmışdı. O, Pelenovun, Ayvazovskinin, Nesterovun, Korinin, Konqolovskinin əsərlərini toplayırdı. Onun kolleksiyasında holland rəssamlarının tabloları da yer alırdı. Onu da vurğulamaq yerinə düşər ki, tələbə Viktor özü də gözəl rəsmlər çəkirdi. Universiteti əla qiymətlərlə bitirən gələcək akademikin namizədlik dissertasiyası mütəxəssislərin fikrincə, doktorluq işi səviyyəsində idi. Rəssamlar və sənətşünaslar onun fikirləri ilə hesablaşırdılar.

   İlk gənclik illərində Viktor Petrik məşhur peterburqlu heykəltəraş Yuri Linnikin tələbəsi olub, ondan sənətin sirlərini öyrənib. Yuri Linnik miniatür portretlər ustası idi. Sağlığında onun mum üzərindəki miniatür portretləri iki dəfə Tretyakov qalereyasında sərgilənib. Petrik hələ universitetdə təhsil aldığı dönəmdə vaxtının böyük bir hissəsini Linnikin emalatxanasında keçirərdi. Səbirli heykəltəraş gənc həmkarına deyərdi ki, kiçik həcmli formalarda obrazın monumental görünüşü çox önəmlidir.

   Viktor İvanoviç Petrik nüfuzlu psixoloq və görkəmli fizikdi. Onun elmi nəzəriyyələri bizim dünya haqqında təsəvvürlərimizi alt-üst edəcək qədər fantastik və orijinaldır. Dünyanın məşhur elm mərkəzləri onun nəzəriyyəsini öyrənirlər, amma onun həyatı həmişə sakit axan say kimi tufansız, fırtınasız axıb getməyib. Gənc alim yalan iftiralarla ittiham olunur. İrkutsk yaxınlığında dəhşətli koloniya həyatı başlayır. O zamanlar ordan sağ-salamat geri dönmək hər kişinin işi deyildi. Amma Petrik əyilmədi, koloniya, məhbus həyatı onun iradəsini sındıra bilmədi. Gənc alim koloniyada yeni dəzgahlar yaratdı, koloniya onun sayəsində böyük sərmayələr qazandı. Koloniyanın rəhbərləri bizdə deyildiyi kimi, onun başına and içirdilər. Xoşbəxtlikdən Petrik "gedər-gəlməz"dən geri döndü - alicənab, xeyirxah, sadə alimin yeni həyatı başladı.

   Petrikin unikallığını dərk etmək üçün Moos daşlarının bərklik şkalasına bələd olmalıyıq. Bu şkalaya almaz başçılıq edir. Almaz bu şkalada on, sapfir doqquz, zümrüd yeddi yarım vahidlə dəyərləndirilir.

   Oniks və sardonikslər Moos şkalasında beşinci yerdə dururlar. Hələ qədim zamanlardan sənətkarlar onlarla işləməyin üsullarını kəşf etmişdilər. İncəsənət tarixində və arxeologiyada bu materiallarla işlənmiş yüzlərlə sənət əsəri mövcuddur. Lakin qiymətli daşlarla işləmək, onların üzərində portret rəsmləri çəkmək ilk dəfə Viktor Petrikə müyəssər olub. Petrikə qədər bu, texniki cəhətdən əlçatmaz sayılırdı.

   O, öz unikal metodunu işləyib hazırladı, bu metodla sərt, qiymətli daşlar üzərində portret həkk etmək mümkündür. Yer üzünün ən sərt mineralı almaz belə bu metodla ipə-sapa yatır. Petrik metodu nə lazer, nə də ultrasəs texnologiyasına əsaslanır. Bəs Petrik fenomeni nədir və onu necə izah etmək olar?

   Əlbəttə bu metod akademik Petrikin sirridi, başqa sözlə bu metoda Petrik nou-hausu da demək mümkündür.

   Alimlərin, mütəxəssislərin fikrincə, Viktor Petrik elə bir texnologiya icad edib ki, bu texnologiya ilə müəyyən şəraitdə monokristalın tərkibi ani olaraq dəyişir...

   Viktor Petrik bir qayda olaraq görkəmli şəxsiyyətlərin portretlərini əbədiləşdirir.

   Mahatma Qandinin portreti Hindistan dövlətinin sifarişi ilə işlənib. Portret təbii qızılı topazda işlənilib. Bu dahi şəxsiyyətin obrazında müdriklik və uşaq sadəlövhlüyü ustalıqla öz əksini tapıb.

   Petrik doğrudan da qəribə insandı - gənclik illərində hind mədəniyyəti, fəlsəfəsi və yoqa təlimi ilə ciddi surətdə maraqlanan akademik Qandinin portretinə görə alacağı qonorardan imtina edib, o, bu ölməz əsəri hind xalqına bağışlayıb. Hindistan dövləti bu qiymətsiz sənət incisinə görə müəllifə pul-para ödəməyib. Hədiyyə kimi alıb bu əsəri. Hind mədəniyyətinin pərəstişkarı Petrik gözəl sitar çalır. Hardasa oxumuşam ki, o vaxtı ilə böyük sənətkar Ravvi Şankarla birgə sitarda hind melodiyaları ifa edibmiş...

   Bu fakt sübut edir ki, o, öz sənət əsərlərinə yalnız biznes kimi, gəlir mənbəyi kimi baxmır. Bəzən könlünün nazı ilə də oynamağı bacarır.

   Mərhum patriarx Aleksinin portreti Qərbi Avropa rəngkarlıq məktəbinə məxsus bir üslubda işlənib.

   Bir dəfə Viktor Petrik Vatikandan, Roma Katolik Kilsəsindən sifariş alır - sapfir üzərində dini mövzuda bir əsər. Məlumdur ki, sapfir fövqəladə sərt və mürəkkəb mineraldır. Bu üzdən sənətkara bir ildən artıq vaxt verilir. Amma iki aydan sonra Viktor Petrik sifarişçilərin qabağına hazır əsər - altı portret qoyur.

   Petrik etiraf edir ki, nədənsə qadın portretləri həmişə istədiyi kimi alınmır. İordaniya kralının sifarişinə əsasən kraliçanın portretini işləməli olur. Kraliçanın portreti üç yüz karatlıq nadir topaz daşında öz əksini tapmalıydı. Peterburqlu sehrbaz sidq-ürəklə işə girişir, amma gəlin görək nə alınıb? Kraliçanın portreti sənətkarın həyat yoldaşına bənzəyirdi, özü də çox bənzəyirdi. Bu ilham pərisinin şıltaqlığıdırmı, yoxsa taleyin incə zarafatıdırmı, hər halda Viktor İvanoviç özü də bu müəmmanı çözə bilməyib. Hər halda məncə, burda sənətkar şüuraltısının önəmli rolu olmalıdır.

   ***

   Peterburq ətrafı, Vsevolsk şəhərciyi. Bu kiçik şəhər heç nəylə diqqəti çəkmir. Amma bu kiçik şəhər bütün dünyada məşhurdur. Viktor Petrik bu şəhərdə yaşayır. Burda onun altı hektar torpaq sahəsi, mülkü, laboratoriyası var. Evin bütün mebellərini akademik öz əlləriylə düzəldib. Görkəmli alimlər, siyasətçilər, biznesmenlər bu kiçik şəhərciyə gəlib Petrikin əlini sıxmağı özlərinə şərəf bilirlər. Müdrik Petrik isə kralların belə qibtə edəcəkləri zənginlik içində sadə bir həyat tərzi yaşayır. Məsələn, xanımının bişirdiyi kartof oladisini iştahla yeyir.

   ***

   Fransız heykəltaraşı Emil Antuan Burdelin irihəcmli klassik kompozisiyalarını Viktor Petrikin əsərləri ilə müqayisə etmək fikrində deyiləm.

   Burdel "Bethoven" (1902), "Enqr" (1908), "Roden" (1909), "Qoca Rembrandt" (1910), "Adam Mitskeviç" (1909-1910) kimi klassik heykəllərin müəllifidir. Petrikin miniatür əsərlərinin Burdelin heykəlləri kimi monumental əsər təsiri bağışladığını vurğulamaqla əslində məlum estetik həqiqəti bir də xatırlatmış oluram. Burdel yazır ki, biz dünya qarşısında çox kiçiyik, amma bununla belə möhtəşəm səmanın sonsuzluğunu nizam və harmoniya rəmzini dərk eləyə bilirik. Bizim başımız üzərində tamam başqa bir səma mövcuddur. O, nə mavi rəngdədi, nə də lacivərd, boz və yaxud siyah da deyil. Bizim səmamız bizim daxili aləmimizdir, hər halda biz yenə onu sona qədər dərk edə bilmirik. Ustadın sözlərində böyük bir həqiqət gizlənib və yüz illərdi sənət fədailəri - rəssamlar, heykəltəraşlar, şairlər və filosoflar bu həqiqətə doğru yol gedirlər. Akademik Petrik də bu yolun yolçularından biridir.

   Bombeyli loğman, doktor Şah pasiyentlərini qiymətli daşlarla müalicə edir. Doğrudan da minerologiya effektli müalicə metodudur. Əntiq daşların energetikası çağdaş bioelektroqrafik elmi araşdırmaların daimi temalarından biridir - bunu söz məsəli sizə çatdırıram.

   Petrik metodu uzun illərin ağır və əzablı axtarışların bəhrəsidir. Gecə-gündüz laboratoriyadan çıxmayan alim ətraf mühitdən təcrid olunmuşdu, ayaqları şişmişdi, səhhəti korlanmışdı, aylar bir-birini əvəz edirdi, daşların sirri isə elə sirr olaraq qalırdı.

   Ermitajda "Şah" adlı nadir bir almaz qorunub saxlanılır. Almazın üzərində ərəb əlifbası ilə ayə yazılıb. Petrik bu nadir almazın tarixçəsi ilə maraqlandı və "Şah" almazı ona öz metodunu yaratmaq üçün ipucu verdi. Qədim şərq sənətkarlarına məlum olmuş texnologiya yenidən kəşf edildi - bu dəfə Peterburqda, akademik Viktor Petrikin laboratoriyasında.

   Petrik öz texnologiyasını gizli saxlayır. Yalnız bir dəfə o, kosmosla məşğul olan alimlər qarşısında öz texnologiyasını nümayiş etdirib, yalnız bircə dəfə. Və bu dünyada heç nəylə heyrətlənməyən kosmik alimlər Petrikin texnologiyasını görəndə sarsılıblar, şok vəziyyətinə düşüblər.

   Ötən əsrin 90-cı illərində akademik süni şəraitdə qiymətli daş-qaş əldə edir, necə deyərlər, daş-qaş yetişdirir. Onun yetişdirdiyi zümrüd, yaqut və başqa kristallar ənənəvi metodla əldə edilən daşlardan üç dəfə ucuz başa gəlir. Bu daşların keyfiyyətinə isə söz ola bilməz.

   Almaniya. İdar-Oberşteyn şəhəri. 1992-ci il. Min ildi bu şəhər Avropanın zərgərlik emalatxanasıdır. Min ildir bu şəhərin sakinləri qiymətli daşların cilalanması və ticarəti ilə məşğuldurlar. Bəli, Petrik öz istehsalı olan zümrüd və rubin daşlardan nümunələr götürərək Almaniyaya, İdar-Oberşteyn şəhərinə yola düşür. Alman zərgərləri daşları yoxlayırlar, daşların keyfiyyəti onları qane edir, alman mütəxəssisləri heyrət içindədirlər. Almanlar daş-qaşları alırlar.

   - Sizdə bu daşlardan varsa, yenə gətirin.

   Petrikin cavabı almanları çaşdırır:

   - Sizə nə qədər lazımdır? Mən sizə bir ton gətirə bilərəm. İstədiyiniz ölçüdə, istədiyiniz rəngdə.

   Petrik işləyəcəyi hər portret üçün müvafiq rəng çalarlarına malik daş seçir - özü istədiyi rəngdə daş yetişdirir. İordaniya kralının portreti üçün o, parlaq yaşıl rəngdə böyük zümrüd yetişdirib. Ata Corc Buşun portreti üçün isə açıq mavi sapfir seçib.

   Akademik İngiltərə kraliçasının tacında yer alan daşların eyni olan daş-qaşların analoji oxşarlarını, təbiri caizsə, əkizlərini yetişdirib. Bu kəşfin də hələ dünyada analoqu yoxdur.

   Yadımdadır, bir vaxtlar dünyanın gizli xidmət orqanları - MKİ, MOSSAD Petrik ovuna çıxmışdılar. Akademikə fantastik vədlər verirdilər. Petrik texnololgiyasının patentinin bazar qiyməti 216.400.000 dollar həcmində qiymətləndirilir. "Qamma-lazer"in Avropa patenti isə 4.870.250.000 dollardır. Petrik Rusiyanı tərk edib xaricə getmədi, Peterburqda qaldı. 1995-ci ildə Müdafiə Nazirliyi akademikə yiyə durdu, Kreml onu öz qanadları altına aldı.

   Mərkəzi Kəşfiyyat İdarəsinin polkovniki Paronun, MOSSAD generalı məşhur Yaakovun planları baş tutmadı. Onların planı baş tutsaydı, akademik Viktor Petrikin taleyi necə olacaqdı - bunu heç kim bilmir...
Adil Mirseyid
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws