
Azərbaycan hava hücumundan müdafiə imkanlarını artırmaq və ölkədəki iri meqapolislərlə yanaşı, sənaye-iqtisadi terminalların gücləndirilməsi məqsədilə Rusiya, Ukrayna, Türkiyə və İsraillə tərəfdaşlığını sürətlə gücləndirir.
Ötən ilin sonlarında Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın "RosOboronEksport" dövlət unitar müəssisəsi ilə iki "C-300 PMU-2 Favorit" zenit-raket kompleksi divizionunun satın alınması ilə bağlı müqavilə bağlayıb.
Bu komplekslər üçün avadanlıq istehsal edilən müəssisələrdən birinin rəhbəri Rusiyanın "Vedomosti" qəzetinə verdiyi açıqlamasında bildirib ki, ötən il imzalanmış müqavilə artıq yerinə yetirilməyə başlanıb.
"Zenit-raket kompleksləri 2013-cü ilədək bütünlüklə Bakıya verilə bilər" - menecer bildirib.
"RosOboronEksport"un mətbuat xidməti müqavilə və onun həyata keçirilməsi ilə bağlı sualları cavablamaqdan imtina etdi.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin mənsubları da "bununla bağlı informasiyamız yoxdur" söylədilər.
Rusiya belə zenit-raket komplekslərini (ZRK) Əlcəzair və Çinə satandan sonra İranla da müqavilə imzalamışdı. Lakin 2009-cu ilin aprelində Kreml müqavilə ilə bağlı bütün işləri dondurdu, 2010-cu ilin iyununda isə BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı genişmiqyaslı sanksiyaları təsdiqlədi.
Moskva da bu qətnaməni İrana "C-300"lərin satışına yasaq təki dəyərləndirdi.
Mütəxəssislərin dediklərinə görə, sabiq Sovetlər Birliyi dönəmində Bakının hava hücumundan müdafiə sistemi çox güclü olaraq yalnız Moskva və Leninqradın (indiki Sankt-Peterburq) analoji sistemlərindən geri qalırdı.
Abşerondakı hava hücumundan müdafiə sisteminin mərkəzi idarəetmə və komanda məntəqəsi Zirədəki HHM briqadasında yerləşirdi. Həmin briqadanın Hövsandan tutmuş, Ələtədək olan divizionları isə Bakının səmasını istənilən hücum cəhdindən etibarlı şəkildə qoruyurdu.
Bakının o zamankı HHM sistemi əsasən SS-25, SS-200 və SS-250 tipli zenit-raket sistemlərinə əsaslanırdı ki, o sistemlərin də təmir və təminat bazası Patamdar qəsəbəsindəki divizionda idi.
Lakin sonradan bu sistem geriləməyə və tənəzzül etməyə başlasa da, son illərdə Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrində ciddi dəyişikliklər və potensial artımı müşahidə olunur.
Əldə etdiyimiz məlumatlara görə, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) potensial və maddi-texniki təminatının gücləndirilməsi prosesi 3 il əvvəl başlanıb.
Bu məqsədlə ilk olaraq qırıcılar, səmada potensial düşmənin aviavasitələrini zərərsizləşdirmək və vurmaq üçün "səma-səma" tipli raketlər alınıb, eyni zamanda radiolokasiya stansiyaları və nəzarət-hədəfi müşayiətetmə sistemləri təkmilləşdirilib.
Həmin prosesdə Türkiyə, İsrail, Almaniya, Fransa, Rusiya, CAR və İtaliyadan alınmış avadanlıq, texnika və sistemlərdən istifadə olunub.
Sonrakı mərhələdə aşağı yüksəklikdə uçan hava hədəflərindən qorunmaq üçün qısamənzilli "yer-hava" tipli raketlər və zenit-raket kompleksləri alınıb.
Ən son mərhələ isə ölkəni qanadlı və ballistik raketlər, habelə ən son model qırıcı-bombardmançı təyyarələrin hücumlarından qorunması üçün eşelonlaşdırılmış müdafiə sisteminin yaradılması olub.
Şərti olaraq üç səviyyəyə bölünmüş bu plan çərçivəsində Bakı ilə yanaşı, ölkənin iri sənaye mərkəzləri və strateji əhəmiyyətli obyektlərinin hava hücumundan müdafiəsinin tam təminatı məqsədilə hədəfi uzaqdan aşkarlayıb müşayiət etməyə imkan verən uzaqmənzilli radiolokasiya qurğuları quraşdırılıb, onlar daimi növbəyə qoyulub və bu proses qanadlı, habelə ballistik raketləri uçuş fazasında vurmağa imkan verən zenit-raket komplekslərinin alınması ilə müşayiət olunub.
Rusiyalı ekspertlərin dediklərinə görə, Moskvanın Bakıya "C-300" ZRK-larını satması Dağlıq Qarabağdakı cəbhə bölgəsi və Azərbaycanla Ermənistan arasındakı hərbi balansda ciddi dəyişikliklərə səbəb olan deyil.
"Bizdə olan məlumatlara görə, Azərbaycan və Ermənistanın silahlı qüvvələrində ən müasir zərbə təyyarələri, qanadlı və ballistik raketlər yoxdur. Halbuki "C-300" sistemi də məhz belə hədəfləri vurmağa hesablanıb. Üstəlik, Rusiyanın Ermənistandakı hərbi bazasında 2 "C-300" sistemi var. Belədə çox yəqin ki, Bakı "C-300" ZPK-larını alaraq İranla bağlı situasiyanın gərginləşəcəyi təqdirdə özünü cənubdan gələ biləcək təhlükədən qorumaq istəyir", - "RusArm" analitik mərkəzinin eksperti Konstantin Qolovanov söylədi.
"Moscow Defence Brief"in redaktoru Mixail Barabanov isə hesab edir ki, Azərabycanın $300 milyon verərək iki "C-300 PMU-2" zenit-raket kompleksini satın alması Rusiya istisna olmaqla, bütün postsovet məkanı müdafiə və hərbi məqsədli ən böyük müqavilədir.
Rusiya əvvəllər "C-300" komplekslərini Belarus və Qazaxıstana da satıb. "Lakin həmin satışlar Rusiya silahlı qüvvələrinin texnikaları arasından olub, özü də müqavilələrin məbləği xeyli aşağı idi. Buna görə də Bakının indi iki zenit-raket kompleksini alması, özü də ən yeni və qüvvətli hava hücumundan müdafiə vasitələrindən birini seçməsi Azərbaycanın müdafiə xərclərini sürəkli artırmasından, xüsusilə də həmin xərclərin bundan sonra azalmayacağından xəbər verən amil sayıla bilər", - Balabanov söylədi.
Moskvadakı Strategiyalar və Texnologiyalar Analizi Mərkəzinin direktoru Ruslan Puxovun fikrincə, Azərbaycan hazırda Ukrayna, Belarus, İsrail, Cənubi Afrika Respublikası və Türkiyədən hərbi texnika, sursat və silahlar alaraq müdafiə potensialını fasiləsiz gücləndirir.
"Bakı Ukraynadan "MiQ-29" qırıcıları və zirehli texnika, İsraildən ən son model "Spike" tank əleyhinə raketlər, pilotsuz təyyarələr və başqa silahlarla texnikanı sattın alıb, Cənubi Afrika Respublikasında isə "Mi-24" zərbə vertolyotları modernləşdirilib. Buna görə də Azərbaycana "C-300" komplekslərini satmasaydıq, Bakı belə hava hücumundan müdafiə komplekslərini CAR və ya İsraildən alacaqdı. Ona görə də Moskvanın doğru, ölkənin maraqlarına cavab verən addım atdığını düşünürəm", - Puxov dedi.
Müşahidəçilərin fikrincə, Azərbaycanın Rusiyadan "C-300 PMU-2" ZRK-lar almasını nəzərdə tutan müqavilə imzalaması və həmin anlaşma çərçivəsində işlərin aparılması barədə informasiyanın məhz indi peyda olması Kremlin kütləvi informasiya vasitələrinə bilərəkdən "xəbər sızdırma"sıdır.
"Əgər Rusiyanın Ermənistandakı Gümrü şəhərindəki 102 saylı hərbi bazasındakı iki "C-300" zenit-raket kompleksini yerləşdirməsi əsasən cənubdan, yəni Mərkəzi Asiya ölkələri tərəfdən gələ biləcək təhlükələrə hesablandığından həmin komplekslərin heç bir halda Dağlıq Qarabağ münaqişəsində Ermənistanın gücünü artıracaq məqam hesab etmirəm. Ermənistandakı bəzi hərbçilər bu komplekslərin guya Azərbaycanla hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Bakının hava hücumlarına əl atacağı zamanlarda müdafiə üçün istifadə olunacağını deyirlər. Təbii ki, belə sözlər boş iddialar və heç bir mənası olmayan çıxışlardı. Ermənistandakı hərbçilər və siyasətçilər düşünməsinlər ki, o komplekslər Rusiyanın yox, erməni ordusunundu", - ukraynalı hərbi ekspert İqor Oqorodnikov söylədi.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən əməkdaşımıza verilən açıqlamada isə bildirildi ki, Ermənistan MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və buna görə də həmin ölkəyə hücum qurumun bütün üzvlərinə hücum təki dəyərləndirilir. Həmin səbəbdən də müharibə başlayarasa, "C-300" zenit-raket kompleksləri Ermənistan səmasını qorumaq üçün istifadə ediləsidir.