
Azərbaycan prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonuna səfər edib. AzərTAc xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət edib, parkda aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olub.
Prezident daha sonra Qəbələdə "Gilan" konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olub, "Qafqaz Riverside" hotelinin açılışında iştirak edib.
Qafqazda analoqu olmayan "Gilan" konserv zavodunda 100-dək müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur":Jalə", "Bağdan", "Aycan", "Zolotoy sad" adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik "İce tea-Jalə" soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlər.
Zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Zavodun məhsulları 30-dan çox ölkəyə ixrac edilir.
Daha sonra prezident "Qafqaz Riverside" hotelinin açılışında iştirak edib. 2008-ci ilin avqustunda inşasına başlanılan beşulduzlu hotel "Gilan Turizm" şirkətinə daxil olan ən böyük layihələrdən biridir. 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Burada 123 nömrə var və bütün otaqlar rəqəmli seyf, mini-bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib.
Hotelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunub.
Hoteldə zəngin menyu təqdim edən bir neçə bar da var. Açıq havada istirahət etmək istəyənlər üçün 70 nəfərlik bağça yaradılıb.