
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da Bakıda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokovanı qəbul edib.
Xanım Bokovanın YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirən prezident onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən xanım Bokova rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını deyib. O, Azərbaycanın birinci xanımının fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
AzərTAc xəbər verir ki, xanım İrina Bokova dünən həmçinin YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri ilə görüşüb. Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışarkən bu mötəbər təşkilat ilə ölkəmiz arasında əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Məhz bu uğurlu əməkdaşlığın sayəsində mədəni irsin mühafizəsi istiqamətində bir neçə mühüm layihə həyata keçirilib.
Komissiyanın üzvü, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, YUNESKO-nun baş direktorunun ölkəmizə səfəri Azərbaycan ilə təşkilat arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Nazirin sözlərinə görə,
gələn ilin aprelində Bakıda mədəniyyətlərarası dialoq üzrə yüksək səviyyəli forum keçiriləcək. YUNESKO bu forumun keçirilməsini dəstəkləyir.
Azərbaycanın ilk dəfə olaraq YUNESKO-nun qeyri-maddi irs komitəsinə üzv seçildiyini vurğulayan Ə.Qarayev, bunun ölkəmiz ilə təşkilat arasında əməkdaşlıqda yeni mərhələnin açdığını deyib.
Ölkəmizin mədəniyyətlərarası dialoqa nümunə olduğunu vurğulayan İrina Bokova isə bildirib ki, son illər dinamik inkişaf edən Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasını əsas prioritet istiqamətlərdən biri kimi elan edib. Azərbaycanın YUNESKO-nun bütün orqanları və bölmələri ilə sıx əməkdaşlığından məmnunluğunu bildirən xanım Bokova rəsmi Bakının mədəni irs nümunələrinin YUNESKO-nun siyahısına daxil edilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirmiş, ölkəmizin təşkilatın bir çox konvensiyasına qoşulduğunu xatırladıb.
Ölkəmiz ilə rəhbərlik etdiyi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirən İ.Bokova Azərbaycanın mədəni irsinin təbliğ olunmasında, inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərindən danışıb və vurğulayıb ki, birgə fəaliyyətin nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunub.
Bokovanın sözlərinə görə, cari ilin noyabrında Keniyada YUNESKO-nun qeyri-maddi irs üzrə komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan xalçasının qeyri-maddi irs siyahısına daxil edilməsi ilə bağlı Azərbaycan hökumətinin təklifi də müzakirə olunacaq: "Ümid edirəm ki, Azərbaycan xalçası da bu siyahıya daxil ediləcəkdir. Çünki ekspertlər sizin hökumətinizin təklifinə çox müsbət yanaşırlar".