Azərbaycandan olan silahlı brakonyerlər
Xəzərin Qazaxıstan hissəsini zəbt ediblər

Azərbaycandan olan silahlı brakonyerlər demək olar ki, Xəzərin Qazaxıstan hissəsini zəbt ediblər. Vəziyyət o yerə gəlib çatıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev balıq sahəsində qayda-qanunun yaradılmasına dair göstəriş verib. Bu barədə Qazaxıstanın "Gazeta.kz" nəşri məlumat yayıb.
Brakonyerlərin texniki üstünlüyü böyükdür. Hətta sərhədçi katerləri də onlara çata bilmir. "Təpədən dırnağa qədər silahlanmış Azərbaycan və Dağıstandan olan brakonyerlər xəbərdarlıq etmədən atəş açırlar, - "Gazeta.kz" yazır.- Builki yaz balıq ovu mövsümündə brakonyerlər ümumi çəkisi 22 sentner olan 649 nərə balığı ovlayıblar. Bu, yalnız prokurorluq tərəfindən təşəbbüs göstərilmiş bir reydin göstəricisidir. Azərbaycana məxsus brakonyer gəmilərinin və katerlərinin Qazaxıstan sularında dəfələrlə saxlanmasına baxmayaraq, Azərbaycandan olan brakonyerlər öz işlərini davam etdirirlər".
"Turan"a məlum olub ki, brakonyerləri Xəzərin Qazaxıstan hissəsinin dərin suları cəlb edir. Azərbaycandan fərqli olaraq, burada nərənin populyasiyası stabil saxlanılır. Azərbaycan sektorunda nərə balığının vəhşicəsinə ovlanması nəticəsində bu balığın populyasiyası kəskin şəkildə azalıb.