Aynur Quliyeva: "Yerli əhali ilə məcburi köçkünlər arasında barışıq əldə olmayıb"

"Tərtər sakinləri ilə bu rayonun ərazisində məskunlaşan Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında heç bir barışıq, razılıq əldə olunmayıb. Vəziyyət əvvəl olduğu kimi qalır". Bunu "Modern.az"a Tərtər rayonundan deputat seçilmiş Aynur Quliyeva deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı tərtərlilər ona məktub yazıblar. Məktub rayon ağsaqqallarının imzası ilə göndərilib. Deputatın dediyinə görə, məktubda göstərilir ki, tərtərlilərlə şotlanlılar arasına düşmüş qan davası kökündən həll olunmalıdı: "Hər il dörd-beş dəfə belə xoşagəlməz hadisələr baş verir. Ona görə də müraciət müəllifləri çıxış yolunu ağdamlı məcburi köçkünlərin Tərtərdəki məskunlaşdıqları ərazidən çıxarılmasında görürlər. Müraciət edən tərtərlilər bildirirlər ki, Şotlanlı kəndinin köçkünləri Ağdam ərazisində salınmış yeni şəhərciklərə köçürülməlidirlər ki, dava-dalaşa son qoyulsun".
A.Quliyeva deyib ki, tərtərlilərin məktubunu nəzərə alaraq o da deputat kimi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət edib.
Qeyd edək ki, A.Quliyeva da Tərtər sakinlərinin təklifini əsaslı sayır. O da çıxış yolunu Ağdamın Şotlanlı kənd sakinlərinin köçkün şəhərciklərinin birinə köçürülməsində görür.
Xatırladaq ki, münaqişə iyunun 6-da Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında baş verib. Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib. Həmçinin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı da yüngül xəsarət almışdı. Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.