
Tapdıq Abbas Müsavat Partiyasındakı iki qruplaşmanın üz-üzə gəlməsinə baiskar oldu. İndi bir qrup onun məlum addımına görə partiyadan qovulmasını tələb edir, o biri qrupsa töhmət verilməsiylə kifayətlənməsinin tərəfdarıdır. Partiya rəhbərliyisə hələlik prosesləri izləməkdədir...
Bununla düz bir həftədir ki, Müsavat Partiyası Məclisinin üzvü Tapdıq Abbasın Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etməsi AXCP ilə Müsavatın birliyi məsələsi qədər, bəlkə də ondan da artıq aktual olub. Məsələ o qədər şişib ki, hətta bunu müzakirə edən Müsavat Divanı T.Abbasa partiya cəzası verib. Di gəl, partiyada bir qrup var ki, bununla razılaşmır. Onların bircə tələbi var və bu dəyişmir; Tapdıq Abbas Müsavatdan xaric edilməlidir, onları ayrı töhmət-möhmət, xəbərdarlıq-məbərdarlıq, cəza-məza maraqlandırmır. Deyilənlərə görə, onun partiyadan getməsini tələb edənlər Müsavat rəhbərliyinin qarşısında bəyanatla da çıxış ediblər. "Ya partiyada o qalacaq, ya da biz". İndi Müsavatın başbilənləri də baş sındırıb bu vəziyyətdən itkisiz çıxmağın yollarını arayırlar.
T.Abbas bilə-bilə ki, bu hərəkəti partiyada belə səs-küy yaradacaq, yenə də bu addımı atıb. İndi də səhv etdiyini deyir.
T.Abbasın üzləşdiyi bu hadisə başqa bir müxalifətçinin başına gəlməsəydi, onu bəlkə də bu qədər qınamazdılar. Amma səndən əvvəl belə bir hərəkət edənin aqibəti göz qabağındaydı axı, ay Tapdıq bəy. KXCP Ali Məclisinin keçmiş sədri Zəlimxan Məmmədlinin də eyniylə belə bir hərəkətinə görə hoydu-hoyduya götürülməsi, bundan sonra onun partiyada tutduğu postdan istefa verməsi göz qabağındaydı ki. İndi adamın öz əli, öz başıdır, harda istəyər baş əyər, istəməz əyməz. Bir kimsə də ona güldən ağır söz deyə bilməz.
T.Abbas da fərqindədir ki, indi iqtidar-müxalifət münasibətləri ölkə içinə çıxarılası deyil. Amma o, hakimiyyətin məsuliyyəti öz üzərinə götürüb müxalifətə doğru addım atacağına inanır. Ona da əmindir ki, bir gün gələcək imkanlı iqtidarın imkansız müxalifəti küncə sıxmasına son qoyulacaq. "İnanıram ki, ölkə prezidenti mətbuata belə güc verdiyi kimi inşallah, müxalifətlə də münasibətləri normallaşdıracaq. Və mənim kimi hər iki düşərgədə işləmək istəyən adamlar belə pis vəziyyətdə qalmayacaqlar".
Doğrudan da hər iki düşərgəyə işləmək çətindi. Aşağı tüpürürsən saqqaldı, yuxarı tüpürürsən bığ, belədə ya saqqalını təraş etməlisən, ya da bığından keçməlisən. Amma vay o günə ki, bunların heç birindən imtina etməyəsən. Onda da adamın işi qalır Allaha...