Füzuli Fərəcov:
"Vətənə qayıtsam da, qayıtmasam da,
özümü Azərbaycana həsr edəcəyəm"

Əslən Ağsu rayonunun Ərəbuşağı kəndindən olan Füzuli Fərəcov S.Orconikidze adına Moskva Aviasiya institutunun Təyyarəqayırma fakültəsinin "Müasir təyyarələrin konstruksiyası və layihələşdirilməsi" bölməsini bitirib. Moskva şəhərindəki Tuşino Maşınqayırma zavodunda usta, baş usta, sex rəisi vəzifələrində çalışıb. Tuşino Maşınqayırma zavodunun "Buran" kosmik gəmiyığma sexinin rəisi vəzifəsində işləyib. İctimai Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri namizədi Füzuli Fərəcov hazırda Moskva şəhərində "TexnoSvar - TMZ" maşınqayırma zavodunun baş direktoru və "Məmməd Əmin Rəsulzadə Məclisi"nin sədridir.Füzuli Ataş oğlu Fərəcov Rusiyanın kosmik fəzasında çəkisi olan xadimdir - hərçənd fəza çəkisizliyi ilə seçilsə də. O, Rusiya milli mentalitetində azərbaycanlının çəkisini özü qədər ağır gətirən soydaşımızdır, Vətəni qürbətdə pafosla, sözlə yox, ağılla, əməllə, ağıllı əməllərlə sevən yurddaşdır. Azərbaycanı Rusiyada elm, siyasət, mübarizə, diaspora, biznes və mentalitet baxımından istənilən sahədə təmsil etmək qabiliyyətində olan həmvətənimizdir.
Füzuli Fərəcov həm də Rusiyada yaşayan yeganə azərbaycanlıdlr ki, sağlığında ikən büstü Moskvanın məhşur "İncəsənət park"ında qoyulub. Özü istəməsə də, elə büstünün qarşısındaca onu həmsöhbətimiz olmağa razı sala bildik. Güman edirəm ki, onunla söhbətimiz oxucularda müəyyən təsəvvür yaradacaq: həm özü, həm də diasporamız haqqında.
- Bütün Rusiya üzrə 15 nəfərin sırasında sizin də büstünüzün olması təqdirəlayiqdir. Büstünüzün önündə dayanarkən hansı hissləri keçirirsiniz?
- Təbii ki, adamı istər-istəməz müəyyən kövrək və doğma hisslər bürüyür. Ancaq tam səmimi deyirəm: büstümün qoyulmasına əvvəlcə razılıq vermək istəmədim. Həm özüm, həm ailə üzvlərim, həm də məni yaxından tanıyanların bəziləri sağlığımda büstün qoyulmasını bir qədər qəbuledilməz hesab edirdik. Ancaq büst qoyulandan sonra hamılıqla təbrik edib dedilər ki, "bu, gözəl iş oldu, bu, millətimizə verilən qiymətdir".
- Eşitdiyimizə görə, münsiflərin siyahısının xeyli uzun olmasına baxmayaraq burada cəmi 15 nəfərin büstü qoyulub. Namizədlərin seçilməsində hansı meyarlara üstünlük verilmişdi?
- Birinci o şəxslərə üstünlük verildi ki, onların "Slava Natsii" ordenləri var. Mənim də həmin ordenim var və Rusiyanın iqtisadi həyatındakı rolum da nəzərə alınıb. Büstümün qoyulması təklifi Beynəlxalq İctimai Elmlər Akademiyasına məxsusdur. Bu təklif RF Dumasının və hökumət nümayəndələrinin də üzv olduğu Rusiya Federasiyasının İctimai Milli Komissiyasına təqdim olunandan sonra Duma ilə razılaşdırılaraq Dövlət Fonduna verilmişdi.
- Uzun illər rəhbərlik etdiyiniz Tuşino Maşınqayırma zavodu hazırda öz təyinatını dəyişərək "TexnoSvar - TMZ" adı altında fəaliyyət göstərir. Bu nə ilə bağlıdır?
- 1982-ci ildə Moskva Aviasiya institutunun Təyyarəqayırma fakültəsinin "Müasir təyyarələrin konstruksiyası və layihələşdirilməsi" bölməsini bitirəndən sonra Tuşino Maşınqayırma zavodunda usta, baş usta, sex rəisi və direktoru vəzifələrində çalışmışam. Hətta həmin zavodda "Buran" kosmik gəmi yığma sexinin rəisi vəzifəsində işləmişəm. O zaman 25 yaşım vardı və SSRİ Aviasiya Nazirliyinin ən cavan sex rəisi idim. SSRİ dağılandan sonra bir sıra iri sənaye obyektləri öz təyinatlarını dəyişməli oldu, o cümlədən də bizim zavod. Ancaq ad dəyişsə də, mənim fəaliyyətim yenə də o zavodla bağlıdır və hazırda "TexnoSvar - TMZ" maşınqayırma zavodunun baş direktoruyam.
- Azərbaycanlı olmağınız strateji əhəmiyyətli böyük bir zavoda rəhbərlik etməyinizə mane olmur ki?
- Mən azərbaycanlı olmağımla fəxr edirəm, həmişə onu isbat etməyə çalışıram. Vaxtilə təzyiqlər olub, ancaq milli ruh, vətənpərvərlik hissi qüvvətlidirsə, təzyiq və təsirlər əks təsirə bərabər olur.
- Mövzunun istiqamətini dəyişək. Rusiyadakı diasporamızın bu günü və sabahı barədə nə deyə bilərsiniz? Nələri etmişik və nələri etməmişik?
- Son illər diasporada təşkilatlanma artıb, inkişafa doğru gedirik, ayrı-ayrı təşkilatlar arasında əlaqələr yaranıb. Sadəcə, şəraitdən istifadə edə bilmirik. Düşüncə tərzimizdə, siyasi baxışlarımızda fərqlər ola bilər və bu təbiidir. Ancaq ümummilli problemlərimizi dünya ictimaiyyətinə vaxtında çatdırmaqdan ötrü hamımız eyni mövqe sərgiləməliyik. Dünya faktiki olaraq gözümüzün qabağında dəyişir. Dünyanın bir çox yerlərində tək-tək yaranan cəmiyyətlərin hər hansı qüvvə ətrafında mərkəzləşməsi və təşkilatlanması təbiidir. Ancaq bu qüvvə, mərkəz Azərbaycan olmalıdır.
Biz 2003-cü ildə Rusiyada "Məmməd Əmin Rəsulzadə Məclisi"ni yaratdıq. Rusiyada bu Məclisin yaranması diasporamızın təşkilatlanmasının təbii bir forması idi. Düzdür, Moskvada "Şəhriyar Məclisi" və digər ədəbi-ictimai-siyasi, eləcə də, milli-mədəniyyət məsələləri ilə məşğul olan cəmiyyətlər fəaliyyət göstərsə də, "Məmməd Əmin Rəsulzadə Məclisi"ni də təsis etməyi zəruru hesab etdik. Çünki prinsiplərimizin, köklərimizin, Azərbaycanda olan demokratiya irsinin öyrənilməsinə ehtiyac duyurduq.
Rusiyada başqa millətlərin bəzi nümayəndələri və qurumları bəzən elə düşünürlər ki, Azərbaycanda demokratiya yoxdu. Halbuki demokratiyanın kökü Yaxın Şərqdən - Azərbaycandan başlayıb. Biz sadəcə olaraq, tariximizi, demokratiya ənənələrimizi layiqincə öyrənməmişik, yeni nəslə və dünya ictimaiyyətinə çatdıra bilməmişik. Biz bu irsi təbliğ etməyə başlayanda ruslar gördülər ki, doğrudan da Şərqdə ilk demokratik respublika Azərbaycanda yaranıb.
- Azərbaycanla bağlı nə deyə bilərsiniz? Oradakı prosesləri necə izləyirsiniz və proseslərin Azərbaycan cəmiyyətlərinə hansı təsirləri var?
- Azərbaycandan heç bir maddi umacağımız yoxdur. Bizi millətimizin imici və gələcəyi maraqlandırır. Azərbaycanda baş verən ayrı-ayrı siyasi oyunlara qatılmaq istəmirik. Biz Azərbaycanı demokratik, qüvvətli bir dövlət kimi görmək arzusundayıq. Burada iqtidar-müxalifət məsələsi yoxdur. Əsas məsələ Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, demokratik inkişafın və demokratik islahatların sürətlə aparılmasındadır. Təəssüf ki, bu proseslər Azərbaycanda çox ləng gedir.
Azərbaycan cəmiyyətləri problemləri dövlət qarşısında qoymağa çalışırlar. Bu məsələdə bəziləri şəxsi məqsəd güdsə də, bəziləri bu yolda maddi imkanlarından belə istifadə edirlər. Ancaq bu bütövlükdə yetərincə deyil. Çünki diasporanın içərisində həmin problemləri həll edə biləcək qüvvələr hələ yetişməyib.
- Qarabağ probleminin həlli yollarını necə görürsünüz? Münaqişənin həlli ilə bağlı Rusiya ictimaiyyətində hansı fikirlər, düşüncələr var?
- Biz azərbaycanlılar sülhsevənik. Hamı dəqiq bilir ki, ermənilər danışıqla, sazişlə torpaq qaytaran deyillər. Ona görə də, biz həmişə müharibəyə hərtərəfli hazır olmalı, güclü ideoloji və informasiya təbliğatı aparmalıyıq.
Bütün dünya bilir ki, Qarabağ Azərbaycanındı. Bu səbəbdən də Qarabağda konstitusion hüquqlarımızın bərpası üçün ermənilərə deməliyik ki, beynəlxalq terrordan əl çəksinlər. Əgər bunu etməsələr, onda konstitusion haqlarımızı silahlı yolla bərpa etməliyik.
Biz Qarabağla bağlı haqlı mövqeyimizi Rusiya ictimaiyyətinə tam dolğunluğu ilə çatdırmamışıq. Bizim əsas məqsədimiz haqlı olduğumuzu təkcə Rusiyaya deyil, bütün dünyaya sübut etməkdir. Bu işi yarımçıq qoymaq bizim ziyanımızadır. Bu mübarizənin önündə harada yaşamalarından asılı olmayaraq Azərbaycan ziyalıları getməlidirlər.
- Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyəti barədə nə deyə bilərsiniz. Hazırkı durum sizi qane edirmi?
- Əslində arzu etdiyimiz inkişaf yoxdur, sadəcə münasibətlər bir azca irəliyə gedib. Biz zamanın nəbzini tutmalı, fürsətdən istifadə edib tarixi şəraitə uyğunlaşmalıyıq. Yoxsa uduza bilərik. SSRİ-nin dağılmasında gecikdik, indi geckməyə haqqımız yoxdur. Mənim fikrimcə, hazırkı mərhələdə Azərbaycan həm İran, həm Rusiya, həm də Qərblə yalnız balanslaşdırılmış siyasət aparmalıdır. Bunu Azərbaycanın milli maraqları tələb edir. Onda Rusiya da, Qərb də, başqaları da Azərbaycana hörmətlə yanaşacaq.
- Moskvada xeyli imkanlı iş adamlarımız, tanınmış ziyalılarımız var. Onlar tam gücü ilə təşkilatlansalar Azərbaycan üçün xeyli iş görmək olar. Sizcə, buna nə mane olur?
- Azərbaycan diasporunun avanqardı demək olar ki, Rusiyadadır. Rusiya azərbaycanlıları qüvvətli intellektual potensiala malikdirlər. Bazarlarda da xeyli həmyerlilərimiz var. Bəziləri buna çox pis baxırlar. Ancaq indiki çətin vaxtda, bazar iqtisadiyyatı dövründə azərbaycanlıların bazarda olması bizim potensialımızdan xəbər verir. Sadəcə, qalır bu imkandan necə istifadə etmək. Nə olsun ki, bazarlarda azərbaycanlılar var. Mən onları gələcəkdə Azərbaycanın milli burjuaziyasının yetişmə bazası hesab edirəm. Bu çox lazımıdı.
İntellektual və bütün sahələr baxımından da biz irəlidə gedirik. Düzdür, ziyalılıların içərisində yaşlı nəsildən olan bəzi görkəmli alimlərimiz, elm adamlarımız var ki, onlar fərqli düşüncə tərzinə malikdirlər. Onlarda sovet psixologiyası hələ də qalıb. Həmin psixologiyanın yaxşı cəhətləri olsa da, sabahımızla bağlı ümid gənclərədir. Gənclərimiz yalnız bazarlarda deyil, müxtəlif sahələri əhatə ediblər. Azərbaycanlı tanıyıram ki, pulu olmaya-olmaya indiki şəraitdə dissertasiya, namizədlik işi yazır. Böyük potensiala malik gənc nəslin inkişafı sürətlə gedir. Bunun üçün sadəcə olaraq vaxt və onlara mane olmamaq lazımdır.
Eyni zamanda, Azərbaycanla sıx əlaqə qurmaq lazımdır. Çünki millətə maddi və elmi ruhdan başqa vətənpərvərlik ruhu da lazımdır. O ruhu burada yaşayan azərbaycanlılar Azərbaycandan almalıdırlar. Ancaq burdakı gənc nəslin Azərbaycanla əlaqələri zəifdir.
- Milli adət-ənənələrimizin təbliği nə səviyyədədir?
- Bu, ancaq bizim özümüzdən asılıdır. Azərbaycan diasporunun keçirdiyi Novruz bayramı, həmrəylik və anım günləri daha əzəmətli olur. Moskvada Azərbaycan cəmiyyətləri çoxdur. Bu qurumların qüsurları ilə yanaşı, müsbət işləri də var. Həmin cəmiyyətlərlə əlaqələrə gəlincə, bizim əlaqələrimizə mane olan qüvvələr var. Bu qüvvələr təkcə öz daxilimizdə deyil, eyni zamanda ermənilər və ermənipərəst ruslar tərəfindən də var. Onlar bizim milli hisslərimizi, hansı nöqtəmizə toxunmağı dəqiq bilirlər. Bizim aramızda çaxnaşma yaratmağa çalışırlar. Bir nümunəni deyim: mən vaxtilə Rusiya Milli Birliklər Konqresi Rəyasət Heyətinin üzvü olanda bir neçə dəfə ermənilər mənə qarşı belə fənddən istifadə etməyə cəhd edirdilər: "Sən ki, naxçıvanlı deyilsən, niyə belə edirsən?". Ermənilər milli mənafeyimizi regionçuluğa endirmək istəyir və regionçuluq faktından çox gözəl istifadə etməyə çalışırdılar. Hərdən də demokratik qurumlarımız, partiyalarımız barəsində belə deyirdilər: "Sizin Müsavat Partiyası terrorçu partiyadır. Özünüz deyirsiniz, Bakıda deyiblər". Görürsünüz, ermənilər buraxdığımız səhvlərdən istifadə edirdilər. Amma nə demələrinə baxmayaraq cavablarını dərhal veririk.
- Vətənin şirinliyi qürbətdə daha çox hiss olunur. Bu mənada yəqin ki, Azərbaycan üçün darıxırsınız. Vətənə qayıtmaq barədə fikirləşmirsiniz ki?
- Mən bütün varlığımla Azərbaycana bağlı bir insanam və Azərbaycan üçün həmişə darıxıram. Azərbaycan hissləri daim qəlbimdədir, müasir fikirli olsam da, sivil dövlətlərin inkişafını yaxşı bilsəm də, nədənsə, özümü daim qürbətdə hiss edirəm. İndiyə qədər nəyə nail olmuşamsa, onun əvvəlini mən Azərbaycanda əldə etmişəm. Bundan sonra hansı nailiyyətlər əldə edəcəyəmsə, onu Azərbaycana qurban verməyə hazıram. Hazırda Rusiya vətəndaşı olmağımla bərabər özümü təmiz azərbaycanlı hesab edir, bununla qürur duyuram. Vətənə qayıtsam da, qayıtmasam da, özümü Azərbaycana həsr edəcəyəm. Təəssüf ki, işimlə bağlı Azərbaycana gedib-gəlməyim çox çətin olur. Amma vətəndir, vaxt olsa, daha çox gəlib-gedərik. Azərbaycana qayıtmaq barədə isə düşünməmişəm.