
Gürcüstanla Azərbaycan arasında tranzit dəhlizləri inkişaf edərək Rusiya və İranın tranzit dəhlizlərinə rəqabət təşkil edəcək. "Rosbalt"ın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Nikoloz Gilauri Bakıdan qayıtdıqdan sonra ölkə hökumətinin iclasında bildirib.
Xəbər verdiyimiz kimi, iyulun 23-də Gürcüstan və Azərbaycan arasında "Nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması haqqında" memorandum imzalanıb. Bakıda görüş zamanı sənədi Gürcüstan tərəfdən Nika Gilauri, Azərbaycan tərəfdən baş nazir Artur Rəsizadə imzalayıblar.
Memorandum sosial şuranın yaradılmasını nzəərdə tutur. Şuraya Azərbaycan hökumətinin nümayəndələri ilə birlikdə Gürcüstan hökumətinin nümayəndələri də daxil olacaq. Bu barədə "Novosti-Gürcüstan" məlumat yayıb.
"Ölkələrimiz vasitəsilə nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması, İran və Rusiya kimi dəhlizlərdən daha çox yük cəlb olunması Gürcüstan və Azərbaycan üçün çox vacibdir", - deyə Nika Gilauri vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə iki ölkə prezidentinin qərarı əsasında xüsusi birgə komissiya yaradılıb. Komissiya bu dəhlizlə bağlı vahid siyasət hazırlayır və yüklərin nəqlinə cəlb olunmuş bütün şirkətlərin, o cümlədən Gürcüstan və Azərbaycan dəmir yolu və dəniz limanlarının fəaliyyətini koordinasiya edir ("Turan").
Baş nazir qeyd edib ki, hər iki dövlət Türkiyə tərəfinin nəqliyyat dəhlizinə cəlb olunmasında maraqlıdır.