BVF Çinə güzəşt edir
Beynəlxalq Valyuta Fondunun (BVF) Çin iqtisadiyyatına həsr olunmuş illik hesabatında yuanın kursunun süni şəkildə aşağı salındığı barədə bir kəlmə də deyilmir.
Baxmayaraq ki, ABŞ və ən nüfuzlu beynəlxalq investisiya fondlarının analitik xidmətləri Çin hökumətini yuanın kursunu süni şəkildə aşağı saxlamaqda suçlayırlar.
"Beynəlxalq Valyuta Fondunun bir neçə direktoru hesab edir ki, Çinin milli valyutasının kursu real səviyyəsindən bilərəkdən aşağıda tutulur. Lakin digər direktorlar hesabat müəllifinin Çindəki mübadilə kursu barədə fikirləri ilə razılaşmayaraq bildiriblər ki, belə fikirlər Çinin cari ödəmə balansının profisiti ilə bağlı qeyri-müəyyən proqnozlara əsaslanır", - deyə BVF-nin hesabatında vurğulanır.
BVF direktorlar şurası hesabatda Çini yuanın ABŞ dolları kursuna sərt bağlılığı siyasətindən əl çəkmək qərarına görə tərifləyib. Sərt kursun ləğvindən sonra yuanın ABŞ valyutası ilə müqayisədə 0,7% bahalaşmasına rəğmən BVF rəhbəri Dominik Stross-Kan Çin valyutasının kursunu aşağı salınmış hesab edir.
ABŞ-da isə Çini ittiham edərək bildirirlər ki, rəsmi Pekiin yerli ixracatçıların maraqlarından çıxış edərək valyutasının bahalaşmasının qarşısını alır. Vaşinqton buna qarşı cavab tədbirlərinə əl atacağını bəyan edir.
Müşahidəçilər hesab edirlər ki, yuanın ABŞ dollarına olan kursunu stabilləşdirən və mütəmadi olaraq möhkəmləndirən Çin hakimiyyəti sadəcə, bazar konyukturundan ölkənin maraqları üçün istifadə edir. Pekin bu minvalla ölkədəki istehsalçılarla ixracatçıların maraqlarını qoruyur, yalnız özünə lazım olanda valyutasını bir qədər bahalaşdırır. Belə addımlar isə yalnız Çin iqtisadiyyatının ifrat "qızma"sının qarşısını almaq üçün edilir.
Təbii ki, belə siyasət digər dövlətlərin rəqabət imkanlarını zəiflətdiyindən yuanın kursu gerçəkdən də azad olana qədər Pekinə yönəlmiş sərt tənqid və narazılıqlar səngiyən deyil.