"İnkişaf etmək" İsrailə yaramadı
İsrailin inkişaf etmiş ölkələr sırasına daxil edilməsi daxili fond bazarının inkişafının ləngiməsinə səbəb olub.
İsrailin fond bazarının iki ay əvvəl "inkişaf edən" səviyyəsindən "inkişaf etmiş" pilləsinə keçirilməsindən sonra ölkənin fond bazarı dünyanın ən önəmli birjaları arasında ən pis nəticələrdən birini nümayiş etdirib.
"Ediot Ahronot" bildirir ki, İsrailin əsas fond indeksi TA-25 məzkur dönəm ərzində cəmi 1,7% yüksəlib. Halbuki qlobal foond indeksi MSCİ World 4,3%, inkişaf etməkdə olan ölkələr indeksi MSCİ isə 9,6% artıb.
İsrailin inkişaf etmiş dövlətlər sırasına şamil edilməsi ilk-əvvəl investorların nikbinliyinə səbəb olmuşdu. Axı ölkə ABŞ, Yaponiya və Almaniya ilə bir qrupda sayılırdı.
Lakin sonradan bəlli oldu ki, İsrailin səviyyəsinin belə kəskin və süni şəkildə yüksəldilməsi daxili bazara və iqtisadiyyata investisiyalar axınını xeyli azaldıb.
İnkişaf etmiş ölkələr arasında İsrailin xüsusi çəkisi cəmi 0,36% olduğu halda, inkişaf etməkdə olan dövlətlər arasında həmin göstərici 2,9%-ə bərabərdi.
Bu səbəbdən də investorların İsrailə marağı azalıb. Çünki onlar çox vaxt konkret ölkənin yox, bir qrup ölkənin fond bazarına sərmayə yatırırlar.
Birja analitikləri hesab edirlər ki, İsrail indi çox böyük hovuzda xırda balığa bənnzəyir və ona görə də portfel menecerlərinin tam əksəriyyəti İsrailin fond bazarını qulaqardına vururlar.
İsrailin "səviyyə artımı" MSCİ üçün son 9 ildə ilk olaydı. Son dəfə olaraq "inkişaf etməkdə olan" dövlətlər sırasından "iinkişaf etmiş ölkələr" arasına 2001-ci ildə Yunanıstan qatılmışdı.
İsraildə adambaşına düşən ÜDM $28400-ə bərabərdi ki, bu da Qərbi Avropa ölkələrinin tam əksəriyyətindəki analoji göstəricidən 10-15% azdır.