Adət-ənənələrimiz
itirilir?
Rəyi soruşulanların əksəriyyəti adət-ənənələrimizin xarici
təsirlərldən qorunmasını vacib sayır
"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi Bakı şəhəri və Bakı kəndlərində "Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği" layihəsi çərçivəsində növbəti sorğusunu keçirib. Birlikdən qəzetimizə bildirildiyinə görə, respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadıldığı barədə suallar verilib.
Ümumilikdə 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da respondentlərin 56%-ni təşkil edib. Sorğu iştirakçılarından 220 (44%) nəfər isə əks cinsin nümayəndələri olub.
"Bu gün bizim milli adət-ənənələrin mövcud durumunu necə dəyərləndirərdiniz" sualını cavablandıran respondentlərdən 139 nəfəri (27,8%) "bizim milli adət-ənənələrdən çox şey itirilməkdədir" qənaətinə gəlib. Rəyi soruşulanlardan 44 nəfəri (8,8%) bu suala "bizim milli adət-ənənələrdən çox şey yaşanmaqdadır", 214 nəfəri (42,8%) "bizim milli adət-ənənələrdən bir qismi unudulsa da, əksəriyyəti qorunmaqdadır", 83 nəfəri (16,8%) "bizim milli adət-ənənələrimiz tamamilə unudulub" cavabını verib. 20 nəfər (4%) isə cavab verməyə çətinlik çəkib.
Digər xalqların adət-ənələrinin bizim milli adət-ənənələrə təsiri barədə sualını respondentlərin 237 nəfəri (47,4%) "bizim adət-ənənələri Qərbin kənar mənfi təsirlərdən qorumaq lazımdır", 86 nəfəri (17,2%) "bizim adət-ənənələri kənar təsirlərdən qorumaga ehtiyac yoxdur", 163 nəfəri (32,6%) "bizim milli adət-ənənələrə digər xalqların adət-ənənələrindən müsbət halları cəlb etmək olar" kimi cavablandırıb. 14 nəfər (2,8%) "cavab verməyə çətinlik çəkirəm", deyib.
"Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin yaşadılmasına ehtiyac varmı" sualına rəyi soruşulanların 272 nəfəri (54,4%) "bəli", 43 nəfəri (8,6%) "xeyr", 185 nəfəri (37%) isə "yalnız zamanə ilə uygunlaşanları yaşatmaq lazımdır" cavablarını verib.
Respondentlərin 38 nəfəri (7,6%) "toy və yas mərasimlərinin hazırki durumu sizi nə dərərcədə qane edir" sualına "tamamilə qane edir", 278 nəfəri (55,6%) "tamamilə qane etmir", 31 nəfəri (6,2%) "nisbətən qane edir" və nəhayət 153 nəfəri (30,6%) "nisbətən qane etmir" cavabları ilə kifayətləniblər.
Respondetlər "toy və yas mərasimlərinin dəbdəbəli keçirilməsinə münasibətiniz necədir" sualını aşağıdakı kimi cavablandırıb: 179 nəfər (35,8%) "pis, bu artıq israfçılıqdır və cəmiyyətdə insanlar arasında ayrı-seçkilik yaradır", 154 nəfər (30,8%) "yaxşı, bu hər bir insanın imkanına və zövqünə uyğun olmalıdır", 167 nəfər (33,4%) isə "yaxşı, lakin bu, insanları sonradan yaranan problemlər ilə üz-üzə qoymamalıdır" cavabını verib.
Aytən FƏRHADOVA