Yarım ildə ölkədə
11375 cinayət qeydə alınıb
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirildi
Dünən Daxili İşlər Nazirliyində (DİN) 2010-cu ilin altı ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiyanın 2010-cu ilin altı ayı ərzində cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması və digər məsələlərə həsr olunduğunu deyib.
Nazir bildirib ki, bu ilin altı ayı ərzində cinayətkarlığa qarşı mübarizə uğurla davam edib, əvvəlki illərdə əldə olunan müvəffəqiyyət qorunub saxlanıb, ərizə və şikayətlərə operativ baxılması istiqamətində müsbət addımlar atılıb: "Bu gün Azərbaycanda kriminogen duruma nəzarət olunur. Baş verən ağır cinayətlərin əksəriyyəti açılıb. Hesabat dövründə soyğunçuluq, quldurluq və digər cinayətlər azalıb, adam oğurluğu cinayəti isə ümumiyyətlə qeydə alınmayıb".
Kollegiyada məruzə ilə çıxış edən daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov bu ilin altı ayı ərzində 11375 cinayət hadisəsinin qeydə alındığını deyib.
Nazir müavini bildirib ki, cinayətlərin 96 faizi, yəni, 10920-si DİN və prokurorluq orqanlarının qanunla müəyyən edilən səlahiyyətləri çərçivəsində təhqiqatı və istintaqı aparılan hüquqazidd əməllər olub. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hədə-qorxu ilə tələb etmə 33,3 faiz, soyğunçuluq 26,3 faiz, quldurluq 14,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 2,3 faiz, zorlama isə 2,6 dəfə azalıb: "Hesabat dövründə adam oğurluğu cinayəti qeydə alınmayıb. Cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 87,3 faiz təşkil edib. Bağlı qalan cinayətlərin sayı isə 164 fakt azalıb".
V.Eyvazov deyib ki, hesabat dövründə prokurorluq orqanları ilə qarşılıqlı həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdən bağlı qalan 188 ağır və xüsusilə ağır cinayətin üstünün açılması təmin olunub: "Yerli və dövlətlərarası axtarışda olan 1134, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənən 68 nəfər tutulub. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 45 nəfərin və İnterpol xətti ilə digər üzv ölkələrdə axtarışda olan 21 nəfərin yeri müəyyən olunub. Eyni zamanda, 391 ağır və xüsusilə ağır cinayət, o cümlədən 12 qəsdən adamöldürmə, 3 adam oğurluğu, 1 banditizm, hərəsi 35 fakt olmaqla quldurluq və soyğunçuluq törətmiş 383 nəfəri birləşdirən 110 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib.
Əllərdə qanunsuz saxlanılan 664 odlu silah və 50 minə yaxın patron götürülüb, bu növ cinayətlərə görə 38 nəfər məsuliyyətə cəlb olunub".
Nazir müavini bu ilin altı ayında qeyri-leqal dövriyyədən ümumi məbləği 303 min manat olan 4011 ədəd saxta əskinasın çıxardıldığını da diqqətə çatdırıb.
Bu ilin altı ayı ərzində Azərbaycanda insan alverinin qarşısının alınması istiqamətində aparılan tədbirlər nəticəsində 57 cinayət faktı aşkarlanıb. Bununla bağlı 21 nəfər məsuliyyətə cəlb olunub, insan alverinin qurbanı olan 27 şəxs müəyyən olunub. Bunu da V.Eyvazov bildirib.
Nazir müavini deyib ki, ötən dövr ərzində transmilli cinayətkarlığa qarşı da effektli mübarizə aparılıb. Onun sözlərinə görə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə nəticəsində 115 nəfərdən ibarət 36 cinayətkar qrup və dəstə zərərsizləşdirilib: "Qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 63,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, 214 ton narkotik tərkibli bitki məhv edilib. Bundan başqa, ekoloji cinayətlər törədən 112 nəfər məsuliyyətə cəlb olunub".
V.Eyvazov bildirib ki, bu ilin altı ayında DİN-in "102" xidmətinə daxil olan məlumatlar əsasında keçirilən operativ əməliyyatlar nəticəsində 60 cinayət açılıb, məişət zəminində baş verən 788 hüquqpozmanın qarşısı alınıb: "Yol hərəkətinə nəzarət prosesində 417639 qayda pozuntusu aşkarlanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur"