Xaliq Bahadır: "Partiya rəhbərliyi mənə nə böhtan atır-atsın, mənim öz prinsiplərim var"

"Hakimiyyətə qarşı yaradılan hər hansı birliyin tərəfdarıyam, belə birlik yaranacağı halda onun yanındayam. Amma mənim adımdan yalan danışırlar, mənə böhtan atırlar. Heç yerdə hakimiyyətə qarşı olan birliyin əleyhinə çıxmamışam". Bunu APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Xaliq Bahadır deyib.
Azərbaycanda son 20 ildə baş verən proseslərdən çıxış edərək AXCP-Müsavat birliyinin sonunun necə ola biləcəyini söylədiyini deyən Xaliq Bahadır bildirib ki, birliyin tərəfdarı olmaqla birliyin başında kimlərin dayanacağına münasibət bildirmək tamam başqa məsələdir. Dediyinə görə, bu birliklə bağlı fikrini səsləndirəndən sonra ona qarşı kampaniya başlayıb. "Hər şeyi açıq deyə bilmirəm, qəzetim yoxdur, fikrimi də açıq deyəndə, yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır. Amma mənim öz qəzetim olsaydı, hər şeyi açıq yaza bilərdim. Mənə damğa vururlar, xalqa məkrli planın başında duran şəxs kimi təqdim edirlər", - deyən X.Bahadır bu səbəbdən də danışmaq fikrində olmadığını vurğulayıb. Bununla belə, o, sözünü sonda deyəcəyini bildirib: "Onsuz da bilirəm ki, bu iş hara gedəcək. İndi danışsam, sonra nə baş versə, mənim üstümə yıxacaqlar. Mən sonra sübut edəcəyəm ki, bu məkrli planın başında duranlar kimlər olublar və niyə görə durublar".
RH üzvü bildirib ki, AXCP-də onun mövqeyini dəstəkləyən xeyli insan var və onlar görüşür, müzakirələr aparırlar: "Hətta onlar bir sıra addımlar atmaq istəyirdilər, mən onları o addımlardan çəkindirmişəm. Partiyanın rəhbərliyi mənə nə böhtan atır-atsın, mənim öz prinsiplərim var. Mənim mövqeyimi dəstəkləyənlərə də bir qədər gözləməyi məsləhət görmüşəm".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə "Ekspress"ə partiya rəhbərliyindən heç kimin Xaliq Bahadıra böhtan atmadığını bildirir: "Xaliq bəy hər zaman məsələlərə özünəməxsus yanaşmaları ilə seçilib. Bu dəfə də belə oldu".
Bahadırın hər zaman indiki durğun vəziyyətdən çıxmaq üçün milli-demokratik qüvvələrin bir yerdə olmasının vacibliyini söylədiyini deyən Qəhrəmanlıya görə, o bu dəfə birliyə qarşı çıxış edir. Dediyinə görə, əgər kimsə onun fikrinə alternativ fikir söyləyibsə, bu, Xaliq Bahadıra böhtan atmaq kimi qələmə verilməməlidir.
Partiyada AXCP-Müsavat birliyinə qarşı çoxlu sayda insanın olduğu və onların X.Bahadırdan işarə gözlədikləri haqda iddiaya gəlincə, F.Qəhrəmanlı belə bir halın inandırıcı olmadığını söylədi: "Partiyanın Rəyasət Heyətində bu məsələ müzakirə olunarkən mən əksinə yekdillik gördüm. Həmçinin ünsiyyətdə olduğum partiya üzvlərindən də elə bir narazılıq eşitməmişəm. Ona görə də Xaliq Bahadırın kimləri nəzərdə tutduğunu deyə bilmərəm".
Bütün bunlarla yanaşı F.Qəhrəmanlı X.Bahadırın AXCP-yə səmimi şəkildə bağlı olduğunu qeyd etdi: "Ötən illərdə partiyada baş verən təlatümlər zamanı onun davranışları da bunu göstərdi. Ona görə bu dəfə də Xaliq bəydən hansısa xoşagəlməz bir addım gözləmirik".