
VİSLA (POLŞA) - QARABAĞ (AZƏRBAYCAN) 0:1
Qarabağ: Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Samir Abasov, Əfran İsmayılov, Georgi Adamiya (Aslan Kərimov, 90), Andrey Rubin (Emin İmaməliyev, 39), Rauf Əliyev (Vüqar Nadirov, 69).
Dünən futbol azarkeşləri Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Visla" - "Qarabağ" qarşılaşmasını canlı izləyə bildi. Krakovda "Hutnik" stadionunda baş tutan görüş "İdman-Azərbaycan" və AzTV kanalı vasitəsilə canlı yayınlandı. Əvvəlcədən matçın efirə çıxacağı gözlənilmirdi. Yalnız matça bir neçə saat qalmış telekanal rəhbərliyi polşalılarla aparılan danışıqların müsbət nəticələndiyini bəyan etdi. Bizdə olan bilgiyə görə, bunun üçün qarşı tərəfə 10 min dollar ödənilib.
Beləliklə, bu mövsüm ilk dəfə səfər oyununu canlı izlədiyimiz "Qarabağ" Polşada növbəti görüşünə çıxdı. Makedoniyanın "Metallurq" və Şimali İrlandiyanın "Portadaun" klubları ilə müqayisədə çox güclü olan "Visla"nı dayandırmaqla ağdamlılar sensasiya etmək fikrindəydi.
Qurban Qurbanovun yetirmələri norveçli hakim Tom Harald Hagenin idarə etdiyi görüşdə ilk yarını çox uğurlu keçirdi. Hər halda rəqibin ərazi üstünlüyünə baxmayaraq, təmsilçimiz 0:0 hesabını fasiləyə kimi qoruya bildi. Nəticə matçı startında rəqibin qapı tirini nişan almasını və Fərhad Vəliyevin inanılmaz qurtarışını unutdurdu.
İkinci yarı isə tamam fərqli keçdi. Artıq səfərdə oynamaqdan irəli gələn gərginliyi üzərindən atan "Qarabağ" meydanda diqtə edən tərəfə çevrilmişdi. Bir az da ağdamlıların üstün olduğu qarşılıqlı hücumların qola çevrilmədiyini görən məşqçilər oyunçu əvəzləmələrinə başladı. Bu dəfə də Qurbanov daha bacarıqlı çıxdı. Onun meydana buraxdığı Vüqar Nadirov 70-ci dəqiqədə topa ilk oxunuşundaca hesabı açdı.
Bundan sonra da hücumda daha fəal olan, saysız qol epizodları yaradan ağdamlıların işini rəqibin azlıqda qalması asanlaşdırdı. Qordan Bunoza 83-cü dəqiqədə ikinci sarı vərəqəni alıb meydandan qovuldu. Bununla belə, rəqib hesabı bərabərləşdirmək şansı qazandı. Emin İmaməliyevin ani diqqətsizliyi qapımıza penalti ilə nəticələndi. Amma 90-cı dəqiqədəki bu epizodda qapıçımız Fərhad Vəliyev Matsey Juravski üçün keçilməz oldu.
Hakimin final fiti "Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinə bir qədər də yaxınlaşdırdı. İndi ağdamlılar bu üstünlüyü bir həftə sonra baş tutacaq cavab görüşündə qoruyub istəyinə çatmalıdı. Builədək heç vaxt xal ala bilmədiyimiz polşalıları artıq Bakıda da yenməyin vaxtıdı. "İnter"in "Lex"i yenməsiylə qırılan sindrom artıq xoş ənənəylə əvəzlənib. Bu il Polşada iki 1:0 hesablı qələbə qazanmışıq ki, bu da sevinməyə əsas verir.