Kvaratsxeliyaya çatan yoxdu,
Adamiya isə ruhdan düşmür
Artıq tarixin yaddaşına köçmüş 18 çempionatın yekunları haqda söhbətimizi əcnəbi qolçularla davam etdiririk. Azərbaycan çempionatları tarixində yüzlərlə legioner futbolçu olub. Onların bir qismi qapıçı olduğundan həmkarlarını məyus etməsi haqda danışmaq yersiz olardı. Yerdə qalanların arasında isə elələri olub ki, heç qol nə olduğunu bilməyib. Təbii ki, öz qapısına qol vuran da olub. O ki, qaldı komandasına sevinc bəxş edən qolların müəlliflərinə belələrini də qruplara bölmək olar. Azərbaycanda 1-2 qol vuranlar, çox qol vurmasına ölkəmizdə az oynamağı imkan verməyənlər və əlbəttə ki, nəyə qadir olduğunu göstərənlər. Elə məhz sonuncular haqda da danışmaq daha maraqlıdı. Premyer-liqa tarixinin 10 ən məhsuldar legionerinin siyahısını nəzərdən keçirək.
1. Badri Kvaratsxeliya - 71
O, ölkəmizə kifayət qədər yaşlı gəlməsinə baxmayaraq gürcü futbol məktəbinin nəyə qadir olduğunu göstərməyi bacardı. 1998/99 mövsümündə Mehman Allahverdiyevin "Kəpəz"ə cəlb etdiyi Badri elə ilk mövsümdə 20 qol vurdu. Növbəti 6 mövsümü "Şəmkir"ə bağlı olan hücumçu Azərbaycanda 3 çempionluq və 3 gümüş mükafat qazandı. Premyer-liqanın bütün bombardirləri siyahısında 20-ci pillədə qərarlaşan Kvaratsxeliya hətta bir ara milliləşərək yığmaya da cəlb olundu. Lakin yığmada faydalılığıyla seçilmədi. Beş il əvvəl Azərbaycandan ayrılan gürcü sonradan ölkəmizə məşqçi kimi qayıtdı.
2. Leandro Qomeş - 41
Premyer-liqanın ən məhsuldar cənubi amerikalısı olan Leandro da Badri kimi milliləşməyə imkan tapıb. Lakin elə o da yığmada heç nəylə seçilməyib. Əvəzində onun klub karyerası çox parlaq başlayıb. Çempionatımızda 6 mövsüm keçirən hücumçu üçün ən məhsuldarı elə birincisi olub. O, 2004/05-də 12 dəfə fərqlənib. Ümumilikdə isə, "Bakı"da 4 çempionata 29 dəfə rəqib qapısına yol tapan braziliyalı hərəsində bir mövsüm oynadığı "Olimpik"də 10, "Karvan"da 2 dəfə qol sevinci yaşayıb. Artıq vətənində top qovan cənubi amerikalı premyer-liqa tarixinin 43-cü qolçusudu.
3. Fernando Peres - 40
İlk iki pillədə qərarlaşanların milliləşən futbolçu olduğunu nəzərə alsaq Peres legioner statusunu qoruyanlar arasında ən məhsuldar oyunçudu. Özü də argentinalı Badri və Leandrodan fərqli yalnız bir klubumuzda çıxış edib. 2004/05 mövsümündə elə Qomeşlə birlikdə "Bakı"ya gələn hücumçu qısa müddətli Macarıstan karyerasıyla bağlı fasilə istisna olmaqla 6 tam olmayan mövsümü paytaxtın eyni adlı təmsilçisində keçirib. Premyer-liqanın 46-cı qolçusu olan Fernando bir klubda ən çox qol vuran ikinci əcnəbidi. Belə ki, Badri "Şəmkir"də 51 dəfə fərqlənmişdi. Argentinalı həm də "Bakı" tarixinin ən qolçu simasıdı.
4. Yakuba Bamba - 37
Çempionatımızın 50 ən yaxşı bombardiri sırasına düşən 4-cü, sonuncu legioner isə Yakuba Bambadı. Bu siyahıda 48-ci olan kot d""ivuarlı həm də ən məhsuldar afrikalıdı. Müxtəlif səbəblərə söykənən fasilələr də nəzərə alınmaqla 7 mövsüm Azərbaycanda çıxış edən Bamba "Karvan"da 32, "Xəzər-Lənkəran"da 5 qol vurub. 2004/05 mövsümünün sonlarında Yevlax təmsilçisində peyda olan afrikalı 2007-ci ilin yayında cənuba üz tutsa da oradakı 2 il uğursuzluqla əlamətdar oldu. Bambanın geri dönüşü də heç nə vermədi.
5. Georgi Adamiya - 35
Azərbaycan karyerasını davam etdirən legionerlər arasında ən məhsuldar oyunçu ünvanının sahibi Adamiyadı. 2004/05 mövsümünün ortasında "Neftçi"də peyda olan gürcüstanlı artıq ölkəmizdə 7-ci mövsümünü başlayıb. Düz 4 il bu kluba xidmət edib 29 dəfə fərqlənən Georgi ən yaxşı halda mövsümə 10 qol vurub. Bu da 2006/07 mövsümünə təsadüf edib. Sonradan "Bakı"dakı bir ildə 2 top vurmağı bacaran Adamiya "Qarabağ"da keçirdiyi son yarım çempionat ərzində 4 dəfə fərqlənib. Gürcü ümumi qolçular sırasında 52-ci yerə şəriklər sırasında qərarlaşıb.
6. Viktor Kulikov - 35
13 il əvvəl Bakıya gələn ukraynalı hələ də Azərbaycanda yaşayır. Lakin 5 ildi karyerasını bitirən Viktor futboldan uzaq düşüb. Bir vaxtlar "Bakılı"da peyda olan hücumçu bu komandada 7 qol vurduqdan sonra "Şəmkir"ə keçmişdi. Burada 5 il Badriylə möhtəşəm duet təşkil edən Kulikov Adamiyayla müqayisədə daha az matçda bu həddə çatıb. Lakin Georginin bu göstəricini yaxşılaşdırmaq şansları var. Özü də heç də kiçik deyil.
7. Əhməd Ticani - 34
2005-ci ildə Azərbaycana qədəm basdığı gündən güclülərin - "Neftçi", "Xəzər-Lənkəran", "Qarabağ" kimi nəhənglərin qəniminə çevrilən nigeriyalı elə ilk mövsümdə 15 qol vurdu. Bununla da milliləşən Əhmədin U-21-ə dəvəti reallaşdı. Lakin AFFA və "Şahdağ"ın saxta sənədlər düzəltdiyi oyunçunun yaşının əslində çox olması onun gənclər yığmasında debütünün baş tutmasına imkan vermədi. Qusardakı 2 mövsümə 20 qol vuran hücumçu "Bakı"ya transfer olundu. Buradakı qeyri-sabitlik isə komandaya lazım olmamasıyla nəticələndi. Ticani bu müddətdə vurduğu qolların sayına görə cəmi 55 futbolçudan geri qalır.
8. Branimir Subaşiç - 31
"Neftçi"nin tarixinə ən məhsuldar legioner kimi düşən serbiyalı bunu cəmi 3 mövsümə bacarıb. 2005-ci ilin yayında Bakıya gələn Branimir 3 il ərzində millimizin də əsas qol ümidinə çevrildi. İki il əvvəl isə o həm "Neftçi", həm də milli üçün "itdi". Serbiyanın "Srvena Zvezda" klubunda oynayan hücumçunun Azərbaycandakı bir mövsümlük rekordu 14 qol oldu. Subaşiç çempionatımızın bombardirləri siyahısında 59-cu yerdədi.
9. Anatoli Doroş - 30
Premyer-liqamızın bəxtsiz legioneri müxtəlif komandalarda peyda olub, həmişə də məhsuldarlığıyla seçilib. Lakin hər dəfə bir "amma" onun qarşısında qırmızı işıq yandırıb. 2006/07 mövsümündə "MKT-Araz"da 8 dəfə fərqlənən moldovalı komandasının dağılmasıyla barışmalı oldu. Sonradan 4 qol vurduğu "Standard" və 6 dəfə sevindirdiyi "Karvan"la "ulduzları barışmayan" hücumçu ötən mövsüm "Olimpik-Şüvəlan"da çıxış etdi. Bu dəfə 12 qolla bombardirliyə layiq olan Anatolini Fərid Quliyevin son iki matçda göstərdiyi şübhəli məhsuldarlıq məyus etdi.
10. Valter Quqlemon - 30
Doroşla yanaşı premyer-liqanın qolçuları sırasında 60-cı yerə şərik olan Quqlemon bir səhvə yol verib. O, cəmi 2 mövsümə 28 qol vurduğu "İnter"i ötən yay "Neftçi"yə dəyişdi. Bununla da uruqvaylı üçün Azərbaycan karyerası demək olar ki, bitdi. Əvvəl ehtiyat oyunçular skamyası, sonra isə vətən - bu Valterin "İnter"dən sonrakı karyerası idi.
İSMAYIL