Bəxtiyar
keçmişdən
danışmadı
"Məlum hadisədən sonra komanda olaraq özümüzü toparlamağa çalışırıq. Çempionatın başlamasına az qalıb. Həm psixoloji, həm fiziki, həm də taktiki baxımdan növbəti çempionata hazırıq" - bu sözləri "Bakı"nın yarımmüdafiəçisi Bəxtiyar Soltanov deyib.
Artıq iki gündü növbəti çempionatın hazırlığına start verən "Bakı" gündə bir dəfə olmaqla öz bazasında məşq edir. Gənc yarımmüdafiəçi komandasının Avropa Liqasının II təsnifat mərhələsindən üzücü şəkildə mübarizəni dayandırmasından danışmaq istəmədiyini bildirib: "Olan-olub, keçən-keçib. İrəliyə baxmaq lazımdı. Çünki növbəti mövsüm mübarizə daha da qızışacaq. İndi əsas məqsəd ölkə çempionatında uğurlu çıxış etməkdi".
Havaların isti keçməsinin planlarına təsir etmədiyini bildirən Soltanov axşam saatlarında məşq etdiklərini deyib. O, əsas heyətdəki yerini qaytarmaq uğrunda səylə çalışdığını sözlərinə əlavə edib: "Havaların isti keçməsi planımıza elə də təsir etmir. Çünki axşam 8-də məşq edirik. Mən də səylə çalışıram ki, əsas heyətdəki yerimi qaytarım. Bu barədə baş məşqçi ilə söhbət etməmişəm. Özümü əsas heyətdə oynamağa hazır hesab edirəm".