"Qarabağ"
Polşada "rəqs edib"
"Qarabağ"ın Polşada "Visla" ilə oyunöncəsi son məşqi yerli publikanı təəccübləndirib. Polşalılar komandamızın görüşün keçirildiyi "Hutnik" stadionunda hazırlığına maraqlı, qeyri-adi bənzətmə verib. Onlar bunu reqbi üzrə Yeni Zelandiya komandasının məşhur rəqsinə oxşadıblar.
"Visla"dan sonra meydana çıxan "Qarabağ" oyun başlayan vaxtda, yəni Bakı vaxtilə saat 23:00-da məşq edib. Jurnalistlər bir müddət komandamızı izləyə bilsə də, sonradan stadionu tərk etməli olublar. Bu da məşqin qapalı keçməsi ilə bağlıdı. Ancaq buna qədər məşqi izləyən polşalı həmkarlarımız Qurban Qurbanovun rəhbərlik etdiyi məşqlərdə maraqlı hərəkətlərin şahidi olub: "Bütün futbolçular bir neçə sıraya düzülür, sonradan eyni ritmdə əl çalmaqla irəli hərəkət edir. Sonradan bu çırpma sinəyə və ayağa olub. Çoxlu alqışlar var idi. Tamamilə futbola aid olan bəzi texniki fəndləri də görməyimiz mümkün idi. "Qarabağ"ın hazırlığı Yeni Zelandiyanın reqbi komandasının məşhur rəqsi kimi idi".