Mahmud taleyi ilə barışıb
"UEFA-nın verdiyi texniki məğlubiyyət bütün komandaya çox pis təsir etdi. Biz hər iki oyunda qalib gəlsək də, kağız üzərində məğlub olduq, növbəti mərhələyə çıxa bilmədik" - bu sözləri "Bakı"nın futbolçusu Mahmud Qurbanov deyib. O, artıq futbolçuların özünə gəlməyə başladığını söyləyib: "Dediyim kimi, həmin oyunlarda nəticə oyuna görə olmadı. Artıq hamımız səylə qarşıdakı çempionat oyununa hazırlaşırıq. Bu hadisədə kimin günahkar olduğu haqda heç bir söz deyə bilmərəm. Yəqin ki, bu barədə rəhbərlik daha yaxşı bilir. Onlar da günahkarları cəzalandıracaq".
Qurbanov artıq qarşıdan gələn ölkə çempionatına hazırlaşdıqlarını deyib: "Ötən illərdə olduğu kimi, bu il də çempionluğa və kuboka yiyələnmək üçün mübarizə aparacağıq. Bildiyiniz kimi, çox güclü heyətimiz var".
Təcrübəli futbolçu yeni mövsümdə əsas heyətə düşmək şansının az olduğunu vurğulayıb: "Hər şey baş məşqçidən asılıdı. Öz üzərimə düşən işi etməyə çalışacağam ki, məşqçinin etimadını qazana bilim".