Kimi pul tapıb, kimi də axtarır
Avropa klubları arasında deyəsən, "Srvena Zvezda" yeganə komandadı ki, yeni mövsüm ərəfəsində sponsor müqaviləsi imzalayıb. Serblər eynən ingilislər təki davranıblar. İngiltərədə isə premyer-liqadan sonra nüfuz baxımından 2-ci yerdə duran Çempionşipdə klublar üçün yaxşı sponsor tapmaq müşkül məsələdi. Buna görə həmin liqadakı komandaların kommersiya departamentləri problemi həll etmək üçün bütün yollara əl atırlar. "Çelsi"nin sponsorlarla iş departamentinin rəhbəri Demian Villoubi də bunu təsdiqləyir. Bütün mövsüm ərzində adının çempionşipin ortabab klubu ilə bahəm çəkilməsini, üstəlik də komanda üçün sərfəli şərtlərlə sponsor müqaviləsini imzalamağa hazır şirkətləri tapmaq çox çətin məsələ olduğundan "Midlsbro" klubunun kommersiya departamenti yeni "futbolka sponsorluğu" konsepsiyasını hazırlayıb. Bundan belə "riversaydlılar" yalnız 1 aylıq sponsor müqavilələri imzalayacaqlar.
"Yeni mövsümlə bağlı sponsor müqaviləsini imzalamağa hazır şirkəti xeyli aradıq. Amma bütün danışıqlar uğursuzluqla nəticələndi", - "Boro"nun əməliyyat direktoru Nil Bousor söyləyir. Yeni konsepsiyaya görəsə, sponsor şirkətin ticari nişanı "Midlsbro"nun futbolkalarında bir ay görünəcək. Amma klubun dükanlarında həmin maykaları 2011-ci ilin may ayına qədər satın almaq mümkün olacaq. Çempionşipin turnir cədvəlinin digər daimi ortababı "Derbi Kaunti" Britaniyanın ən böyük mobil telefon satıcısı "BuyMobilePhones.net" ilə sponsor müqaviləsi imzalayıb. Derbişir klubunun azarkeşləri üçün də xüsusi aksiya həyata keçirilir. Avqustun 14-dək həmin şirkətdən mobil telefon sifariş edən hər fanata "Derbi Kaunti"nin evdə oynayacağı matçlardan ikisinə bilet və klubun 40 funt-sterlinq dəyərində futbolkası hədiyyə verilir.
Premyer-liqada ötən mövsümü 4-cü yerdə başa vurmuş "Tottenhem" proqram təminatı istehsalı ilə məşğul olan "Autonomy" ilə iki mövsümlük sponsor müqaviləsi imzalayıb. Anlaşmada göstərilmiş 20 milyon funt-sterlinqdən savayı "mahmızlılar" yeni mövsümün sonuclarından asılı olaraq 5 milyon funt-sterlinq məbləğində mükafat ala bilərlər. Üstəlik, müqavilə sonradan daha 3 il müddətə uzadılmanı da nəzərdə tutur. "Autonomy" şirkəti "Tottenhem"in tarixində futbolkada adı yazılacaq 5-ci şirkətdi. Klub indi İngiltərə Kuboku, Liqa Kuboku və Çempionlar Liqası ilə bağlı sponsor axtarır. "Aston Villa" təki "Fulhem" də foreks, qızıl və CFD bazarlarında ticarətlə məşğul olan "FxPro" broker şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb. İki həftə fərqlə imzalanmış anlaşmalar 3 il müddətinə hesablanıb və onların təfərrüatları açıqlanmır. "Kreyven Kottec" arenasının damına da "FxPro"nun loqotipi yazılıb. "Vest Bromviç"ə gəldikdə, bu klub mənzil sığortası bazarında fəaliyyət göstərən "HomeServe" şirkəti, "Blekpul" isə kreditləmə ilə məşğul olan "Wonga.com"la sponsor sazişləri bağlayıb.
İngiltərə premyer-liqasından kənarda da sponsor sövdələşmələri aktiv olub. Bundan belə Lion "Olimpik"inin səfər matçlarında futbolkaların üzərində "Everest Poker" onlayn-kazinosunun loqotipini görəcəyik. Lionluların Çempionlar Liqası ilə bağlı sponsorunun kimliyi isə hələ bəlli deyil. Fransızlardan fərqli olaraq, İspaniyanın "Malaqa" klubu kazinoçular və bukmekerlərlə tərəfdaşlığa son qoyacaq. Klub futbolkalarındakı "Williamp Hill" loqotipi yeni sahibi əsla razı salmır. Şeyx Abdulla ben Nasir əl Tani deyir ki, qumar Şəriətə zidd olan əməldi. "Williaam Hill" bukmeker kontorunun rəhbərliyi klubun narazılığından bixəbər olduğunu, amma istənilən zaman danışıqlar masası arxasına əyləşə biləcəyini bildirib. Kontorun "Malaqa" ilə sponsor müqaviləsinin vaxtı 2012-ci ildə başa çatır.
Yaxın aylarda çox yəqin ki, daha bir neçə sponsor müqaviləsi imzalanacaq. Hansısa klublar xeyli pul qazanacaq, hansılarsa yeni mövsümə futbolkalar üzərində "boş yer"lərlə başlayacaqlar. Hər şey meydana çıxıb oynayan 11 nəfərdən yox, tribunadakı VİP lojada oturub matçı seyr edənlərdən asılı olacaq. Çağdaş futbolun qanunları belədi...
HÜSEYN