Yalnız
"Neftçi" və "Bakı"
Respublika stadionu
yenilənəcək
"Hələlik arenada hansısa təmir işləri aparılmayacaq. Bunun baş tutması üçün müəyyən fasilənin yaranması lazımdı" - bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Stadion rəhbəri arenanın işıqlandırma sisteminin dəyişdirilməsinin gündəmdə olduğunu vurğulayıb: "Avadanlıqlar, böyük ehtimalla Almaniya və Türkiyənin birgə istehsalı olacaq. Sözün düzü, tenderi nazirlik apardığından onlar dəqiq bilir. Ancaq işıqlandırma sistemini çempionat başlayana qədər dəyişdirə bilməyəcəyik. Bunun üçün çempionatda müəyyən fasilənin yaranmasını gözləyəcəyik. Çünki iş gedə-gedə işıqları yandırmaq mümkün olmayacaq".
İsmayılov rəhbərlik etdiyi idman qurğusunda oynayacaq komandalardan da danışıb: "Neftçi"nin prezidenti Sadıq Sadıqov Türkiyəyə gedən gün zəng vurub, oyunlarını stadionumuzda keçirmək istədiklərini bildirdi. O, tezliklə müqavilə imzalayacaqlarını söylədi. Görünür, rəhbərlik hələ Türkiyədə olduğundan müqavilə imzalanmayıb".
Premyer-liqa klubları 10 gün sonra startı veriləcək növbəti milli çempionata hazırlıqlarını yekunlaşdırmaq üzrədi. Xüsusilə paytaxt klubları ev oyunlarını keçirəcəkləri yerləri müəyyənləşdirməyə çalışırlar. Ötən il rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edən "Neftçi" yenidən mərkəzi arenaya qayıtmaq niyyətindədi. İsmayılov "Neftçi"nin prezidenti Sadıq Sadıqovun telefonla ona bu haqda müraciət etdiyini bildirib: "Onlar hələ müqavilə imzalamasalar da, fikirlərində qətidilər. Sözün düzü, "Neftçi" hələ ötən il də bizim stadiona köçmək istəyirdi. Sonradan Bakıxanova köçdülər".
Stadion rəhbəri hələlik yalnız "Bakı" klubu ilə rəsmi müqavilə imzaladıqlarını açıqlayıb: "Bakı" ilə müqaviləmiz var. Onlar məşqlərini bazalarında həyata keçirsələr də, rəqiblərini Respublika stadionunda qəbul edəcəklər. Əgər "Neftçi" ilə də müqavilə imzalasaq, bu iki komanda ev oyunlarını bizim stadionda keçirəcək. Bundan sonra üçüncü komandaya yer olmayacaq".