Ümid pley-offadı
21 yaşadək oğlan və qızlar arasında otüstü hokkey üzrə keçirilən Avropa çempionatının "Trofi" yarışlarında ilkin qrup mərhələsinin oyunları başa çatıb. Təəssüf ki, Saleh Hüseynovun rəhbərliyi altında Avstriyanın paytaxtı Vyanada yarışa qatılan oğlanlardan ibarət U-21 yığması, nə də baş məşqçi Mixael Penkovun başçılıq etdiyi eyni yaşlı qızlar İtaliyanın Bra şəhərində keçirilən anoloji yarışda heç nə ilə yadda qalmadı. Hər iki komandamız yer aldığı qrupda sonuncu yeri tutdu. Qızlardan ibarət yığma A qrupunda Belçika və Polşa yığmasına müvafiq olaraq, 0:3 və 0:2 hesabı ilə uduzduqdan sonra çexiyalı həmyaşıdları ilə sülh bağlayaraq (2:2) aktivlərinə 1 xal yaza bilmişdilər. Son turda komanda aktivində 1 xalı belə olmayan və qrupun autsayderi olan Avstriya yığması ilə qarşılaşıblar.
Təəssüflər olsun ki, Penkovun yetirmələri bu görüşdə də məğlubiyyətlə üzləşərək, rəqibi özlərindən bir pillə yuxarı qaldırıblar. Matçın ilk yarısı qolsuz bərabərliklə keçsə də ikinci hissədə rəqib komanda qapımızdan 2 top keçirməyə nail olub. Yığmamız bu qollardan yalnız birinin əvəzini çıxa bilib və bununla da matç rəqibin 1:2 hesablı qələbəsi ilə başa çatıb. Bu gün və sabah isə yığmamız B qrupunda son iki yeri tutan komandalarla qarşılaşacaq. Yığmamızın gələn mövsüm də "Trofi" yarışına qatılması üçün hər iki oyunu udması gərəkdi.
Baş məşqçi Saleh Hüseynovun yetirmələrinə gəlincə, Vyanada İtalya, Uels və Şotlandiya yığması ilə bir qrupda yer alan hokkeyçilərimiz hər üç görüşdə məğlubiyyətlə üzləşərək, qrup sonuncusu olub. İndi oğlanlardan ibarət yığmamızı da qızların aqibəti gözləyir. Yığmamızın gələn mövsümdə də "Trofi"də iştirak etmək istəyi yalnız B qrupunda son iki yeri tutan komandalarla görüşdə qalib ayrıldığı halda reallaşa bilər.