
Avropa çempionatının B divizionu çərçivəsində keçirəcəyi seçmə qrup oyunlarına hazırlaşan kişi basketbolçulardan ibarət Azərbaycan yığması İstanbuldadı. AÇ-yə hazırlıqla bağlı avqustun 6-dək baş məşqçi Elxan Əliyevin rəhbərliyi altında təlim-məşq toplanışını bu ölkədə davam etdirməyi planlaşdıran komanda yoxlama matçlarında özünü sınamağı da nəzərdə tutub. Yığmamız belə görüşlərdən birini hazırda Türkiyədə olan İraq millisinə qarşı keçirib. Meydanda açıq-aşkar güclü olan yığmamız 36 xal fərqi ilə rəqibi 96:60 hesabla üstələyib. Matçda baş məşqçi Elxan Əliyev demək olar ki, yalnız Ruslan Benqer (o hələlik yığmanın düşərgəsində deyil) istisna olmaqla bütün oyunçularını sınaqdan çıxarmağa nail olub.
Baş məşqçinin söylədiyinə görə İraqla oyun zamanı o, eyni zamanda komandanın əsasını təşkil edəcək beşliyi də müəyyənləşdirə bilib: "Ruslan Qafarov, Anar Hacıyev və Zaur Quşanov hərəyə 2 dəqiqə meydanda oldu. Həmişə oyununa görə narahat olduğum Aleksandr Rındin bu görüşdə pis təsir bağışlamadı. Yığmanın amerikalı legionerləri - Çarlz Devislə Spenser Nelson da əla oyun nümayiş etdirdi. Onların nümayiş etdirdiyi oyundan razı qaldım. Ancaq bir şey də var ki, rəqib bizimlə müqayisədə çox da güclü deyildi. Düzdü, İraq yığmasının da heyətində bizim kimi 2 amerikalı oyunçu var idi. Buna baxmayaraq, rəqib səviyyəcə bizdən çox aşağı idi. Elə buna görə də meydanda güclər bərabər olmadı və biz qalib gəldik. Özü də 36 xal üstünlüyü ilə. İraq yığmasının heyətində ucaboylu oyunçular da az deyildi. Basketbol həqiqətən də İraqda yüksək səviyyədə deyil".
Onun sözlərinə görə, prinsip etibarı ilə həmin matçdan sonra təkcə yığmanın əsasını təşkil edən ilk beşliyi deyil, hətta yeddiliyi də müəyyənləşdirib: "Aleksandr Rındini meydanda daha çox görmək istəyirəm. Təbii ki, yığmanın heyətində keçirdiyi birinci oyundaca xoş təsir bağışlayan amerikalıları da unutmaq olmaz. İlk beşlikdə Aleksandr Rındin, Tahir Baxışev, Çarlz Devis, Zaur Paşayev və Fuad Niftəliyev yer alıb. Bunlardan sonra isə Aleksey Kitayev, Ruslan Benqer və Spenser Nelson gəlir. Benqer hələ ki, yığmanın düşərgəsinə qatılmayıb. Ancaq Türkiyə Basketbol Federasiyasından bildiriblər ki, Benqer həftənin cümə gününədək yığmaya qoşulacaq".