
"İnter"in müdafiəsinin "bel sütunu" sayılan Duqlas Maykon artıq "Real"ın oyunçusu sayıla bilər. Braziliya yığmasının stopperi "neradzurra"nın heyətində ötən mövsümdə A seriyasının və İtaliya Kubokunun, habelə Çempionlar Liqasının qalibi oldu. "Real"a transferi hələ tam başa çatmadığından onu hələlik "İnter"in oyunçusu hesab edək. Maykon çağdaş cinah müdafiəçisinin az qala idealı hesab oluna bilər. Yüksək sürət, dözümlülük, rəqiblə mübarizədə əsla geri çəkilməmək, "ikinci mərtəbə"də əla oyun, gözəl və zərif texnika - bütün bunlar peşəkar lateral Maykonun məcazlarıdı. Braziliyalı stopper komandasının hücumları ilə yanaşı, müdafiə hərəkətlərində də pis oynamır. "Dəmir adam" ləqəbli futbolçu ilə eyni səviyyədəki müdafiəçiləri barmaqla saymaq olar. Elə bu səbəbdən də Avropanın ən varlı və ambisioz klubları Duqlası heyətlərində görmək istəyirlər. Maykonun transfer olunması cəhdlərində "Real" ilə "Mançester Siti" xüsusilə fəallıq göstərirlər. Dünən yayılan məlumata görə, madridlilər Duqlas Maykon Sisendo ilə transferlə bağlı razılaşma əldə ediblər. 1981-ci ildə Braziliyanın Santa-Katarina ştatının Krisiuma şəhərində doğulmuş sağ cinah müdafiəçisi də karyerasını məhz "Real"da davam etdirmək istədiyini dəfələrlə deyib:
- Bəli, belədi: "Real"da çıxış etmək, karyeramı orada inkişaf etdirmək istəyirəm. "İnter"dən sonra başqa klubda oynamaq istəmirəm. Çünki indiki klubumdan səviyyə baxımından geri qalmayan yeganə heyət "Real"dadı. Üstəlik, İspaniya çempionatında özümü sınamaq fikrindəyəm.
- "Real"ın idman direktoru Emilio Butragenyo deyir ki, siz əla futbolçu və böyük oyunçusunuz. Amma "Real" maliyyə planlaşdırmasını həyata keçirdiyindən istənilən transfer pulların ağıllı xərclənməsi olmalıdı. Butragenyo klubdakı iqtisadi situasiyanı nəzərə alaraq yeni oyunçuların transfer ediləcəyini söyləyir.
- Onun dedikləriylə tamamilə razıyam. "Real" nə qədər zəngin, böyük və məşhur klub olsa da, transferlərini ağılla, yüz ölçüb bir biçəndən sonra həyata keçirməlidi. Mən də düşünülməmiş, emosional addımların əleyhinəyəm. "Real"da oynamaq istəyim də pul hərisliyi və ya məşhurlaşmaq istəyimlə bağlı deyil. "İnter"də yetərincə pul alıram və şikayətlənməyim də sarsaqlıq, acgözlük olardı. Məşhurlaşmaq, ulduzlaşmaq istəyim də yoxdu. Karyeram ərzində xeyli mükafat və titul qazanmışam.
- Yəni "doymuş məhlul"a çevrilibsiniz?
- (gülür) Bilirsinizmi, braziliyalıların bir atalar sözü var: "Pul və məşhurluqdan doymaq dəniz suyu ilə susuzluğu yatırmaq kimidi". Yəni mümkün deyil. Pul həmişə gərəkdi və nə qədər çox olarsa, bir o qədər yaxşıdı. Məşhur olmaq istəmədiyini deyən adama da inanmayın, çünki yalan danışır. Hər futbolçu küçədə gedəndə tanınmasını, müsahibələr verməyi, haqqında danışılmasını istəyir. Mən də beləyəm, nə gizlədim. Yoxsa futbol oynamağın mənası olmaz ki?! Futbol mənimçün həyatımın gerçək mənası, yeganə işim və amalımdı. Amma yaxşı oynayıb kimsənin tanımadığı adam olmaq da absurddu, razılaşın mənimlə. Bu baxımdan heç də "doymuş məhlul" deyiləm. Sadəcə, pul hərisi və ya məşhurlaşmaq azarına tutulan, ulduz xəstəliyi yaşamaq istəyən bambılı deyiləm. Futbol sadəcə işdi - meydandan kənarda olanlar isə futbolla qarışdırılmamalıdı. "Real"da oynamaq istəyim də özümü yenidən sınağa çəkmək niyyətimlə bağlıdı. "Barselona"nın hücumlarının qarşısını almaq, özünü dünyanın ən yaxşı komandası hesab edən klubun nəyə qadir olduğunu sınamaq istəyirəm. Bundan başqa, İtaliya futbolundan sonra İspaniya primerasında oynamaq tufandan çıxıb fırtınaya düşmək kimidi: hər iki yerdə maksimum səylər və ustalıq tələb olunur. Ona görə də "Real"ı məqbul seçim hesab edirəm.
- Bəs İngiltərə premyer-liqası necə - nədən "Mançester Yunayted", "Çelsi" və ya "Mançester Siti"də oynamaq istəmədiniz?
- "Real"ı seçmişəm və məncə, qərarımın səbəbləri barədə yetərincə danışdım. İngiltərə premyer-liqası da pis çempionat deyil, amma primera daha çox ürəyimə yatır.
- Adınız maraqlıdı, çünki braziliyalılar arasında çox rastlanmır.
- Valideynlərim amerikan kinosunun pərəstişkarlarıdı. Atamla anamın ən çox sevdikləri aktyor isə Maykl Duqlasdı. Mən də anadan olanda onun şərəfinə adımı Duqlas Maykl qoymaq istədilər. Amma bələdiyyənin qeydiyyatındakı xanım səhv edərək adımı doğum kağızına Duqlay Maykon yazdı. Bələcə, oldum Duqlas Maykon.
- Sual ştamp təsiri bağışlasa da, futbola gəlişinizdən danışaq.
- Lap erkən yaşlarımdan futbol oynamağa başlamışam. Atamın rəhbərliyi ilə "Kriusima" klubunun idman məktəbində məşğul olurdum. Əvvəlcə yarımmüdafiəçi idim, amma komandada müdafiəçilər çatışmadığından atam məni stopper kimi oynatmağa başladı. Üstəlik, müdafiəçi üçün bütün zəruri keyfiyyətlərim vardı. Yəni uşaq vaxtlarından hündürboy və güclü idim. 19 yaşım olanda ilk peşəkar müqaviləmi "Kruzeyro" ilə imzaladım və o klubda 4 mövsüm keçirdim. 2004-cü ildə avropalılar mənimlə maraqlanmağa başladılar. Ən çox fəallıq edən isə "Monako" idi. Sonucda onlar "Kruzeyro"ya 3 milyon avro verərək məni heyətlərinə qatdılar.
- Amma "Monako"dakı illəriniz titul baxımından uğurlu olmadı.
- Əvəzində ustalığımı artırdım. Orada birbaşa vəzifəmi tez-tez unudaraq hücumda oynayırdım. Bunu görən baş məşqçi Didye Deşam məni yarımmüdafiə xəttinə çəkdi, məşqlər zamanı müdafiə xəttində oyun bacarıqlarımı artırmağıma da nail oldu. Beləcə, cinah müdafiəçisi oldum. 2006-cı ildə isə "İnter"lə müqavilə imzaladım. Burada 125 matç oynamışam, 13 qol vurmuşam. Narazı deyiləm. Xüsusilə də "İnter"in baş məşqçisi Joze Mourinyo olanda yaşadığımız dönəmdən çox razıyam. Mourinyo həddən ziyadə sayğı bəslədiyim, iş metodlarını bəyəndiyim mütəxəssisdi. "Real"da oynamaq istəyim arzumun çin olmasıdı, amma Mourinyo ilə yenidən çalışmaq da istəyirəm. Dünya çempionatı başlayana qədər agentimlə danışdım və ondan xahiş etdim ki, "Real"a transferimə nail olsun. Ümumiyyətlə, transferlər çox incə işdi. Xüsusilə də "İnter" və "Real" kimi klublar arasında danışıqlar heç zaman asanlıqla başa çata bilməz.
- Hansı müdafiəçiləri özünüzə tay bilirsiniz?
- Kimsə ilə özümü müqayisə etməmişəm və belə fikrim də yoxdu. Amma Dani Alveş ilə Filipp Lamın oyunlarını çox bəyənirəm. Hə, bir də ki, Rio Ferdinand pis deyil.
- Cənubi Afrikada keçirilmiş dünya çempionatı barədə nə düşünürsünüz?
- Yığmanın əsas heyətində, cinahda yer almaq üçün Alveşlə aramda rəqabət vardı və mən qalib gələrək o mövqedə oynadım. Amma mundialda uğursuzluğa düçar olduq. Konkret desəm, yığmamız ulduzlar toplusu oldu - komanda yox. Bu, komandamızın başlıca problemidi. Ümid edirəm ki, yeni baş məşqçi yığmamızın kollektiv və intizamlı oyun göstərməsinə nail olacaq. Mourinyo "İnter"ə gələndən sonra məhz bu oyun stilini tətbiq etdi və çox böyük uğurlara nail oldu. Mundialda da düşünülmüş və hesablanmış oyun göstərsəydik, mütləq çempion olardıq.