Ukrayna
argentinalılara əvəz axtarır
Ukrayna və Argentina yığmaları arasında oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq matçı baş tutmayacaq. Baş məşqçi Miron Markeviçin dediyinə görə, argentinalıları Çili və ya Uruqvay yığmalarından biri əvəzləyə bilər. Fəqət, məsələ hələ yekun həllini tapmayıb. "Ölkə yığmasının yoldaşlıq matçlarının təşkil edilməsi səlahiyyət dairəmə aid deyil. Amma deyəsən, oktyabrın 12-də başqa rəqiblə oynamalı olacağıq", - Markeviç bildirib. Argentinalılarla qarşılaşma Ukrayna ərazisində olmalıydı. Bu matç üçün Ukrayna Futbol Federasiyası $1,5 milyon ödəməli idi.
Avqustun 11-də Ukrayna yığması DÇ-2010-u gümüş medallarla başa vurmuş Hollandiya millisi ilə Donetsk şəhərində qarşılaşacaq. Baş məşqçi Markeviç oyunla bağlı yığmaya çağırılan futbolçuların siyahısını açıqlayıb. Yeganə debütant Dnepropetrovskun "Dnepr" klubunun müdafiəçisi Yevgeni Çeberyaçkodu. 2012-ci ildə Avropa çempionatına Polşa ilə birlikdə ev sahibliyi edəcək Ukrayna seçmə mərhələyə qatılmadan turnirdə mübarizə aparacaq. Buna görə də ukraynalılar 2012-ci ilin yayına qədər yalnız yoldaşlıq matçları oynayacaqlar.