Gökdəniz ruslara ağıl öyrətdi
"Heç kim hakimiyyətlə mübahisə etmək istəmir"
"Rubin"in türkiyəli futbolçusu Gökdəniz Karadəniz zədə ucbatından yaz aylarında demək olar ki, meydana çıxmadı.
Bugünlərdə geri dönən hücumameyilli yarımmüdafiəçi "Dinamo" ilə matçda ampluasını dəyişəsi oldu. Qurban Berdıyev belə bir oyun üçün yaxşı hücumçu tapmadığından Gökdənizdən forvard qismində yararlandı.
- "Rubin"ədək başqa komandada fərqli ampluada oynamışdız?
- Doğma "Trabzonspor"da oynamışam. Orada dəfələrə hücumçu kimi çıxış etmişəm.
- Buna baxmayaraq, özünüzü yarımmüdafiəçi hesab edirsiz?
- Bu, daha çox öyrəşdiyim ampluadı. Amma hücumçu işi də mənim üçün problem deyil.
- Zədə üzündən xeyli oyun buraxdız. İndi yüz faiz hazırsız?
- İdeal formada olduğumu deyə bilmərəm. Bir az da çalışmalıyam ki, Rusiyada hamının tanıdığı Gökdəniz olum.
- Rusiyada adət etmədiyimiz istilər hökm sürür. Bu sizə necə təsir edir?
- Hamıya olduğu kimi - pis. Nəfəs almağa belə çətinlik çəkdiyimiz anda oynamaq ağırdı.
- Siz ki, türksüz...
- Nə olsun? Bizdə isti olur. Amma heç kim belə havada oynamaq istəmir.
- Türkiyədə yayda oyunlar nə vaxt başlayır?
- Çempionat avqustda başlayır və oktyabradək oyunlar axşam saatlarında keçirilir.
- Azarkeşlər buna necə baxır?
- Sevinirlər. Nə özlərinin, nə də futbolçuların günün altında yanmasını istəmirlər.
- Son vaxtlaradək Rusiyada heç kim bu barədə düşünmürdü.
- Açığı, bu çox təəccüblüdü. Ümumiyyətlə, Rusiyada adət edilən bir çox şeylər mənə qəribə gəlir. Siz çempionatı soyuqda başlayırsız, martda axşam saatlarına oyun təyin edirsiz, sonra da yaxşı oyun olmamasından şikayətlənirsiz. Qar yağır, şaxtalı havada stadionlar buz bağlayır, sonra da havalar isindikcə başqa bir problem çıxır - ot örtüyü bərbad, zığlı meydançalar. Mən artıq çoxdan çox şeyə təəccüblənmirəm. Siz soruşursuzsa, düşündüyümü deyirəm. Ola bilsin ki, sözlərimin hamısı xoş olmasın, amma mən səmimiyəm. Bir məqsədim var: istəyirəm məni düz başa düşsünlər. Ümumiyyətlə, sizin insanlar heç də həmişə hər şeyi öz adı ilə çağırmağa hazır deyillər. Onları başa düşürəm: heç kim hakimiyyətlə mübahisə etmək istəmir.
- İki il yarımdı Rusiyadasız. Hansı nəticələr çıxarmısız?
- Futbolu çox sevirsiz, amma hərdən bəzi şeyləri özünüz çətinləşdirirsiz. Yayda saat 14:00-da necə oynamaq olar?! Oynamısız da!
- Bu televiziya ilə bağlıdı. Yayımçı quruluşlar başlama vaxtına müdaxilə edirlər.
- Bilirəm. Türkiyədə də belə şeylər var. Amma iş ondadı ki, son çempion "Bursaspor" televiziya ilə müqavilələrdən 40 milyon dollar qazandı! Mövsümün gedişində isə hər klub qələbəyə görə 550 min dollar alacaq. Kubok oyunlarında isə bu məbləğ 150-di.
- Rusiyada bu barədə yalnız arzulamaq olar.
- Bilirəm, xəbərim var. Ümumiyyətlə, yaşadığım yerdə hər şeylə maraqlanan adamam.
- "Rubin" növbəti turda Sankt-Peterburqa səfər edəcək.
- Gözəl şəhərdi. Həm də orda hər yerdə olduğu qədər isti deyil.
- "Zenit" çempionatın lideridi və heç bir oyunda uduzmayıb. Sizcə bu nə ilə bağlıdı.
- Bilmirəm, düz sözümdü.
- "Zenit"in oyunçularından kimisə fərqləndirə bilərdiz?
- Əvvəllər olsaydı, Təkkə deyərdim, amma o, artıq bizimlədi. Orda Danni, Kerjakov, Bıstrov kimi oyunçular var. Ümumiyyətlə, "Zenit"də zəif oyunçu yoxdu.
- Elə bilirdim Buxarovun da adını çəkəcəksiz.
- Bildiyimə görə, Saşa sabiq komandasına qarşı oynaya bilməz. Digər tərəfdən, onun gedişi ilə bağlı dəfələrlə danışmalı olduğumuzu düşünmürəm. Buxarov öz seçimini etdi. Onu başa düşürəm. Mən də "Trabzonspor"u sevirdim, amma özümü yeni bir yerdə sınamaq istəyirdim. İndi Kazandayam və xoşbəxtdəm.
- Veteran futbolçumuz Sergey Andreyev bugünlərdə bəyan etdi ki, "Zenit" artıq çempiondu. Ona cavab verməyə nəsə sözünüz var?
- Onun əlində hansısa məlumatlar varsa, qoy bütün ölkəyə açıqlasın. Düşünmürəm ki, bu cür sözlər "Zenit"in xoşuna gəlsin.
- Piterdə kimə çətin olacaq: sizə, yoxsa meydan sahiblərinə?
- Hər iki tərəf üçün eyni dərəcədə çətin olacaq. Layiqli rəqibik. Demək olar ki, eyni gücdəyik. Belə oyunlarda çox şeyi bəxt və xırda amillər həll edir.
- Heç-heçə sizi qane edir?
- Mübahisə etməyəcəm, yaxşı nəticədi. Amma biz Piterə uğurlu nəticə qazanmaq üçün gedirik. Ən azı ona görə ki, "Rubin" çempiondu.
RÜSTƏM hazırladı