Qyan "Fənərbaxça"ya
ismarıc yolladı
"Fənərbaxça"nın transfer planlarında az qala əsas "hədəf" sayılan Asamoa Qyan İstanbula gedə biləcəyini bildirib. Cənubi Afrikada keçirilən DÇ-2010-da Qana yığmasının heyətində çox gözəl futbol nümayiş etdirəndən sonra "Renn"ə geri dönən 24 yaşlı oyunçu özünü komandasında əla hiss etdiyini deyib: "Burada işlərim pis getmir və indi hansısa kluba keçid barədə düşünmürəm. Lakin məni istəyən klublar "Renn" rəhbərliyi ilə danışıqlar apara bilərlər. Məsələn, "Fənərbaxça"nın adı çəkilir. Rəhbərliklə danışsınlar. Qərar verilərsə, transfer baş tuta bilər".
Sarı-lacivərd komanda qanalı futbolçu üçün "Renn"ə 16 milyon avro təklif edib. Mundialda Uruqvaya qarşı matçın əlavə vaxtının son dəqiqələrində rəqib qapısına penalti zərbəsini dəqiq vura bilməyib komandasını yarımfinala çıxmaq imkanından məhrum edən Qyan o oyundan sonrakı depressiyadan qurtulduğunu deyib: "İndinin özündə belə həmin matçı xatırlayanda ağır hisslər keçirirəm. Lakin həmin olayın məni daima təsiri altında saxlamasına imkan versəm karyeramı alt-üst edərəm. Gəncəm və həyat davam edir".