Növbədə kimdir?..
Kosovo presedenti daha çox Gürcüstan üçün təhlükə törədir
Fransanın "Fiqaro" qəzeti hesab edir ki, BMT-nin Haaqa Məhkəməsinin Kosovo haqqındakı qərarı Avropadakı status-kvoya, sərhədlərin toxunulmazlığı statusuna problem yarada bilər.
Bir çox müşahidəçilərin yekdil rəyi belədir: yeni situasiyada Kosovo qlobal separatizm aysberqinin suyun üzündə görünən hissəsinə bənzəyir, məhkəmənin qərarı başqa separatçıları da ruhlandıra bilər.
Almaniyanın "Die Welt" qəzeti isə məhkəmənin qərarından sonra sualı kəsəsinə qoyub: Növbədə kimdir?
"Azadlıq" radiosu xəbər verir ki, alman qəzeti separatizm problemi olan bölgələrin xəritələrini də dərc edib: Şimali Kipr, Dnestryanı, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya...
"Financial Times Deutschland" isə bir az da irəli gedərək İspaniyanın Kataloniya bölgəsini, Qrenlandiyanı, Çeçenistan (Rusiya) və Tibeti də (Çin) bu sırada yada salır.
Göründüyü kimi adı çəkilən ərazilər arasında Avropa Birliyinin üzvü də var, BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan iki dövlət də.
Xatırladaq ki, Haaqa Məhkəməsinin qərarına görə, hansısa bölgənin öz müstəqilliyini elan etməsi beynəlxalq konvensiyalara zidd deyil, çünki bunu qadağan edən konvensiya yoxdur.
Belə presedent yaranır ki, hansısa separatçı bölgə əvvəllər daxil olduğu ölkənin icazəsi olmadan belə bir addım ata bilər.
Kosovo məsələsinin kökü Bler doktrinasına gedib çıxır.
Bu doktrina Britaniyanın keçmiş baş naziri Blerlə bağlı olsa da, həmin sənədin hazırlanmasında keçmiş Amerika prezidentləri Corc Buş və Bil Klintonun da rolu olub. 1990-cu illərin sonunda meydana çıxan doktrinaya görə, beynəlxalq ictimaiyyət suveren dövlətə hərbi müdaxilə edə bilər. O dövlətlərə ki, onların əhalisinə yerli hökumətin fəaliyyəti, yaxud fəaliyyətsizliyi nəticəsində ziyan dəyib.
Amma təcrübədə bu doktrina hamıya münasibətdə yox, ayrı-ayrı seçmə hallarda tətbiq edilib. 1999-cu ildə NATO BMT TŞ-nin icazəsi olmadan Kosovoya müdaxilə etdi. Buna Serbiya qüvvələrinin minlərlə Kosovo albanını qətlə yetirməsi səbəb olmuşdu.
Bu məsələdə NATO o məntiqdən çıxış edirdi ki, Belqrad Kosovoya iddia etmək hüququnu mənəvi cəhətdən itirib.
Bundan sonra BMT TŞ qətnamə qəbul edərək Yuqoslaviyanın ərazi bütövlüyünü təsdiqləsə də, münaqişə bölgəsində beynəlxalq qüvvələrin yerləşdirilməsinə şərait yaratmışdı.
Bu, müvəqqəti hal kimi nəzərdə tutulmuşdu, amma 10 ildən sonra BMT-nin elçisi Kosovoya müstəqillik istədi.
Belə çıxdı ki, mənəvi haqqın itirilməsi əraziylə bağlı hüquqların da itirilməsinə gətirib çıxardı.
"Azadlıq" radiosunun əməkdaşı Ahto Lobyakas hesab edir ki, Kosovo ilə bağlı hay-küy yox olandan sonra ortada qalan bu olacaq.
Belə çıxır ki, separatçı bölgənin əvvəlki statusu, bölgənin əhali tərkibi - bütün bunlar ikinci dərəcəli şeylərdir.
Ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək haqda iki abstrakt prinsip arasında ziddiyyətin də buraya dəxli yoxdur.
Kosovo presedentinin ən zəif tərəfi odur ki, burada separatçı bölgənin arxasında duran qüvvələrin istəyi nəzərə alınır. Kosovonun müstəqilliyini Amerika və Avropa Birliyinin əksər ölkələri dəstəkləyir.
Bu mənada Kosovo presedenti ən çox Abxaziya və Cənubi Osetiya ilə bağlı olaraq Gürcüstana təhlükə yaradır. Çünki həmin separatçı bölgələri Rusiya və bir neçə başqa dövlət tanıyıb.
Amma Ahto Lobyakas onu da istisna etmir ki, Kosovo məsələsi bəlkə də qlobal miqyasda mənfi nəticələri olmadan ötüşdü.
Çünki Avropa Birliyinin aparıcı ölkələri Kosovonu həm də o niyyətlə tanıyıblar ki, sonradan həm Kosovonu, həm də Serbiyanı Avropa Birliyinə qəbul etsinlər.
Ola bilər ki, bu məsələ tez həllini tapsın və Kosovo presedenti başqa separatçılar üçün effektini itirmiş olsun.