Sarkozi təyyarədə çiməcək
Prezident yeni laynerində
vanna olmasını tələb edib
Fransa prezidenti Nikolya Sarkozinin şəxsi təyyarəsi bu ilin payızında hazır olacaq. 176 milyon avro dəyərində olan "A-330" layneri bütün ən zəruri şeylərlə təmin ediləcək: iclas üçün kiçik zal, kodlaşdırılmış rabitə əlaqələri (faks, telefon, internet), raket hücumundan müdafiə sistemi, kiçik ambulatoriya və prezident üçün kabinet.
İtaliyanın "La Rerubblica" qəzetinin xəbərinə görə, Sarkozi tələb edib ki, təyyarədə vanna da olsun. Prezidentə başa salmağa çalışıblar ki, çalxalanma zamanı su ətrafa sıçrayacaq, lakin Sarkozini yola gətirə bilməyiblər. Dövlət başçısı deyib ki, heç olmasa, oturaq vəziyyət üçün vanna qoyulsun.
Siqar çəkməyi sevən Sarkozinin ikinci tələbi təyyarədə tüstülətməklə bağlı olub. Bu səbəbdən də mühəndislər təyyarənin tüstüyə qarşı sistemini dəyişdirməli olublar.