
Seçkiyə rəsmi start veriləndən hamı əl-ayağa düşüb. Kimi dindirirsən, "başım qarışıqdı" deyib, namizədliyini verəcəyini, bütün iş-gücünü atıb ancaq bununla məşğul olduğunu bildirir. Parlamentin gəlhagəlidir ki, day denən...
Başlandı. Seçki kampaniyasını deyirəm, namizədlərin irəli sürülməsinə start verilib. 125 yer uğrunda gör neçə min nəfər mübarizə aparacaq. Təbii ki, seçilənlər seçkinin demokratikliyindən dəm vuracaqlar, qıraqda qalanlarsa şəffaf keçmədiyini bəyan edəcəklər. Bundan əvvəlsə namizədlərin seçiciləri ələ almaq prosesi başlayır.
Namizədlər adəti üzrə seçicilərlə görüşlər keçirib, yağlı vədlərlə onların başını qatacaqlar. Ay bağ belə gəldi, bostan belə getdi, seçiləcəyi təqdirdə bütün seçicilərinin hər dərdinə dərman tapacağını, onlarla bir sevinib, bir kədərlənəcəyini deyəcək. Kəsəsi, köhnə bayatılar səslənəcək, əvvəlki ssenarilər işə düşəcək.
Xəsislik eləməyərək, qol çırmayıb küçələrə asfalt çəkdirənlər də olacaq, seçicilərinə yağ, düyü, vermişel-makaron, un... paylayan da. Amma elə ki, namizəd deputat olur, ondan sonra seçicilər heç yada da düşməyəcək. Milli Məclisin binasına arxa qapıdan girib-arxa qapıdan çıxacaqlar ki, birdən hansısa seçicinin yaralı barmağına yod çəkmək lazım olar. Seçici ancaq və ancaq təbliğat-təşviqat kampaniyası dövründə lazımdır, mandatı alıb cibinə qoyandan sonra deputatın ondan nə asılacağı olasıdır ki...
Parlamentə maraq ildən-ilə artır. Seçici görür ki, ayə, dünənəcən məhlədə onlarla domino oynayan, nərd atanın biri gəlib olur deputat və bununla da ağ günə çıxır, "mən kimdən balacayam?" deyib, namizədliyini irəli sürür.
Dünən işə gələndə avtobusda pul yığan sürücüyə "zakon" xırdalayırdı. Konduktor o qədər danışdı ki, sürücü yazıq axırda "ə, bir səsini kəssənə, zalım oğlu elə bil deputatdı". Sürücü "deputat" sözünü demişdi ki, konduktorun dərdi təzələndi: "Deputat olanların hansı biri məndən artıqdı ki. Allaha and olsun, onların çoxundan yaxşı deputat olaram".
Bu dəfə sürücü onu "prikol"a tutdu:
- Gəlsənə, elə Bayıldan (Səbail rayonunu demək istəyirdi, yəqin ki) namizədliyini verəsən? Elə kampaniyanı da avtobusda apararsan. Allaha şükür, bu ərazinin camaatı səni yaxşı tanıyır, seçicilərinlə də avtobusda görüşərsən.
Deyəsən, sürücünün bu "təklifi" konduktorun ağlına batdı. Və o susan susub, gözünü bir nöqtəyə zillədi, eynən parlamentin dinib-danışmayan deputatları kimi. Bəlkə də adam artıq özünü deputat kimi görürdü...