Bliks İranla bağlı İraq müharibəsindən dərs almağa çağırır
11:30 28-07-10
BMT-nin İraqda nüvə silahının olduğuna sübutlar tapa bilməyən təftişçi qrupunun keçmiş rəhbəri Hans Bliks ABŞ-ın İraqa müdaxilə üçün arqumentlərini "cəfəngiyyat" adlandırıb.
Cənab Bliks İraqda müharibənin başlama şəraitinə dair istintaq aparan və Londonda işini davam etdirən Çilkot müstəqil komissiyası qarşısında çıxış edib.
O, 2003-cü ildə müharibənin başlanmasına qədər İraqın sahib oldugu silahlar barədə suallara cavab verib. Cənab Bliks bildirib ki, ABŞ-da İraqa müdaxilə üçün kifayət qədər və əsaslı dəlillər olmayıb.
BMT-nin keçmiş inspektoru deyib ki, onun rəhbərlik etdiyi ekspertlər qrupu İraqda kütləvi qırğın silahlarının olmasına dair heç bir dəlil tapmayıb.
BBC-nin Newshour proqramına müsahibəsində cənab Bliks Britaniyanın İraqla müharibəyə sürükləndiyini söyləyib.
"Öyrənilməli dərs budur ki, Britaniya iştirak etməli olmadığı müharibəyə sürükləndi, müharibəyə leqal olaraq haqq qazandırmaq mümkün deyildi və Birləşmiş Krallıq BMT nizamnaməsindəki məhdudiyyətlərə ABŞ-dan daha çox hörmət bəsləyir".
O, həmçinin deyib ki, Qərbin İranın nüvə proqramına qarşı çıxmasına baxmayaraq, İraq müharibəsindən öyrənilən dərslər Britaniyanı İrana qarşı hərbi əməliyyatlardan çəkindirəcək.
"Bunu qabaqcadan demək çətindir. Amerikada İrana qarşı hərbi əməliyyatlara dair çox ciddi çağırışlar var. Mən belə bir əməliyyatın leqal olacağını düşünmürəm. İran ağır və kobud sözlər işlətsə də, hələlik təcavüzə başlamayıb" - deyib cənab Bliks.
O, hesab edir ki, Təhlükəsizlik Şurası İrana qarşı hər hansı silahlı əməliyyata dair qərar qəbul etməyəcək. "Düşünürəm ki, belə əməliyyat müdrik hərəkət olmazdı" -deyə keçmiş BMT inspektoru əlavə edib.
"Ona görə də, bunun leqal olub olmayacağına qərar vermək lazımdır. Əgər Britaniya desə ki. İrana qarşı silahlı müdaxilə yolveriləndir, onda mən çox təəccüblənərəm" - deyib cənab Bliks.
EKSPRESS.AZ