Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqləndi
12:54 28-07-10
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanla "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" təsdiq edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasını həyata keçirməli və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinə hesabat verməlidir. Komitə daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini də təmin etməlidir.
Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri nəzərə alınmaqla daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin maliyyələşdirilməsi məsələlərini həll etsin. Hökumət üç ay müddətində "Daşınmaz əmlakın vahid dövlət kadastrı haqqında" Azərbaycan Respublikasının Qanun layihəsini, eləcə də qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.
EKSPRESS.AZ