Ermənistanda tolerantlıq hissi baş qaldırır?
14:15 28-07-10
Ermənistanın daha bir arzusu ürəyində qalıb. Ermənilərin Kosovo ilə Qarabağ münaqişələrini eyniləşdirmək cəhdləri boşa çıxıb. Xatırladaq ki, Haaqa Beynəlxalq Məhkəməsinin Kosovonun müstəqilliyini qanuni sayması ilə bağlı qərarından sonra ermənilər yenidən Dağlıq Qarabağ üçün presedent olacağı ilə bağlı bəyanatlar verməyə başlamışdılar. Amma beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin Dağlıq Qarabağ və Kosovo probleminin fərqli məsələr olması ilə bağlı açıqlamalarından sonra onlar yenidən geri çəkilməyə başladılar.
Bu arada məlum olub ki, Erməni Milli Konqresi mitinqləri yenidən bərpa etmək niyyətindədir. Bu məsələ Konqresin sabah Levon Ter-Petrosyanın sədrliyi ilə keçiriləcək toplantısında diqqət mərkəzində olacaq. Artıq Konqres avqustun 1-nə ilk mitinqini təyin edib. Bu aksiya təşkilatın iki illik ad gününə həsr olunub.
Aksiyada ölkədəki daxili proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hökumətin siyasətinə etirazların səsləncəyi gözlənilir. Qeyd edək ki, Erməni Milli Konqresi respublika rəhbərliyinin münaqişənin həlli ilə bağlı siyasətinə qarşı gedən qüvvələrin başında dayanır. Hələ 10 gün əvvəl təşkilatın lideri Levon Ter-Petrosyan "Erməni Ümummilli Hərəkatı"nın 16-cı qurultayında çıxışı zamanı ölkənin bütün bəlalarının kökündə Dağlıq Qarabağ probleminin dayandığını bəyan edib. Erməni müxalifətinin liderinə görə, münaqişənin hələ də davam etməsi hərbi əməliyyatların yenidən başlanması ehtimalını artırır. O, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin də Dağlıq Qarabağ münaqişəsindən ayırmır və qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistan-Türkiyə münasibətlərində hər hansı irəliləyiş gözləməyə dəyməz.
Bəzi ekspertlər də Ermənistanda Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ictimai rəyin dəyişdiyini bildirirlər. Britaniya təşkilatlarından birinin keçirdiyi sosioloji sorğuda iştirak edən respondentlərin 54 faizi Qarabağda status-kvonun dəyişməsinin, 17 faiz isə müstəqillik və ya Dağlıq Qarabağın Ermənistana birləşməsinin tərəfdarı olduğunu bəyan edib. Bütün bunların səbəbi isə ölkədəki iqtisadi böhran, əhalinin xaricdən gələn vəsaitdən asılı olmasıdır.
Xatırladaq ki, hazırda Ermənistanda xaricdən transferlər ümumi daxili məhsulun 12-13 faizini təşkil edir. Yerli ekspertlərin məlumatına görə, ötən il iqtisadi böhran səbəbindən xaricdən köçürmələr azalıb ki, bu da Ermənistanın 600-700 min sakinini əhatə edib. Bu ölkənin İqtisadi İnkişaf və Tədqiqatlar Mərkəzinin direktoru Qagik Torosyan bildirib ki, Ermənistana pul köçürmələrinin arası kəsilsə, bu ölkədə yoxsulluq 23,5 faizdən 31,3 faizə qalxa bilər.
İki həftə əvvəl İrəvanda olmuş Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev də Ermənistanda tikinti və mədəniyyət sektorunda müəyyən irəliləyişlər müşahidə olunduğunu desə də, ümumilikdə ölkədə demoqrafik, sosial-iqtisadi vəziyyətin ağır olduğunu bildirib: "Ermənistanı çox insan tərk edib, lakin xaricdə yaşayanlar ölkədə qalanlara çox köməklik göstərir. Elə bir ailə yoxdur ki, xaricdən vəsait almasın".
Ermənistanın məşğulluq xidməti bu il işsizlərin sayının 10 min artaraq 85 minə çatdığını bəyan edib. Bu hələ rəsmi məlumatdır. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin 300 min olduğu bildirilir. Bu isə Ermənistan əhalisinin 30 faizə yaxını deməkdir.
Yalnız onu demək kifayətdir ki, dövlət büdcəsi cəmi 1,8 milyard dollar olan Ermənistanın xarici borcu 2 milyard 980 milyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 3,5 milyard dollar olacağı proqnozlaşdırılır.
Amma acından ölməmək üçün başqalarının əlinə baxmalarına rəğmən Qarabağdan da bərk- bərk yapışmaları bu ölkədə qısamüddətli səfərdə olmuş həmkarlarımızın diqqətindən yayınmayıb.
Arif Əliyev bildirib ki, ermənilərdə artıq belə anlayış kök tapıb ki, Qarabağ müharibə yolu ilə alınıb: "Lakin ölkədə bu məsələ ilə bağlı fikir ayrılığı da var. Bununla yanaşı ölkədə tolerantlıq hissi də baş qaldırır, yəni azərbaycanlılarla ermənilərin birgə yaşaması haqda da düşünənlər var".
EKSPRESS.AZ