
Göyçayda indi hamının mobil telefonunu rayon məscidinin axundu Əsgər Babayevin görüntüləri bəzəyir. O görüntülər ki, Babayev ibadət evində eşqbazlıq edir, azyaşlı qızla sevişir. Baz axund buna deyərlər ey...
Qafqaz Müsəlmanları İdarəsi mollaları attestasiyadan keçirməyi fikirləşir. İmtahandan alnıaçıq, üzüağ keçən mollalara vəsiqə veriləcək və sənəddə hansı vəzifə daşıdığı qeyd olunacaq. Onları gözləyən imtahanı müsbət dəyərləndirən mollalarla yanaşı buna pis baxanlar da var, özü də ikincilər birincilərdən qat-qat çoxdurlar. Belələri toyun gözəlliyinin xanəndə, yasın yaraşığının molla olduğunu deyərək, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin bu addımını bəyənmirlər.
Düzdür, QMİ-nin əvvəllər də belə ideyaları olub, amma səslənməyi ilə tarixin arxivinə gömülməyi bir olub. Görünür, elə həmin vaxtlar da attestasiyadan keçmək istəməyən mollaların etirazlarına görə bu cür təkliflər heç müzakirə olunmayıb. Amma deyəsən, bu dəfə Şeyxülislam ciddidir, irəli sürdüyü təklifin də arxasınca gedəcək.
Görəsən, mollalar hansı kriteriyalarla attestasiyadan keçəcəklər? Onlara onların eşqbazlığı ilə bağlı hansısa sual veriləcəkmi? Bu sual Göyçay məscidinin axundu Əsgər Babayevin ibadət evində eşbazlıq etməsindən sonra daha aktual olub. Bilirəm, deyəcəksiniz ki, məsciddə də eşqbazlıq olar? Vallah, Göyçaydan gələnlər deyirlər ki, olar. Özü də bunu mobil telefonlarına çəkilmiş video-çarxla sübut etməyə hazırdırlar.
Göyçay camaatı yaxşı rejissor axtarır ki, axundun azyaşlı qızla məsciddə sevişməsindən tutarlı bir serial çəksin. Ssenarisi də təxmini hazırdı; axund qızla tanış olan zaman ona namaz qılmağı və Qurani-Kərimi oxumağı öyrədəcəyini deyir. Hətta qızı biriylə nişanlayır, üstəlik özünə siğə də edir. Sonra qızı məscidə dəvət edir və...
Axundun eşbazlıq səhnəsi bütün Göyçay əhlinin mobil telefonlarını bəzəyəndən sonra Qafqaz Müsəlmanları İdarəsi bu məsələni araşdırıb. Və məsciddə nalayiq hərəkətlərə yol verən Əsgər Babayev adlı şəxsin heç də Göyçay rayon məscidinin axundu olmadığını bildirib. Demə, bu adamın ürəyindən əvvəllər icma sədri olmaq keçib, di gəl onun bununla bağlı sənədlərini müəyyən səbəblər üzündən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qeyri-məqbul sayıb və sənədlər gəldiyi kimi də geri qaytarılıb. Bundan sonra "axundluq da pis deyil" deyən Babayev axundluğa iddialı olub. Amma QMİ-də attestasiyadan keçə bilmədiyindən arzusu ürəyində qalıb. Bununla belə, axund adından istifadə edərək, məsciddə günah hərəkəti edib.
Bir müddət əvvəl Masallıda da buna bənzər hadisə baş vermişdi. Onda da QMİ-nin araşdırmalarından sonra həmin adamın məscidin axundu olmadığı bəlli olmuşdu.
Maraqlıdır, od olmayan yerdən niyə tüstü çıxsın, axı?!