
Müsavat qaş düzəltdiyi yerdə vurub gözü də çıxardı. İstəyirdi ki, DUİ ilə də, AXCP ilə də əməkdaşlıq edib, sonra AXCP və KXCP-nin münasibətlərini normallaşdırsın, bu da axırı. Müsavat-AXCP əməkdaşlığı ortaya atılandan, KXCP-AXCP arasında atəşkəs pozulub...
Allahın verən günü AXCP və KXCP-nin başbilənləri bir-biri haqqında day nə qalmır ki, deməsinlər. İndi nəyi bölə bilmirlər, baş açammıram. Bir gün AXCP rəhbərliyi KXCP-dəkilər haqqında nəsə deyirlər, ertəsi gün qarşı tərəfdən cavab gəlir. Daha sonra yenə söz demək növbəsi AXCP-yə çatır və beləcə, uzun müddətdir ki, bu iki partiya arasında söz davası qızışmaqdadır.
Mən Nurəddin Məmmədlinin sakit, bir siyasətçinin toyuğuna "kiş" deməyən siyasətçi kimi tanıyırdım, amma elə bil ki, "insanın yerə baxanı, suyun lal axanı" məsəli onun haqqında deyilib. Son beş-on gündür, N.Məmmədlinin açıqlamaları, açıqlamalarının böyründə şəkli qəzetlərdən düşmür. Adam elə bil qarşısına KXCP rəhbərliyini nədəsə ittiham etmək öhdəliyi götürüb. Öz aramızdır, heç qarşı tərəfdəkilər də az aşın duzu deyillər, N.Məmmədli birini söyləyir, onlar beşini deyirlər. Beləcə artıq tərəflər ortada olan münasibətləri də aradan qaldırırlar. İndi AXCP ilə KXCP arasındakı körpülər demək olar ki, çırthaçırtla yanmaq üzrədir. Vay o günə ki, bunun söndürülməsi bir balaca ləngiyə...
O gün N.Məmmədli "heç kim sübut edə bilməz ki, hansı qrup daha çox Rəsulzadə-Elçibəy yolundadır" deyərək, yeni birlikdə görmək istədikləriylə yanaşı qəbul etmədiklərinin də adlarını açıqlayıb. Elə bil KXCP-yə də bu fikir lazımıymış ki, "Nurəddin Məmmədlinin açıqlaması AXCP-nin Rəsulzadə-Elçibəy yolundan imtinası kimi dəyərləndirilməlidir" tipli yekə bir müraciət yaysın. Yaydı da, müraciətin mürəkkəbi qurumamış Məmmədli top-tüfəngini hazırlayıb, KXCP-yə növbəti hücuma keçdi, nə keçdi.
Dediklərinin üstündə duran AXCP sədrinin müavini qarşı tərəfin bostanını əməlli-başlı daşlayıb. "Terror yolunu seçib, bəzi ölkələrin Ayətullahları kimi kimisə öldürməyi siyasi fəaliyyətində aparıcı istiqamət kimi qəbul eləyən, hətta o məsuliyyəti üzərinə götürən siyasət adamı"nın onun haqqında nə danışdıqlarına fikir verməyən Nurəddin bəy hesab edir ki, "Qorbaçovu öldürəcəyəm" deyən bir adamın liberal dəyərlər, millətçilik, ümumiyyətlə, siyasət haqqında danışmağa mənəvi haqqı yoxdur. Oxu atıb, yayı gizlətməyin yeri yoxdur, ay Nurəddin bəy, atmacalarınızın onsuz da Mirmahmud Mirəlioğluna yönəldiyi bəllidir. Bəllidirsə, onda N.Məmmədli konkretliyə varır: "Mirmahmud Mirəlioğlu belə deməklə özünü Azərbaycan xalqına sevdirmək, Ayətullah funksiyasını daşımaq istəyir".
Üstəlik o, hüquq mühafizə orqanlarının yadına salır ki, bəs KXCP sədrinin Qorbaçovla bağlı dediklərini terrora çağırışdır və bununla bağlı Cinayət Məcəlləsində konkret maddə də var. Hələ bu harasıdır, siz onun hüquq mühafizə orqanlarını qıcıqlandırmağına fikir verin: "Bu gün Mirmahmud Mirəlioğlu Əli Kərimli və ətrafını söyməsəydi, onun haqqında cinayət işi qaldırılardı".
Nəsə, belə görürəm, AXCP ilə KXCP-nin ulduzları heç vaxt barışmayacaq...