
Son zamanlar bu qədər içdən ehtiyac duyduğum bir şey yazmamışdım. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu haqda axır günlər mətbuatda AXCP yetkililərinin işlətdiyi aşağılayıcı sözlər bu reaksiyaya vadar etdi.
Yalandan, gerçəkdən Azərbaycan siyasəti deyilən bir "qazan" var. Bu qazanda iqtidarçı, iqtidaryönümlü, müxalifətçi, müxalifətyönümlü, psevdomüxalifətçi, sağçı, solçu, dinçi və s. partiyalar və ya siyasətçilər var. Bloklar qurulur, konqreslər dağılır, ittifaqlar yaradılır, alyanslar bərbad olur... Beləcə, bizdə də siyasət yürüyür. Ortada ciddi nəticə olmasa da, siyasətçilər "prosesin özünü maraqlı edirlər" ki, bu da avropalı müşahidəçilərin hər seçkidə "demokratiyaya doğru daha bir addım atıldı" deməsinə şans verir.
Bu gün siyasət qazanımızda bişən parlament seçkiləridir. Müsavat Partiyası "nə əldən qoyur, nə yardan doyur". Bir-biri ilə reaksiyaya girməyən iki "maddə" - AXCP və KXCP ilə seçkiyə birgə etmək istəyir. Bu formatı qəbul etməyən AXCP isə elə şərait yaratmaq istəyir ki, Müsavatın niyyətini mümkünsüz etsin. Elə AXCP-yə yaxın mediada son günlər KXCP sədri Mirmahmud Mirəlioğlunun ünvanına səsləndirilən aşağılayıcı sözlər də buna xidmət edir. Məqsəd aydındır, siyasi mövqelərə deyil, şəxsi hisslərə toxunmaqla bir yerdə olma imkanını heçə endirmək. Təbliğatsa bu piar üstündə qurulub, KXCP gücsüz təşkilatdır, iqtidara loyaldır: Mirmahmud Mirəlioğlu qeyri-ciddi siyasətçidir. Bütün bunlara görə, Müsavata təklif olunur ki, Mirəlioğlu ilə əməkdaşlıqda israr etməsin.
KXCP doğrudanmı gücsüz təşkilatdır? Bütün rayonlarda şöbələri var. Paytaxtda hökumətin verdiyi deyil, özünə məxsus qərargahı var. Bir çox "ciddi partiyalar"dan fərqli olaraq vaxtlı-vaxtında Ali Məclisinin iclaslarını və qurultaylarını keçirir.
KXCP doğrudanmı iqtidara loyal partiyadır? KXCP sədri çağdaş tariximizdə deputat mandatından imtina edən ilk siyasətçidir. O, mandatını atanda indi radikal müxalifət adlandırılanlar parlamentin müxalifət skamyalarını doldururdular.
Və ya son vaxtlara aid bir örnək. KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli Tiflisdə büst önünə əklil qoyduğuna görə partiyadakı görəvini itirdi, prinsipial müxalifət hesab olunan Müsavatın Məclis üzvü Tapdıq Abbas isə Bakıda mərhum dövlət başçısının qəbrinə baş əydiyinə görə yalnız töhmət aldı.
Mirəlioğlu doğrudanmı qeyri-ciddi siyasətçidir? Mən onu hər zaman ciddi görkəmdə görmüşəm. Prinsiplərində ardıcıllığını qoruyub, təmkini, ağayanalığını itirməyib. Zahirən də ciddiyyətinə hər zaman sadiq qalıb. Seçkidən-seçkiyə mövsümi libaslar dəyişməyib, elə klassik kostyumunda, qalstukunda olub...