
Müxalifətin işi Allaha qalıb. Mitinqə çıxmaq istəyirlər, paytaxt rəhbərliyi normal yer vermir, qurultay keçirmək istəyirlər, meriya yer məsələsinin onlara aid olmadığını deyib boyun qaçırır. Di gəl, ay müxalifət belə şəraitdə fəaliyyət göstər görüm, bacaracaqsanmı?!...
Normal yer ayrılsaydı, bu gün cəbhəçilər partiyanın növbəti qurultayını keçirəcəkdilər. Adəti üzrə AXCP sədri Əli Kərimli geniş çıxış edib, partiyanın ötən qurultaydan keçən dövrdəki fəaliyyətinə qiymət verəcəkdi, seçki ili olduğu üçün seçkilərdən danışacaqdı, Müsavat-AXCP birliyini önə çəkəcəkdi, iqtidarı ağ yuyub qara sərəcəkdi, axırda da yenə partiyanın sədri olub, dağılışacaqdılar. Təbii ki, Kərimlinin çıxışı AXCP üzvlərinin sürəkli alqışlarıyla kəsiləcəkdi də. Amma hanı? Bunlar o vaxt olacaqdı ki, Bakı Şəhər İcra Hakimiyyəti partiyanın qurultay keçirmək üçün yer istəməsinə müsbət cavab verəydi. Yoxsa ki, "zallar, mədəniyyət sarayları bizlik deyil" deməklə cəbhəçiləri o dağ sənin, bu dərə mənim salıb saray axtarışına vadar etməzdi.
Elə bil AXCP də meriyanın bu cavabına bəndiymiş kimi, əlüstü qurultayın vaxtını dəyişdi. Adam bir mədəniyyət saraylarına baş çəkər, vəziyyəti öyrənər, ondan sonra qərar verər.
AXCP-nin qurultayı təxirə salmaq xəbəri çıxan kimi Nizami Rayon İcra Hakimiyyətindən zəng vurub qurultay üçün "Təbriz" kinoteatrını təklif ediblər. İndi də cəbhəçilər naz edib, "Təbriz"ə getmək istəmirlər. Yaxşı da bəhanələri var; bu kinoteatrda kondisioner sistemi olmadığından, orda qurultay keçirmək olmaz. Deyən gərək, adam yer istəyəndə bir maraqlanmaz ki, oranın kondisioneri var, ya yoxdu? Bəlkə meriya elə sizin müraciətinizə cavab verəndə "Təbriz" kinoteatrını təklif edəydi, onda nolacaqdı?! Qurultay iştirakçılarını zala yığıb, istidən nəfəslərini kəsəcəkdiniz, yoxsa, onda da qurultayı təxirə salacaqdınız?! Yüz ölçülüb, bir biçilən işin nəticəsi də yaxşı olur. İndi də başlayıblar ki, bağ belə, bostan belə, iqtidar yer ayırmadı, ay daha nə bilim nə...
İndi AXCP rəhbərliyi boş dayanmır, qurultay üçün yer axtarışını davam etdirir. Tapsa, tezliklə ali tədbir olacaq, tapmasa, havaların soyumasını gözləyib, "Təbriz"in kondisionersiz zalına möhtac olacaq. Necə deyərlər, "ay çirkinim otur burda, gedirəm özümə gözəl axtarmağa, tapsam heç, tapmasam yenə də gözəlimsən ki, gözəlim".
Deyirəm, bu dəfə də "Təbriz" kinoteatrının rəhbərliyinin tərs damarı tuta, AXCP-yə qurultay üçün yer verməyə. Onda Cəbhə ali tədbirini seçkidən sonra keçirməli olacaq, elə həmin qurultayda da Müsavatla birlik məsələsi həllini tapar. Əlavə xərc-xəsarətə də ehtiyac olmaz...